Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Ekoloji təhlükəsizlik, torpaq nəzarəti və təbii inkişaf günün tələblərinə uyğunlaşdırılır

Xəzər dənizinin Azərbaycan iqtisadiyyatında, ekoloji təhlükəsizliyində və ölkəmizin sosial-iqtisadi inkişafında mühüm yeri var. Bu bənzərsiz su hövzəsi həm zəngin təbii ehtiyatları, həm nəqliyyat-logistika imkanları, həm də turizm və sağlamlıq potensialı ilə strateji əhəmiyyət daşıyır. Xəzərin sahilboyu əraziləri isə təbii sərvətlərin qorunması, iqtisadi fəaliyyətin genişləndirilməsi, əhalinin istirahətinin təşkili və yeni investisiya layihələrinin reallaşdırılması baxımından xüsusi diqqət tələb edir.

Prezident İlham Əliyevin 16 noyabr 2026-cı il tarixli “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Fərmanı məhz bu reallıqlar fonunda mühüm önəm daşıyır. Sənəd sahilboyu ərazilərdə dövlət idarəetməsinin vahid prinsiplər əsasında təşkilini, dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsini, torpaqlardan səmərəli istifadə edilməsini və mühafizəsinə nəzarətin gücləndirilməsini, eləcə də rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqini nəzərdə tutur.

Fərmanda Xəzərin Azərbaycan sektoruna aid sahilboyu ərazilərində idarəetmə və nəzarət mexanizmlərinin daha sistemli, əlaqələndirilmiş və şəffaf əsaslarla qurulması qarşıya mühüm vəzifə kimi qoyulur. Bu isə təkcə torpaq münasibətlərinin tənzimlənməsi deyil, eyni zamanda, sahil zonasının ekoloji tarazlığının qorunması, iqtisadi potensialının düzgün qiymətləndirilməsi və gələcək nəsillər üçün mühafizəsi anlamına gəlir.

Sahilboyu ərazilərdə vahid idarəetməyə keçid

Fərmanın diqqətçəkən məqamlarından biri sahilboyu ərazilərdə torpaqların idarə olunması, istifadəsi və mühafizəsinin təşkili sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsidir. Bununla yanaşı, həmin ərazilərdə idarəetmə və nəzarət funksiyalarını gerçəkləşdirən dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi də bu qurumun vəzifələri sırasında yer alıb.

Bu qərarın əhəmiyyətini, ilk növbədə, sahilboyu ərazilərin çoxfunksiyalı xarakteri ilə izah etmək olar. Belə ərazilərdə torpaq münasibətləri, ətraf mühitin mühafizəsi, tikinti və şəhərsalma, turizm, sahibkarlıq və digər iqtisadi fəaliyyət istiqamətləri bir-biri ilə sıx bağlıdır. Bu sahələrin hər biri üzrə ayrı-ayrı dövlət qurumlarının səlahiyyətləri mövcud olsa da, onların fəaliyyətinin əlaqələndirilməsi ümumi idarəetmənin nəticələrinə birbaşa təsir göstərir.

Əgər müxtəlif dövlət qurumları eyni ərazidə öz səlahiyyətlərini əlaqələndirilmiş mexanizmlər olmadan həyata keçirirlərsə, bu zaman qərarların qəbulunda ləngimələr, nəzarət prosesində boşluqlar və məsuliyyət bölgüsündə müəyyən çətinliklər yaranır. Xüsusilə torpaqdan istifadə, tikinti, icarə münasibətləri və ekoloji tələblərin yerinə yetirilməsi kimi məsələlərdə vahid yanaşmanın olmaması ərazinin uzunmüddətli inkişafına mənfi təsir göstərir.  

Yeni fərmanda məhz bu məsələlərin sistemli şəkildə həlli xüsusi diqqət çəkir. Başqa sözlə, Əmlak Məsələləri Dövlət Xidmətinin əlaqələndirmə rolunun artırılması sahilboyu ərazilərdə torpaqların idarə edilməsinə dair vahid yanaşmanın formalaşdırılmasına xidmət edir. Bununla belə, digər dövlət qurumlarının qanunvericiliklə müəyyənləşdirilən ekoloji, şəhərsalma, sanitariya və digər nəzarət səlahiyyətlərinin qorunması da mühüm əhəmiyyət daşıyır. Burada əsas məsələ ayrı-ayrı qurumların funksiyalarını bir-birindən təcrid etmək deyil, onların fəaliyyətini vahid məqsədə yönəltməkdir.

Fərmanın icrasını təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin işçilərinin say həddinin 40 ştat vahidi artırılması da nəzərdə tutulur. Bu, sahilboyu ərazilərdə idarəetmənin təşkili, monitorinqlərin keçirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi və dövlət nəzarətinin gücləndirilməsi üçün əlavə  hüquqi imkanların yaradılması baxımından əhəmiyyətlidir.

Xüsusi status və zonalaşdırma

Fərmanda Nazirlər Kabinetinə sahilboyu ərazinin xüsusi statusa malik ərazi kimi müəyyənləşdirilməsi, onun zonalaşdırılması və hüquqi rejiminin hazırlanması ilə bağlı təkliflərin 6 ay müddətində Prezidentə təqdim edilməsi tapşırılıb. Bu prosesdə beynəlxalq təcrübənin nəzərə alınması da qarşıya xüsusi vəzifə kimi qoyulub.  

Əslində, sahilboyu ərazilərin xüsusi idarəetmə rejiminin formalaşdırılması onların təbii və iqtisadi xüsusiyyətlərinin nəzərə alınması baxımından zəruridir. Çünki Xəzər sahili vahid funksiyaya malik ərazi deyil. Burada yaşayış məntəqələri, turizm və istirahət zonaları, sənaye və liman infrastrukturu, mühəndis-kommunikasiya  sistemləri, təbii ­landşaftlar və ekoloji baxımdan həssas sahələr mövcuddur.

Bütün bu ərazilərə eyni istifadə və mühafizə qaydalarının tətbiqi düzgün yanaşma sayılmır. Məhz buna görə də zonalaşdırma prosesi gələcək idarəetmə modelinin əsas istiqamətlərindən biri kimi önə çəkilir. Məsələn, ekoloji baxımdan həssas sahələrdə tikinti və təsərrüfat fəaliyyətinə daha ciddi məhdudiyyətlərin tətbiqi, turizm zonalarında ekoloji standartlara uyğun infrastrukturun yaradılması, sənaye və liman ərazilərində isə təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinin xüsusi rejim əsasında tənzimlənməsi mümkündür.

Eyni zamanda, sahilboyu ərazilərdə ictimai istifadənin qorunması, əhalinin dənizə çıxış imkanlarının məhdudlaşdırılmaması, istirahət məkanlarının əlçatanlığının təmin olunması da zonalaşdırma zamanı nəzərə alınmalı məsələlərdəndir.

Burada mühüm məqam ondan ibarətdir ki, fərmanla müəyyənləşdirilən  sahilboyu ərazi anlayışı bütün sahil infrastrukturunu eyni idarəetmə rejiminə daxil etmir. Sənəddə adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə edilən, habelə digər xüsusi statuslu ərazilər istisna olunur. Bu isə idarəetmə mexanizminin ərazinin fərdi xüsusiyyətləri nəzərə alınmaqla formalaşdırılacağını göstərir.

Beləliklə, zonalaşdırma yalnız torpaq sahələrinin bölgüsü deyil, həm də Xəzər sahilinin hansı hissəsində hansı fəaliyyət növünə üstünlük veriləcəyini, hansı ərazilərin daha ciddi mühafizə olunacağını və iqtisadi fəaliyyətin hansı şərtlərlə həyata keçiriləcəyini müəyyənləşdirən hüquqi tənzimləmə mexanizm olacaq.

Təbii sərvətlərin qorunması  

Xəzərin sahilboyu ərazilərində idarəetmənin təkmilləşdirilməsi, ilk növbədə, ekoloji sabitliyin təmin olunması ilə əlaqəlidir. Başqa sözlə, bu prinsip dəniz sahilinin təbii mühitinin qorunması, suyun və torpağın çirklənməsinin qarşısının alınması, tullantıların idarə edilməsi, sahil landşaftlarının mühafizəsi uzunmüddətli dövlət siyasətinin əsas istiqamətləri sırasında yer almasını şərtləndirir.  

Xəzər dənizi qapalı su hövzəsi olduğundan burada ekoloji problemlərin təsiri daha geniş miqyasda özünü göstərir. Sahilboyu ərazilərdə nəzarətsiz tikinti, məişət və istehsalat tullantılarının düzgün idarə edilməməsi, kanalizasiya sularının təmizlənmədən ətraf mühitə axıdılması, torpaq sahələrinin təyinatına uyğun olmayan istifadəsi təbii tarazlığa mənfi təsir göstərən amillərdəndir.

Bu baxımdan dövlət nəzarətinin gücləndirilməsi təkcə inzibati tədbirlərin sərtləşdirilməsi demək deyil. Əsas məqsəd ekoloji təhlükələrin əvvəlcədən müəyyənləşdirilməsi, onların qarşısının alınması və təbii ehtiyatlardan istifadənin dayanıqlı prinsiplər əsasında təşkilidir.

Fərmanda sahilboyu ərazilərdə müşahidə sistemlərinin yaradılması, yerində monitorinqlərin keçirilməsi, abadlıq və sanitar təmizlik işlərinin gerçəkləşdirilməsi, zəruri hallarda qanunsuz  tikililərin sökülməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi məsələlərinin də nəzərdə tutulması bu istiqamətdə ­kompleks yanaşmanın formalaşdırıldığını göstərir.

Lakin ekoloji siyasətin səmərəliyi təkcə təmizlik tədbirləri və qanunsuz tikililərin aradan qaldırılması ilə ölçülmür. Bunun üçün sahilboyu ərazilərdə davamlı ekoloji monitorinq sistemi, tullantıların çeşidlənməsi və daşınması infrastrukturu, çirkab suların təmizlənməsi qurğuları, yaşıllıqların qorunması və bərpası mexanizmləri də inkişaf etdirilməlidir.

Bundan başqa, sahilboyu ərazilərdə həyata keçirilən istənilən iqtisadi layihənin ekoloji təsirinin əvvəlcədən qiymətləndirilməsi, su və torpaq ehtiyatlarına mümkün təsirlərin müəyyənləşdirilməsi, müvafiq ekoloji tələblərə əməl olunmasına nəzarət vacib şərtlərdən olmalıdır. Belə yanaşma Xəzərin sahilboyu ərazilərində iqtisadi fəallığın artmasını təbii mühitin qorunması ilə uzlaşdırmağa əlverişli imkan yaradır.  

Rəqəmsal nəzarət 

Fərmanın diqqətçəkən istiqamətlərindən biri də rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqidir. Sənədə əsasən, İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Coğrafi İnformasiya Sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların saxlanılmasını, habelə bu sahədə idarəetməni gerçəkləşdirən informasiya sisteminin yaradılmasına dair təkliflərini 6 ay müddətində Prezidentə təqdim etməlidir.

Bu tapşırığın əhəmiyyəti kifayət qədər genişdir. Çünki sahilboyu ərazilərin səmərəli idarə olunması üçün, ilk növbədə, onların real vəziyyəti, sərhədləri, torpaq sahələrinin hüquqi statusu, istifadə təyinatı və mövcud infrastrukturu barədə dəqiq və daim yenilənən məlumatlar olmalıdır.

CİS bu məlumatların vahid elektron platformada toplanılmasına, xəritələşdirilməsinə və təhlilinə imkan verir. Belə sistem vasitəsilə torpaq sahələrinin sərhədlərini, onların mülkiyyət və istifadə vəziyyətini, tikililərin yerləşməsini, infrastruktur obyektlərini və ekoloji baxımdan həssas zonaları rəqəmsal formatda izləmək mümkündür.

Məsələn, müəyyən bir sahil ərazisində qanunsuz  tikinti aparılması və ya torpaq sahəsinin təyinatından kənar istifadə edilməsi halları müasir peyk müşahidələri və coğrafi məlumatların müqayisəsi əsasında daha operativ aşkarlanır. Eyni zamanda, torpaq sahələrinin istifadəsində baş verən dəyişikliklərin izlənilməsi, qanuni və qanunsuz  tikililərin fərqləndirilməsi, mühafizə zonalarının sərhədlərinə riayət olunmasına nəzarət də asanlaşır.

Digər tərəfdən, rəqəmsal xəritələr dövlət qurumlarının fəaliyyətində məlumat mübadiləsini sürətləndirir, təkrar yoxlamaların və inzibati prosedurların sayını azaldır. Bu, həm dövlət idarəçiliyinin səmərəliliyinə, həm də vətəndaşların və sahibkarların hüquqlarının qorunmasına xidmət edir.

Fərmanda sahilboyu ərazilərdə torpaqların dövlət idarəetməsinin, o cümlədən istifadəyə və icarəyə verilməsinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “bir pəncərə” prinsipi əsasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilməsi ilə bağlı tədbirlərin görülməsi də nəzərdə tutulur. 

Bu mexanizm torpaq münasibətlərində şəffaflığın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Vahid elektron sistem vasitəsilə müraciətlərin qəbulu, sənədlərin yoxlanılması, qərarların izlənilməsi və müvafiq məlumatların əldə olunması prosedurlarının sadələşdirilməsi mümkündür. Beləliklə, ­sahibkarlar və vətəndaşlar üçün inzibati maneələrin azaldılması ilə yanaşı, torpaq sahələrinin ayrılması və istifadəyə verilməsi prosesində ictimai nəzarət imkanları da genişlənir. Təbii ki, bu sistemin səmərəli fəaliyyəti üçün məlumatların düzgünlüyü, mütəmadi yenilənməsi, kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi məsələləri də diqqətdə saxlanılır.  

Xəzərin nadirliyinin qorunması 

Beləliklə, fərmanın icrası nəticəsində sahilboyu ərazilərdə torpaq münasibətlərinin daha şəffaf və sistemli təşkil edilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, ekoloji nəzarətin gücləndirilməsi və iqtisadi fəaliyyətin planlı şəkildə həyata keçirilməsi üçün əlavə imkanlar yaranacaq.

Bununla belə, sahilboyu ərazilərin sərhədlərinin dəqiq müəyyənləşdirilməsi, zonalaşdırma prinsiplərinin hazırlanması, rəqəmsal məlumat bazasının yaradılması, dövlət qurumlarının səlahiyyətlərinin əlaqələndirilməsi və ictimai nəzarət imkanlarının genişləndirilməsi Xəzər dənizin Azərbaycan sahillərinin vahid idarəetmə modelinin formalaşdırılmasında mühüm mərhələ olacaq.

Xəzər dənizi təkcə iqtisadi fəaliyyət və turizm üçün əlverişli məkan deyil, həm də Azərbaycanın təbii sərvəti, ekoloji təhlükəsizliyinin mühüm komponenti və gələcək nəsillərə ötürülməli olan milli sərvətdir. Ona görə də bu gün sahilboyu ərazilərin idarə olunmasında iqtisadi səmərəliliklə ekoloji məsuliyyət, investisiya maraqları ilə ictimai mənafe, inkişafla mühafizə arasında düzgün tarazlığın yaradılması əsas prinsip kimi diqqət çəkir. Yeni fərmanın əhəmiyyəti də məhz bu yanaşmanın hüquqi əsaslarının möhkəmləndirilməsinə müsbət təsir göstərir, Xəzər sahilinin qorunması və inkişafının vahid dövlət siyasəti çərçivəsində təşkilinə yeni imkanlar yaradır.  

Vaqif BAYRAMOV 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью