Xeyirxahlıq üçün döyünən ürək

05.10.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elə müəllimlər var ki, onların həyatının mənası  yalnız 45 dəqiqəlik dərs saatında öyrətdikləri ilə məhdudlaşmır, onların zəhməti məktəbin divarlarından kənarda çıxır, sevgisi doğma el-obasını əhatə edir, xeyirxah əməlləri ilə bir kəndin yaddaşına yazılır. Onların öyrətmək eşqi, Vətənə, cəmiyyətə, doğma el-obaya faydalı olmaq arzusu bitib tükənmir, gün-gündən çoxalır. Vaxtilə kənd məktəbində riyaziyyat müəllimi və direktor kimi fəaliyyət göstərmiş Güloğlan Səfərov da belə müəllimlərdən biridir.

O, müəllim kimi sərt və tələbkar, sərt olduğu qədər də mülayim, ədalətli, dəqiq və prinsipial idi. Nizam-intizamı sevər, hər şeyin öz qaydasında olmasını istəyərdi. Onun üçün müəllimlik sadəcə dərs demək deyil, insan yetişdirmək, xarakter formalaşdırmaq, şagirdlərinin yaddaşında ömür boyu silinməyəcək iz qoymaq idi. O, yaxşı bilirdi ki, müəllimin əsl uğuru yalnız öyrətdiyi biliklə deyil, yetişdirdiyi insanların həyatdakı mövqeyi, mənəvi dəyərləri və cəmiyyətə münasibəti ilə ölçülür.

İllər keçdi. Məktəbin divarları arasında neçə-neçə dərs, neçə-neçə zəng, neçə-neçə şagird nəsli dəyişdi, Güloğlan müəllim yetirmələrinin yaddaşında tələbkarlığı, ədaləti və müəllim nüfuzu ilə qaldı. Onun həyatında müəllimlik bir peşə olmaqdan daha çox, məsuliyyət və mənəvi borc idi.

Vəziyyət elə gətirdi ki, Bakıya köçməli oldu. Bəlkə, kənardan baxanda bu, ömrün yeni bir mərhələsi, rahatlığa doğru atılan addım idi, amma Güloğlan müəllim Bakıya köçsə də, kəndindən uzaqlaşa bilmədi. Çünki bəzi insanlar üçün doğma kənd sadəcə yaşanılan yer deyil, ömrün mənası, kimliyinin bir parçası, xatirələrinin sığınacağıdır. İnsanın ürəyi harada qalırsa, əməlləri də gec-tez ora qayıdır.Çünki insan bəzən bir yerdən köçsə də, orada qoyub gəldiyi xatirələrdən, doğmalarından, yaşadığı ömürdən ayrıla bilmir, ürəyini orada qoyub gedir sanki.

Bu kənddə onun doğmaları qalmışdı. Birinci Qarabağ müharibəsində itkin düşən qardaşı, Azərbaycanın Milli Qəhrəmanı Səfərov Rafiq bu torpağın qoynunda uyuyur, kəndin yaddaşında yaşayırdı. Onun taleyinə yazılan ayrılıq, ailəsinin qəlbində açdığı yara, illərin susdura bilmədiyi nisgil... İtkinliyin ən ağır tərəfi olan cavabsız qalan suallar... Nə bir məzarın başında dayanıb dərdini bölüşə bilirsən, nə də bir gün qayıdacağına olan ümidini tamamilə itirə bilirsən. Rafiqin xatirəsi Güloğlan müəllimin doğma kəndə bağlılığını daha da artırırdı.
Geriyə– doğma kəndinə döndü.O, sadəcə kəndinə qayıtmadı. O, həm də xatirələrinə, doğmalarına, yarımçıq qalmış duyğularına, bir ömür boyu qəlbində daşıdığı nisgilə geri qayıtdı.

Kəndin vəziyyətini düşünür, çatışmazlıqları görür, dəyişə biləcək hər şey haqqında xəyallar qururdu. Bir yanda gənclik xatirələri, bir tərəfdə keçmişin nisgili, o biri yanda bu günün ehtiyacları... digər tərəfdə gələcək üçün məsuliyyət. Və bütün bunların arasında bir sual: Mən doğma kəndim üçün nə edə bilərəm?

Bəlkə, həmin sualın cavabı elə o gün kəndin girəcəyində dayanıb doğma torpağa baxdığı an ürəyində yetişmişdi. Kəndin yollarına, evlərinə, insanlarına baxarkən keçmişlə bu gün arasında görünməz bir körpü qurulurdu. Qardaşının əziz xatirəsi, kəndə olan sonsuz bağlılığı bir amal ətrafında birləşirdi: bu yurda fayda vermək, insanların qayğısına qalmaq, doğma kəndin sabahına öz töhfəsini vermək.
Güloğlan müəllim üçün bu, sadəcə arzu olaraq qalacaq bir fikir deyildi. O, düşüncələrini əmələ çevirmək, gördüyü çatışmazlıqları imkan daxilində aradan qaldırmaq istəyirdi. Çünki insanın doğma yurda sevgisi yalnız onu xatırlamaqla, onun haqqında xoş sözlər söyləməklə ölçülmür. Əsl sevgi, imkan düşəndə, həmin torpağın insanları üçün məsuliyyət daşımaqdan, onların ehtiyaclarına biganə qalmamaqdan başlayır.

Kəndin girişində "Şəhidlər kompleksi"nin tikilməsi təklifi də məhz bu düşüncədən doğdu. Bu təşəbbüs kənd sakinləri tərəfindən rəğbətlə qarşılandı. Çünki bu  kompleks yalnız daşdan və mərmərdən ucaldılan bir abidə deyi,  Vətən uğrunda canından keçənlərin xatirəsinə ehtiramın, xalqın minnətdarlığının və gələcək nəsillərə ötürülən mənəvi dəyərlərin ifadəsi olacaqdı və çox keçmədi ki, bu kompleks ucaldıldı, şəhidlər qarşısında olan mənəvi borcumuzun simvoluna çevrildi: heç vaxt unutmamalı, daim xatırlanmalı,rəhmət duası ucalmalı...

Mərasim evinin tikilməsi təşəbbüsü xalqa olan qayğının davamı idi. Çünki el-obanın sevinci də, kədəri də ortaqdır. İnsanların  bir araya gələcəyi, çətin anında bir-birinə dayaq olacağı, dərdini  bölüşəcəyi bir məkanın olması kənd üçün vacib idi. Belə məkanlar insanları bir-birinə yaxınlaşdırır, el birliyini möhkəmləndirir, qarşılıqlı hörmət və həmrəyliyi yaşadır. Burada Vətən yolunda canından keçmiş şəhidlərimiz anıldı, onların ruhuna dualar oxundu. Beləcə, bu məkan təkcə mərasimlərin keçirildiyi yer deyil, həm də xatirələrin, ehtiramın və birlik duyğusunun yaşadığı bir ocağa çevrildi.

Əlbəttə, bütün bunlar tək bir insanın gücü ilə başa gələcək işlər deyildi. Amma bəzən böyük işlərin başlanması üçün bir nəfərin inamı, sözü və təşəbbüsü kifayət edir. Güloğlan müəllim də öz inamı ilə xeyirxah insanları bu işlərə cəlb etdi, ürəklərdəki mərhəməti və doğma yurda sevgini ortaq məqsəd ətrafında birləşdirdi. İnsanlar kömək etdilər, əl-ələ verdilər, hər kəs bacardığı qədər bu xeyirxah işlərə töhfə verdi və arzular gerçəyə çevrildi.

Burada diqqət çəkən əsas məqam təkcə görülən işlər deyil, insanları bir məqsəd ətrafında birləşdirmək bacarığıdır. Çünki xeyirxahlıq yalnız imkan sahibi olmaq deyil, həm də başqalarını yaxşı bir işə inandırmaq, onların ürəyindəki yaxşılıq duyğusunu hərəkətə gətirməkdir. Güloğlan müəllimin təşəbbüsləri də bu mənada bir müəllim əməyinin başqa bir müstəvidə davamı idi. Vaxtilə sinifdə şagirdlərinə yol göstərən müəllim indi doğma kəndinin insanlarını ümumi bir məqsədə doğru səsləyirdi.

Doğma yurda bağlılıq yalnız onu sevməklə bitmir. Bu sevgi bəzən bir abidəyə, bəzən abadlaşan bir küçəyə, bəzən insanların bir araya gəldiyi bir ocağa çevrilir. Bəzən də bir insanın başladığı iş başqalarının da ürəyində xeyirxahlıq toxumu əkir. Görülən işlər illər keçdikcə öz bəhrəsini verir, həmin torpaqda yaşayan insanların həyatına, kəndin görünüşünə və yaddaşına hopur.

Onun kəndə göstərdiyi diqqət, həyata keçirdiyi təşəbbüslər bu bağlılığın sözlə deyil, əməllə ifadəsidir.

Bu gün kəndimizdəki "Şəhidlər kompleksi", abadlaşan yollar, mərasim evi yalnız görülmüş işlərin nəticəsi deyil. Bunlar həm də bir insanın doğma elinə sədaqətinin, xeyirxahlığının və yorulmaz təşəbbüskarlığının nişanəsidir. Bu işlərin hər birində bir müəllimin məsuliyyəti, bir vətəndaşın qayğısı, bir eloğlunun doğma torpağa sevgisi var.

Mənə elə gəlir ki, Güloğlan müəllimin gördüyü savab işlərin hər birində müharibədə itkin düşən qardaşı Rafiqə ünvanlanmış səssiz bir salam, onun yoxluğunun qəlbində yaratdığı ağrıya bir təsəlli də var. Bəlkə də insanın itirdiyi doğmasına verə biləcəyi ən mənalı salam onun sevdiyi torpağa sahib çıxmaq, o torpağın insanlarına yaxşılıq etməkdir. Qardaşının xatirəsini yaşatmaqla yanaşı, kəndin gələcəyinə xidmət etmək, bu yurdun yaddaşında xeyirxah izlər buraxmaq...

İnsan ömrünün dəyəri yalnız yaşadığı illərlə ölçülmür. Bəzən bir ömrün mənası arxada qoyduğu izlərdə, qazandığı hörmətdə, başqalarının həyatına gətirdiyi yaxşılıqlarda üzə çıxır. Güloğlan müəllimin həyat yolu da bu həqiqəti xatırladır. O, bir vaxtlar şagirdlərinə bilik öyrədib, onları həyata hazırlayıb. Bu gün isə doğma kəndinə xidmət etməklə başqa bir dərs verir: insan harada olursa-olsun, Vətəninə, elinə-obasına faydalı ola bilər.

Şagirdlərin yaddaşında unudulmaz müəllim, kəndinin sakinlərinin qəlbində isə xeyirxah əməlləri ilə yaşayan eloğlu kimi qalmaq hər insana nəsib olmur. Güloğlan müəllimin müəllimlikdən başlayan yolu bu gün də insanlara xidmətlə davam edir.
Müəllimlər Günün mübarək olsun, Güloğlan müəllim! Qoy ömrünün bundan sonrakı illəri də  başladığın xeyirxah işlərin bəhrəsini görmək sevinci ilə dolu olsun. Var ol, dəyərli müəllim!

Zülfiyyə Ziya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью