Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 dekabr, AZƏRTAC
Dünya okeanlarından sonra planetimizin ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi Avrasiya materikin iki geniş hissəsinin sərhədində və Azərbaycanın şərqində yerləşir. Xəzər dənizinin səviyyəsi, dünya okeanının səviyyəsindən 28 metr aşağıda yerləşir və bu səviyyə müxtəlif dövrlərdə dəyişir.
Bu barədə AZƏRTAC-a coğrafiya elmləri doktoru, professor Rza Mahmudov məlumat verib.
O qeyd edib ki, Xəzər dənizinin su aynasının sahəsi 370 min km² olub, dünya göllərinin ümumi sahəsinin 44 faizini təşkil edir. Su toplayıcı hövzəsinin sahəsi isə 3.1-3.5 milyon km² arasında dəyişir. Dənizin su toplayıcı hövzəsi, şimaldan cənuba 2500 km uzunluğa sahib olub, 8 dövlətin ərazisini əhatə edir.
Xəzər dənizinin səviyyəsi minillik dövrlər ərzində 12 metrə qədər dəyişib. 5-ci əsrdə ən aşağı səviyyə -34.5 metr, 1882-ci ildə isə ən yüksək səviyyə -25.2 metr olub. Geoloji dövrlərdə, xüsusilə 17-13 min il əvvəl, dənizin səviyyəsi müasir dövrə nisbətən 80 metr artıq olub.
“Səviyyə dəyişikliklərinin əsas səbəbi, dənizə tökülən çay axımları və iqlim dəyişmələridir. Volqa çayının axımı həmin dövrlərdə illik 450-500 km³ olmuşdu. Həmçinin, Xəzər dənizinin səviyyəsinin dəyişməsinə kosmogeofiziki, geoloji, antropogen və hidrometeoroloji amillər də təsir göstərir. Bu dəyişikliklər, Xəzər ətrafı dövlətlərin sosial-iqtisadi həyatını birbaşa təsir edir və bu məsələnin araşdırılması mütəxəssislərin diqqət mərkəzindədir”, - deyə alim bildirib.