Xərclər artır, qiymət bahalaşır

05.05.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qlobal geosiyasi gərginlik fonunda kənd təsərrüfatı sektoru da yeni risklərlə üz-üzə qalıb.

İranda baş verən hərbi qarşıdurmanın kimyəvi gübrə bazarında yaratdığı qiymət dalğalanmaları, eləcə də Azərbaycanın süd və qaymaq idxalında həm həcm, həm də xərclər üzrə qeydə alınan kəskin artım daxili ərzaq bazarında bahalaşma ehtimallarını gündəmə gətirib.

Xarici bazarlardakı qiymət dalğalanmaları birbaşa Azərbaycan bazarında kənd təsərrüfatı məhsullarının qiymətinə necə təsir edəcək?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, gübrə qiymətlərinin artması kənd təsərrüfatı məhsullarının istehsal xərclərini yüksəldəcək.O qeyd edib ki, amma qiymət artımında yalnız bu amil roloynamır:

“Təkcə gübrə deyil, dərman preparatlarının da qiyməti bahalaşıb. Bunların hamısı neft-kimya sənayesinin məhsullarıdır və qiymət artımı birbaşa istehsal maya dəyərinə təsir edir.

Amma qiymət artımında yalnız bu faktor rol oynamır. Məsələn, ötən ilin sonunda dizel yanacağı və benzinin qiyməti artırıldı. Bu isə kənd təsərrüfatı məhsullarının həm yetişdirilmə, həm də daşınma xərclərini yüksəldir.

Kənd təsərrüfatı məhsullarının maya dəyərində enerji xərcləri mühüm yer tutur. Xüsusilə daşınma çox önəmlidir. Məsələn, kartofun məsafədən asılı olaraq daşınmasına 300-500 manat xərc çəkilir və bu da məhsulun maya dəyərinə təsir edir. Nəqliyyat vasitəsi həm gediş, həm də dönüş xərclərini nəzərə alır.

Misal üçün, Gədəbəydən, Tovuzdan və ya Qusardan məhsulu Bakıya gətirib, sonra boş qayıdırsa, iki istiqamətin xərcini hesablayır. Yəni yanacaq qiymətlərinin artması daşınma xərclərini də artıraraq bazar qiymətlərinə təsir göstərir”.

Onun sözlərinə görə, inflyasiya və istehsal xərclərinin artması fermerlərin gəlir gözləntilərinə birbaşa təsir göstərir:

“Bundan başqa, burada inflyasiya amili də var. Fermer əvvəlki səviyyədə gəlir əldə etmək istəyir. Onsuz da inflyasiya onun qazancını azaldıb. Buna görə də nominal olaraq daha çox qazanmağa çalışır.

Pomidor və xiyarın ucuzlaşacağı ilə bağlı statistika və ya təhlillərə isə şübhə ilə yanaşıram. Pomidor və xiyar o halda ucuzlaşa bilər ki, məhsuldarlıq çox yüksək olsun və ya ixracda problem yaransın, ixrac edilməyən məhsulu gətirib daxili bazara töksünlər. 

Məsələn, pomidor ixrac edilə bilməsə, daxili bazarda bolluq yarana və qiymət enə bilər. Pomidor və xiyarda kütləvi inqilab olmayıb ki, ucuzlaşsın”.

Ekspert əlavə edib ki, pomidor və xiyar qiymətlərində müşahidə olunan enmələr əsasən mövsümi xarakter daşıyır:

“Əslində pomidor və xiyarın ucuzlaşması daha çox mövsümi faktorla bağlıdır. Mövsüm gəldikcə həmin məhsulların qiymətində müəyyən enmə müşahidə olunur.

Bu, normal bazar qanunauyğunluğudur. Amma müqayisəli şəkildə baxsaq, pomidor və xiyarın ciddi ucuzlaşacağı gözlənilmir. Mənim belə bir gözləntim yoxdur.

Hesab edirəm ki, ümumi ərzaq məhsullarının qiymətləri artacaq. Konkret məhsullara gəldikdə isə burada məhsuldarlıq, satışın təşkili və digər amillər mühüm rol oynayır.

Məsələn, bir sahədən 10 sentner yox, 20 sentner məhsul götürülərsə, bu zaman xərclər nisbətən azalır və qiymətlərə təsir göstərə bilər. Yəni məhsuldarlıq artarsa, müəyyən məhsullarda qiymət dəyişiklikləri mümkündür”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: kənd təsərrüfatı Xalid Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью