Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
“Xəzər dənizinin səviyyəsindəki dəyişikliklər uzun müddət ərzində təkrarlanan təbii bir prosesdir. Tarixən də dənizin səviyyəsi indiki vəziyyətindən geri çəkilmiş olub. Bu dövrlərdə Astara sahilləri sıx meşəliklərlə örtülü olub və səviyyə qalxdıqda həmin meşəlik suyun altında qalaraq məhv olub”.
Bu fikirləri Xalqcəbhəsi.az-a açıqlamasında ekoloq İlqar Xəlilov söyləyib.
Onun sözlərinə görə,Tarixi səviyyə dəyişmələri indi də təkrarlanır və bu səbəbdən sahildəki ağaclar və bitki örtüyü yenidən inkişaf etməyə başlayıb:
“Əgər dəniz səviyyəsindəki çəkilmə davam etsə və insan fəaliyyəti nəticəsində ciddi müdaxilələr baş verməsə, bu ağaclar daha intensiv inkişaf edərək gələcəkdə düzən meşələrə çevriləcək. Bu, Astara sahillərinin ekoloji vəziyyətinin yaxşılaşmasına, həmçinin yerli flora və faunanın zənginləşməsinə imkan verəcək. Belə təbii proseslərin qorunması və ekoloji balansın təmin edilməsi üçün sahil ərazilərinin mühafizəsi vacibdir.Astara sahillərində təbii şəkildə yaranan meşəliklər həm ekosistemin sağlamlığı, həm də turizm və istirahət üçün böyük potensiala malikdir. Dövlət və yerli icmaların iştirakı ilə sahil idarəçiliyi və mühafizə proqramları tətbiq olunduqda, bu proses həm insan fəaliyyətindən, həm də tikinti və mənimsəmə təzyiqlərindən qorunmuş olacaq”.
İlqar Xəlilov əlavə edib ki, Xəzərin səviyyəsindəki dəyişikliklər uzunmüddətli və dövri prosesdir və təbii qanunauyğunluqlar çərçivəsində baş verir:
“Tarix boyunca Xəzər dəfələrlə qalxıb-düşüb. İnsan fəaliyyəti burada həlledici rol oynamır. Əsas amil qlobal iqlim prosesləri və təbii su dövranıdır. Bu səbəbdən sahil ekosistemlərinin qorunması və davamlı inkişafı yalnız məqsədyönlü idarəetmə və mühafizə tədbirləri ilə mümkündür”.
Günel Elxan