Xeyirxahlıq insanlığın qəlbində yanan sönməz işıq

13.11.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

13 noyabr – Ümumdünya Xeyirxahlıq Günü

İnsan ömrünün həqiqi dəyəri onun sahib olduğu sərvətlə, qazandığı şöhrətlə deyil, başqalarının həyatında qoyduğu xoş izlərlə ölçülür. Bir insanın qəlbinə sevinc bəxş etmək, ümidsizliyə qapılanlara ümid olmaq, çətinliklə üzləşənlərin əlindən tutmaq, kimsəsizlərə sahib çıxmaq - bütün bunlar insanlığın ən ali təzahürü olan xeyirxahlığın ifadəsidir. Xeyirxahlıq elə bir mənəvi sərvətdir ki, nə zamanla köhnəlir, nə də sərhədlərlə məhdudlaşır. O, insan qəlbində doğulur, əməllərdə yaşayır və nəsillərin yaddaşında iz qoyur.

Noyabrın 13-ü dünyada Ümumdünya Xeyirxahlıq Günü kimi qeyd olunur. Bu əlamətdar gün insanları mərhəmətə, qarşılıqlı hörmətə, anlayışa, yardımlaşmaya və yaxşılıq etməyə səsləyən mənəvi çağırışdır. Günün tarixi 1998-ci ilə gedib çıxır. Həmin il Dünya Xeyirxahlıq Hərəkatının təşəbbüsü ilə təsis edilən bu günün əsas məqsədi cəmiyyətlərdə yaxşılıq ənənələrini təşviq etmək, insanlar arasında həmrəyliyi gücləndirmək və xeyirxah əməllərin həyatımızdakı əhəmiyyətinə diqqət çəkməkdir.

Əslində, xeyirxahlığın təqvimə sığmayan, sərhəd tanımayan özünəməxsus dili var. Bu dilin nə tərcüməyə, nə də izaha ehtiyacı var. O, bir ananın övladına qayğısında, yaşlı insana göstərilən ehtiramda, xəstənin başı üzərində keşik çəkən həkimin fədakarlığında, müəllimin şagirdinə verdiyi mənəvi dəstəkdə, ehtiyacı olan ailəyə uzadılan yardım əlində öz ifadəsini tapır. Xeyirxahlıq insanın daxilindəki ən saf duyğuların əmələ çevrilməsidir. Onun böyüklüyü edilən yaxşılığın miqyası ilə deyil, həmin yaxşılığın arxasında dayanan səmimiyyətlə ölçülür.

Müasir dünyanın mürəkkəb çağırışları, müharibələr, humanitar böhranlar, sosial bərabərsizlik və insanların üzləşdiyi çətinliklər fonunda xeyirxahlığın əhəmiyyəti daha aydın görünür. Bəşəriyyət texnologiyada, elmdə, iqtisadiyyatda böyük nailiyyətlər əldə etsə də, insan münasibətlərində mərhəmətə, anlayışa və qarşılıqlı etimada ehtiyac dəyişməz olaraq qalır. Çünki texnologiya həyatımızı asanlaşdıra, elmi tərəqqi imkanlarımızı genişləndirə bilər, ancaq heç bir texnoloji yenilik insanın başqa bir insanın dərdinə şərik olmasını, onun ağrısını duymasını əvəz edə bilməz.

Yaxşılıq etmək üçün böyük imkanlara sahib olmaq da vacib deyil. Bəzən bir insanı dinləmək, onun tənhalığını bölüşmək, ümidsizliyə qapıldığı anda yanında olmaq ən qiymətli yardıma çevrilir. Xeyirxahlıq qarşılıq gözləmədən ediləndə daha böyük mənəvi dəyər qazanır. Çünki həqiqi yaxşılığın məqsədi minnətdarlıq qazanmaq deyil, kiminsə həyatına bir az işıq, bir az ümid, bir az sevinc bəxş etməkdir.

Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində xeyirxahlıq, mərhəmət, qonaqpərvərlik, böyüyə hörmət, kiçiyə qayğı və ehtiyacı olana əl tutmaq əsrlər boyu yaşadılan ənənələrdəndir. El arasında formalaşmış “Yaxşılıq et, yaxşılıq gör” kəlamı bu mənəvi fəlsəfənin mahiyyətini ifadə edir. Tariximizin müxtəlif dövrlərində xalqımızın çətin günlərdə bir-birinə dayaq olması, imkansızlara kömək etməsi, kimsəsizlərə sahib çıxması, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına və qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət bu dəyərlərin cəmiyyət həyatında mühüm yer tutduğunu göstərir.

Bu mənəvi ənənələrin müasir dövrdə yaşadılmasında və genişləndirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən çoxsaylı sosial, humanitar, təhsil və səhiyyə layihələri insan amilinə verilən dəyərin əməli ifadəsidir. Uşaqların sağlamlığının qorunması, onların təhsil imkanlarının genişləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərilməsi, səhiyyə müəssisələrinin yenilənməsi, tarixi-mədəni irsin qorunması istiqamətində reallaşdırılan layihələr cəmiyyətin rifahına və insanların həyatına xidmət edir.

Mehriban Əliyevanın ictimai və humanitar fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri insan taleyinə həssas münasibət, qayğıya ehtiyacı olanların problemlərinə diqqət və humanizm prinsiplərinin ön plana çəkilməsidir. Bu fəaliyyətin mənəvi mahiyyəti yalnız həyata keçirilən layihələrin miqyası ilə ölçülmür. Əsas məsələ insanlara ümid vermək, çətinliklə üzləşənlərin yanında olmaq, cəmiyyətdə mərhəmət və həmrəylik duyğularını gücləndirməkdir. Çünki xeyirxahlıq ən böyük mənasını insanın həyatına toxunduğu, ona inam və sevinc bəxş etdiyi zaman qazanır.

Bu gün xeyirxahlıq həm də sosial məsuliyyət, vətəndaş həmrəyliyi və insan ləyaqətinə hörmət deməkdir. Yaşlıların qayğısına qalmaq, kimsəsiz uşaqlara sahib çıxmaq, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, aztəminatlı ailələrin problemlərinə həssas yanaşmaq yalnız ayrı-ayrı insanların deyil, bütövlükdə cəmiyyətin mənəvi borcudur. Belə münasibətlərin güclənməsi insanların bir-birinə inamını artırır, sosial həmrəyliyi möhkəmləndirir.

Dünya Xeyirxahlıq Hərəkatının əsas missiyası da məhz bu düşüncəyə söykənir: insanları və xalqları daha mərhəmətli dünyanın yaradılması naminə bir araya gətirmək. Empatiya, şəfqət, qarşılıqlı anlaşma və insan ləyaqətinə hörmət daha dinc və ədalətli cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Bu yanaşma bir həqiqəti təsdiqləyir: daha yaxşı dünya qurmaq üçün ilk növbədə daha yaxşı insan münasibətlərinə ehtiyac var.

Ümumdünya Xeyirxahlıq Gününün əsl mənası da məhz buradadır. Bu gün bizi yalnız yaxşılıq haqqında düşünməyə deyil, onu gündəlik həyatımızın ayrılmaz hissəsinə çevirməyə çağırır. Çünki insanın arxasında qoyduğu ən qiymətli miras topladığı sərvət deyil, etdiyi yaxşılıqlar, toxunduğu qəlblər və başqalarının həyatında yaratdığı xoş izlərdir.

Unutmayaq ki, bəzən bir xoş söz insanın qırılmış ümidlərini bərpa edir, bir yardım əli onun həyat yolunu dəyişir, bir səmimi münasibət dünyaya baxışını yeniləyir. Hər birimiz bir başqasının həyatında xeyirxahlığın başlanğıcı ola bilərik. Bunun üçün nə böyük sərvətə, nə də xüsusi imkanlara ehtiyac var. Yetər ki, qəlbimizdə mərhəmət, düşüncəmizdə insanlıq, əməllərimizdə səmimiyyət olsun.

Dünya xeyirxahlıqla gözəlləşir, insanlar bir-birinə dayaq olduqca həyat daha mənalı olur. Yaxşılıq insan ömründən qısa bir anı əhatə etsə də, onun yaratdığı mənəvi işıq bəzən illərlə, nəsillərlə yaşayır. Xeyirxahlıq bir günün deyil, hər günün dəyəri, bir insanın deyil, bütün bəşəriyyətin ehtiyac duyduğu mənəvi sərvətdir. Gəlin, dünyanı dəyişdirmək üçün böyük hadisələrin baş verməsini gözləməyək. Hər birimiz özümüzdən, öz ailəmizdən, ətrafımızdakı insanlara münasibətimizdən başlayaq. Çünki daha mərhəmətli dünyanın təməli məhz insan qəlbində qoyulur.

Nurəngiz Adilqızı
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью