Xəzər dənizi ilə bağlı ekoloji risklər: Müvafiq tədbirlərə ehtiyac var

02.11.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Xəzər dənizində suyun səviyyəsinin azalması son illər daha çox müzakirə olunan ekoloji problemlərdən birinə çevrilib.

Sahil xəttinin geri çəkilməsi, dənizin əvvəlki sərhədlərindən uzaqlaşması və bunun yaratdığı dəyişikliklər gələcəklə bağlı narahatlıqları artırır.

Prosesin hazırkı sürətlə davam etməsi Xəzərin sahil xəttinin daha da geri çəkilməsinə səbəb ola bilər. Hətta proqnozlara görə, gələcəkdə Bakı bulvarı dənizdən 30 kilometr aralıda qala bilər.  Bu ehtimal Xəzər dənizində suyun səviyyəsinin azalmasının miqyasını, ekoloji vəziyyətə təsirini və gələcəkdə yarada biləcəyi fəsadları yenidən gündəmə gətirir.

Xəzərin səviyyəsinin aşağı düşməsi artıq hansı ekoloji fəsadlara səbəb ola bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli bildirib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və sahil xəttinin geri çəkilməsi təkcə dənizin özünə deyil, bütövlükdə regionun ekoloji tarazlığına, canlı aləmə və sahilyanı ərazilərdə yaşayan insanların həyatına ciddi təsir göstərə bilər:

“Son illər Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi göz qabağındadır. Lakin sosial şəbəkələrdə yayılan Bakı sahillərində dənizin 30 kilometr geri çəkiləcəyi ilə bağlı proqnoza isə ehtiyatla yanaşmaq lazımdır. Çünki bu, o deməkdir ki, Xəzərin şimal hissəsi, o cümlədən Rusiya və Qazaxıstan ərazilərindəki dənizin müəyyən hissəsi tamamilə qurumuş olacaq. Ümid edirik ki, belə bir vəziyyət yaranmaz.

Yaxın vaxtlarda yağıntıların artacağı ehtimal olunur. Əgər qış ayları yağıntılı keçərsə və yaz aylarında çayların sululuğu artarsa, Xəzərin vəziyyətində fərqli dəyişikliklərin şahidi ola bilərik. Hesab edirəm ki, hazırda Xəzər dənizindəki vəziyyət kritik həddə deyil. Lakin belə bir həddə çatacağı təqdirdə hansı tədbirlərin görülməli olduğunu bütün sahilyanı dövlətlər indidən düşünməlidir”.

Onun sözlərinə görə, gələcəkdə Bakı bulvarının dənizdən 30 kilometr uzaqda qalması böyük infrastruktur dəyişikliklərinə səbəb ola bilər:

“Eyni zamanda, bu, ekoloji fəlakətin başlanğıcı olar. Əgər dəniz səviyyəsi orta hissədə də 30 kilometr geri çəkilərsə, şimal hissənin quruması ilə yanaşı, həmin ərazilərdə də ekoloji fəlakət başlayar.

Dənizin dibindən üzə çıxan qumlu sahələr ətraf mühitin çirklənməsinə, ekoloji vəziyyətin pisləşməsinə səbəb ola bilər. Belə bir ekoloji böhranın miqyasını təsəvvür etmək belə çətindir. Buna görə də sosial mediada yayılan həmin proqnoza şübhə ilə yanaşıram.

Çünki onun elmi əsaslandırması yoxdur. Sahilyanı dövlətlər bu məsələ barədə düşünürlər. Türkmənistanda keçirilən sammitdə də Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi müzakirə mövzusu olub. Azərbaycan da bu məsələdə maraqlı tərəfdir. Dəniz səviyyəsinin geri çəkilməsi həm iqtisadi, həm logistik, həm də ekoloji problemlərə səbəb ola bilər. Ümid edirəm ki, belə bir vəziyyət yaranmaz və Xəzərin orta hissəsində də bu qədər ciddi səviyyə azalmasının şahidi olmarıq. 

Hesablamalara, tarixi faktlara və müşahidələrə əsaslanaraq düşünürəm ki, yaxın vaxtlarda belə bir ssenarinin reallaşması gözlənilmir”.

Ekoloq qeyd edib ki, bunun qarşısını almaq üçün sahilyanı dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı bir araya gələrək müvafiq tədbirlər görməlidirlər:

“Əsas məqsəd Aral faciəsinin Xəzərdə təkrarlanmasına imkan verməməkdir. Bununla həm ekosistem qorunar, həm də ətraf ərazilərdə yaşayan insanların sağlamlığına təhlükə yaranmasının qarşısı alınar.

Qərb dövlətlərinin, xüsusilə okeana yaxın ölkələrin bir çoxunda bu kimi təhlükələrlə bağlı xəbərdarlıqlar edilir və mətbuatda məlumatlar yayımlanır.

Ola bilsin ki, qarşıdakı dövrdə yağıntıların miqdarı artsın. Əgər belə olarsa, bədbin proqnozların bir qismi özünü doğrultmaya bilər. Ümid edirəm ki, vəziyyət müsbət istiqamətdə dəyişər”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: Xəzər dənizi Qorxmaz İbrahimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью