Xəstəxanalar təmirə bağlanır: Xəstələrin aqibəti necə olacaq?

11.11.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təmirə bağlanması və fəaliyyətinin başqa ünvana köçürülməsi səhiyyə sistemində xəstəxanaların əlçatanlığı və tibbi xidmətlərin təşkili ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

İnstitutun müvəqqəti olaraq Mərdəkan və ya Saray qəsəbəsində yerləşdirilməsi nəzərdə tutulur. Bu isə həm xəstələrin yeni ünvana gedib-gəlməsi, həm də həmin ərazilərdə mövcud tibbi infrastrukturun əlavə pasiyent yükünü qarşılamaq imkanları baxımından bir sıra suallar yaradır. Ümumiyyətlə, ölkədə, xüsusilə regionlarda ixtisaslaşmış tibbi xidmət çatışmazlığı səbəbindən minlərlə vətəndaş müayinə və müalicə üçün Bakıya üz tutur.

Paytaxt xəstəxanalarında onsuz da müşahidə olunan sıxlıq fonunda mövcud tibb müəssisələrinin təmirə bağlanması və başqa ünvanlara köçürülməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Digər tərəfdən, Sarayda modul tipli vərəm dispanserinin, Mərdəkanda isə 9 saylı Ağciyər və Vərəm Dispanserinin fəaliyyət göstərməsi seçiləcək ünvanın nə dərəcədə uyğun olması məsələsini də aktuallaşdırır. Xəstəxanalarda pasiyent sıxlığının azaldılması, tibbi xidmətlərin əlçatanlığının artırılması və yeni tibb müəssisələrinin yaradılması gözlənildiyi halda, mövcud xəstəxanaların təmirə bağlanması və fəaliyyətlərinin başqa ünvanlara köçürülməsi müəyyən suallar doğurur. Xəstəxanalarda sıxlığın azaldılması üçün yeni müəssisələrin açılması və mövcud imkanların genişləndirilməsi əvəzinə, fəaliyyət göstərən xəstəxanalar niyə bağlanır? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, səhiyyə müəssisələrinin bağlanması, yenidən təşkili və təmir adı altında fəaliyyətinin dayandırılması məsələlərinə yanaşarkən, ilk növbədə, əhalinin sağlamlıq hüquqları, tibbi xidmətlərin əlçatanlığı və dövlətə məxsus səhiyyə infrastrukturunun qorunması əsas götürülməlidir:

“Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu döş qəfəsi orqanlarının cərrahi müalicəsi, xüsusilə də ağciyər vərəmi ilə məşğul olan aparıcı elmi-tədqiqat müəssisəsidir. Düzdür, hazırda Bakının ayrı-ayrı rayonlarında sovet dövründən fəaliyyət göstərən və bu gün də işini davam etdirən vərəm dispanserləri mövcuddur. Lakin Ağciyər İnstitutu da öz sahəsində ixtisaslaşmış və aparıcı müəssisədir. Əgər bu müəssisənin bağlanması deyil, maddi-texniki bazasının gücləndirilməsi, müasir standartlara uyğun təmir olunması və fəaliyyətinin daha da təkmilləşdirilməsi nəzərdə tutulursa, bunu alqışlamaq olar.

Amma əgər müəssisənin bağlanmasının arxasında xəstələrin və səhiyyənin maraqları deyil, korporativ maraqlar dayanırsa və bu proses təmir adı altında həyata keçirilirsə, bu, artıq ciddi narahatlıq doğurur. Hər halda, məsələnin əsl mahiyyəti yaxın vaxtlarda bəlli olacaq”. Professor qeyd edib ki, əvvəllər də bu kimi vəziyyət olub:

“Xəstəxanalar təmir adı ilə fəaliyyətini dayandırır, lakin sonradan bir daha əvvəlki fəaliyyətini bərpa etmir. Həmin xəstəxanaların yerində başqa binalar tikilir, əraziləri mənimsənilir. Bu cür halların çox şahidi olmuşuq. Akademik M.A.Topçubaşov adına Cərrahiyyə İnstitutunun timsalında da belə bir prosesin şahidi olduq. İnstitutun kollektivi darmadağın edildi, bina tikildi və satıldı. Həmin dövrdə Səhiyyə Nazirliyinin rəhbərliyinin də bu prosesdə birbaşa iştirakı ilə bağlı məsələlər ictimaiyyətə məlumdur.

Bütün bunları nəzərə alaraq hesab edirəm ki, dövlət bu məsələlərə müdaxilə etməli və ciddi nəzarət həyata keçirməlidir. Ağciyər Xəstəlikləri İnstitutunun taleyi ilə bağlı qərarların hansı məqsədlərə xidmət etdiyi araşdırılmalı, təmir və yenidənqurma adı altında hər hansı başqa maraqların həyata keçirilməsinə imkan verilməməlidir. Əsas diqqət xəstələrin maraqlarının, tibb müəssisəsinin fəaliyyətinin və dövlətə məxsus əmlakın qorunmasına yönəldilməlidir”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: Xəstəxanalar Adil Qeybulla

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью