Xətai barədə kitaba görə Kürdoğlu adlandırılan naşirdən CAVAB

22.04.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Facebook" sosial şəbəkəsində “Azərbaycan coğrafiyası” adlı səhifədə tanınmış naşir Şahbaz Xuduoğlu ilə bağlı mübahisəli iddiaların yer aldığı paylaşım edilib.

Paylaşımda iddia olunur ki, naşir Azərbaycan əleyhinə yazılmış materialları kitab halına salaraq nəşr etdirir və bununla gələcək nəsillər üçün təhlükəli məzmunların yayılmasına şərait yaradır.

Bildirilir ki, Şahbaz Xuduoğlu "Sasani casusu" Məniçöhr Cavanşırın ( Güntay Gəncalp ) Azərbaycan Səfəvilər dövləti və Şah İsmayıl Xətai haqqında yazdığı şər və böhtanları kitab halına salıb və "Səfəvilər" adlı kitab kimi "Qanun" nəşriyyatında çap etdirib. 

Paylaşımda bu addım sərt tənqid olunaraq “bir millətə qarşı böyük düşmənçilik” kimi qiymətləndirilib, Ş.Xuduoğlu isə "Kürdoğlu" adlandırılıb.

Məsələ ilə bağlı "Cebheinfo.az"a açıqlamasında Şahbaz Xuduoğlu bildirib ki, "Qanun" Nəşriyyatı “İsmayıl” romanını da, ayrıca “Şah və Sultan” əsərini də nəşr edib. Onun sözlərinə görə, Güntay Gəncalpın kitabı isə lap əvvəldən təxminən 15 il əvvəl çap olunub:

"Həmin vaxt da bununla bağlı müxtəlif fikirlər səsləndirilib, yazılar dərc edilib. Yəni kimin bu barədə fərqli mövqeyi varsa, biz onları da nəşr edə bilərik. Bu, bizim mövqeyimiz deyil, nəşriyyatın mövqeyi deyil, bu, müəllifin mövqeyidir.
Azərbaycanda senzura yoxdur. Biz Güntaya deyə bilmərik ki, bunu yaz və ya yazma. Güntay kifayət qədər mütaliəli, Avropada yaşayan, millətini sevən və dəyər verən bir insandır. O, öz mənbələrinə istinad edərək Şah İsmayıl haqqında kitab yazıb. Əgər bu iddiaları səsləndirən şəxsin əlində başqa mənbələr varsa, o da Şah İsmayılla bağlı kitab yaza bilər". 

Naşir vurğulayıb ki, amma bu şəkildə təqdim etmək, məsələn, “Kürdoğlu” və ya “Sabir Rüstəmxanlının qardaşı” kimi ifadələr işlətmək düzgün deyil:

"Nə baş verib ki? Mən naşirəm və 35 ildir kitab nəşr edirəm. Burada qeyri-adi nə var ki? Bunu yazan insanların ümumiyyətlə mahiyyətində, görünür, müəyyən donosbazlıq var və bunu büruzə vermək istəyirlər. Hazırda Güntay Gəncalp sosial şəbəkələrdə aktivdir. Kimin kitabla bağlı sözü varsa, açıq şəkildə deyə bilər".

Şahbaz Xuduoğlu əlavə edib ki, kitabın yenidən nəşr olunması nəzərdə tutulur:

"Üstəlik, həmin kitab satışda yoxdur, ümumiyyətlə qurtarıb. Mən onu yenidən nəşrə hazırlaşıram. Güntayla da danışmışam ki, kitab üzərində işləsin, bəzi düzəlişlər etsin və yenidən çap olunsun.

Heç kimin ixtiyarı yoxdur ki, tariximizlə bağlı fərqli mühakimə və fikirlərin gündəmə gətirilməsinin qarşısını alsın. Tarixlə bağlı hər kəsin öz mövqeyi ola bilər: birinin əlində bir mənbə var, onu deyə bilər, digərinin əlində başqa mənbə var, onu deyə bilər. Bəs müzakirə, diskusiya necə yarana bilər ki?"

O bildirib ki, bir insan Şah İsmayıl Xətaini çox sevə, digəri isə sevməyə bilər:

"Məsələn, Şamaxıda Şah İsmayıl haqqında mənfi fikirdə olan yüzlərlə insan, Bakıda minlərlə insan var. Eyni zamanda, Lənkəranda və ya Cəlilabadda müsbət yanaşanlar da mövcuddur. Bu o demək deyil ki, biri deyilməlidir, digəri deyilməməlidir. Hər iki mövqe ifadə oluna bilər. Burada təhlükəli və ya qorxulu heç nə yoxdur". 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью