Xəzər geri çəkildikcə bəlaları üstümüzə gəlir

17.11.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bir vaxtlar sahilində dayanıb üfüqə qədər uzanan mavi sularına baxdığımız Xəzər indi gözümüzün qarşısında geri çəkilir. Dünən dalğaların vurduğu yerlərdə bu gün quru torpaq görünür. Sahil xətti dəyişir, balıqların kürülədiyi ərazilər daralır, suitilərin yaşayış məkanları yoxa çıxır. Bəzi ərazilərdə dəniz o qədər geri çəkilib ki, vaxtilə sahilin düz yanında yerləşən obyektlər indi sudan xeyli aralıda qalıb.

Bu, sadəcə, təbiətin dəyişən mənzərəsi deyil. Xəzərin dayazlaşması ekologiyadan balıqçılığa, gəmiçilikdən beynəlxalq yükdaşımalaradək bir çox sahəyə təsir göstərən ciddi təhlükədir. Azərbaycanın Xəzər sektorunda, təxminən, 30 min hektar yeni quru sahəsinin yaranması da problemin miqyasını aydın göstərir. Başqa sözlə, dəniz çəkildikcə təkcə sahillər deyil, onunla bağlı iqtisadi və ekoloji həyat da dəyişir.

Artıq məsələ dövlət səviyyəsində də diqqət mərkəzindədir. Milli Məclisin İqtisadi siyasət, sənaye və ­sahibkarlıq komitəsində müzakirə olunan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində Xəzərin dayazlaşmasının sosial-iqtisadi təsirlərinin qiymətləndirilməsi və milli uyğunlaşma mexanizminin yaradılması nəzərdə tutulub. Bəs Xəzərin geri çəkilməsi bizi hansı təhlükələrlə üz-üzə qoyur? Bu proses ekologiyaya və iqtisadiyyata nə qədər zərər vura bilər? 

Sahillər dəyişir...

Xəzərin sahil xətti yüzlərlə, hətta minlərlə metr geri çəkilib. Qızılağac körfəzində isə bu məsafənin 2 ­kilometrə çatdığı bildirilir. Prezident İlham Əliyevin 2026-cı il ­oktyabrın 9-da Türkmənbaşı şəhərində keçirilən Xəzər Ətraf Mühit Sammitində səsləndirdiyi rəqəmlər də vəziyyətin miqyasını ortaya qoyur. Dövlət başçısının açıqlamasına görə, Azərbaycanın Xəzər sektorunda, təxminən, 30 min hektar yeni quru ərazi yaranıb.

İlk baxışda dənizin çəkilməsi nəticəsində yeni torpaqların üzə çıxması bəzilərinə əlavə imkan kimi görünə bilər. Ancaq bu ərazilərin hamısı istifadəyə yararlı torpaq deyil. Onların bir hissəsi balıqların çoxaldığı, quşların qidalandığı, suitilərin və digər canlıların yaşadığı təbii məkanlardır. Su çəkildikcə həmin yaşayış mühiti də daralır, ekoloji tarazlıq pozulur.

Bu mənzərə Xəzərin digər sahillərində də müşahidə olunur. Məsələn, dənizin şimal-şərqində vaxtilə minlərlə suiti yay aylarında dincəlmək və tük dəyişmək üçün müəyyən ərazilərə toplaşırdı. İndi isə həmin məkanların bir qismi quruyub. Britaniyalı bioloq Saymon Qudman da dəniz səviyyəsinin aşağı düşməsinin heyvanların yaşayışı üçün vacib ərazilərin itirilməsinə səbəb olduğunu bildirir.

Xəzərin cənubunda, xüsusilə İran sahillərində də vəziyyət ürəkaçan deyil. Bataqlıqların və su-bataqlıq ərazilərinin quruması balıq ehtiyatlarına, sahilyanı yaşayış məntəqələrinə və yerli iqtisadi fəaliyyətə təsir göstərir. Vaxtilə suyun kənarında yerləşən bəzi kafe və obyektlərin indi sahildən xeyli aralıda qalması dəyişikliklərin nə qədər sürətlə baş verdiyini göstərir.

Xəzər suitiləri təhlükədədir

Xəzərin taleyindən danışarkən ilk yada düşən canlılardan biri suitidir. Çünki Xəzər suitisi dünyanın başqa heç bir yerində yaşamır. Onun yeganə təbii yaşayış məkanı bu dənizdir. Buna görə də suitilərin vəziyyəti Xəzərin ekoloji sağlamlığını göstərən mühüm göstəricilərdən hesab olunur. Təəssüf ki, bu canlıların gələcəyi də təhlükə altındadır. XX əsrin əvvəllərində saylarının təxminən 1 milyon olduğu bildirilən Xəzər suitilərinin populyasiyası sonrakı dövrdə kəskin azalıb. Mövcud qiymətləndirmələrə görə, onların sayı 270 minə qədər düşüb. Yaşayış və dincəlmə ərazilərinin daralması isə vəziyyəti daha da ağırlaşdırır.

Yada salaq ki, suitilər üçün xüsusilə buz örtüyü vacibdir. Onlar buz sahələrindən çoxalmaq və balalarını böyütmək üçün istifadə edirlər. Ancaq Xəzərin şimalında buzların azalması bu imkanları məhdudlaşdırır. Dənizin geri çəkilməsi də ənənəvi məskunlaşma ərazilərinin itirilməsinə səbəb olur. Beləliklə, Xəzərin dayazlaşması yalnız bir canlı növünün sayının azalması demək deyil. Bu, dənizin özünəməxsus canlı aləminin tədricən yoxsullaşmasıdır.

Balıq ehtiyatları da tükənir

Xəzərin digər böyük sərvəti balıq ehtiyatlarıdır. Vaxtilə nərə balıqları, qızılbalıq və külmə ilə dünyada tanınan bu dəniz indi həmin sərvətlərini itirmək təhlükəsi ilə üz-üzədir. Rəqəmlər də vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Rəsmi statistikaya görə, 2000-ci ildə faktiki balıq ovu 18 min 812 ton olduğu halda, 2024-cü ildə bu göstərici 7 min 946 tona düşüb. Beləliklə, 24 il ərzində balıq ovu, təxminən, 58 faiz azalıb. 2025-ci il üçün ayrılmış 27,8 min tonluq ov kvotasının yalnız 12,9 min tonundan istifadə olunması da balıq ehtiyatlarının azalması ilə bağlı narahatlığı artırır.

Ekspertlər bu vəziyyəti bir neçə amillə əlaqələndirirlər. Ekoloq Rövşən Abbasovun fikrincə, Kür, Volqa və Ural çayları üzərində tikilən bəndlər nərə balıqlarının təbii miqrasiya yollarını məhdudlaşdırır və onların çoxalmasına mane olur. Biologiya üzrə fəlsəfə doktoru Süleyman Süleymanov isə sahil xəttinin geri çəkilməsinin və çaylarda suyun azalmasının balıqların kürüləmə ərazilərinə ciddi zərər vurduğunu bildirir. Alimin qənaətinə görə, Azərbaycanın Xəzər sektorunda nərə balıqlarının vəziyyəti artıq kritik həddə çatıb.

Bunlara iqlim dəyişiklikləri, suyun temperaturunun yüksəlməsi və çirklənmə də əlavə olunur. Kilkə ehtiyatlarının azalması nərə və qızılbalıqların qida bazasını zəiflədir. Brakonyerlik və sintetik torlardan istifadə isə onsuz da azalan balıq ehtiyatlarına əlavə zərbə vurur. Xüsusilə gec cinsi yetkinliyə çatan nərə balıqlarının sayını bərpa etmək uzun illər tələb edir.

Problemin başqa bir tərəfi də var: balıqların azalması təkcə balıqçılara deyil, bütün su ekosisteminə təsir göstərir. Suyun çəkilməsi sahilyanı bataqlıqları və qamışlıqları qurudur, köçəri quşların qida və yuva yerlərini azaldır. Nəticədə, Qızılağac və Şirvan milli parkları, eləcə də Kür deltası kimi mühüm təbii ərazilər təhlükə ilə üzləşir. Deməli, Xəzərdə baş verənlər ayrı-ayrı balıq və quş növlərinin problemi deyil. Söhbət bütöv bir ekosistemin pozulmasından gedir.

Bu vəziyyətdən çıxış yolu yalnız süni balıqartırma müəssisələrinin fəaliyyətini genişləndirmək deyil. İlk növbədə, təbii çoxalma şəraiti bərpa olunmalı, Kür və digər çaylarda ekoloji axım təmin edilməli, kürüləmə əraziləri qorunmalıdır. Xəzəryanı ölkələr də brakonyerliyə və dənizin çirkləndirilməsinə qarşı birgə mübarizə aparmalıdırlar.

Dəniz təsərrüfatında itkilər

Dənizin geri çəkilməsi yalnız balıqların, suitilərin və quşların problemi deyil. Bu prosesin iqtisadi nəticələri də az deyil. İlk növbədə, limanlar, gəmiçilik və beynəlxalq yükdaşımalar ciddi çətinliklərlə üzləşir. Səbəb isə sadədir. Çünki suyun səviyyəsi aşağı düşdükcə gəmilərin hərəkəti üçün lazım olan dərinlik də azalır. Limanların akvatoriyası və gəmiçilik kanalları dayazlaşır, böyük gəmilərin hərəkəti çətinləşir. Nəticədə, daşınan yüklərin həcminə məhdudiyyət qoyulur, daşımaların qiyməti artır. Belə şəraitdə limanların normal fəaliyyətini qorumaq üçün dəniz dibinin dərinləşdirilməsi işlərinə ehtiyac yaranır. Bu isə əlavə maliyyə vəsaiti, vaxt və texniki imkanlar tələb edir. Saymon Qudmanın qiymətləndirməsinə görə, qarşıdakı 5–10 ildə bu problemlər daha da kəskinləşəcək.

Azərbaycan üçün bu məsələnin əhəmiyyəti xüsusilə böyükdür. Çünki Xəzər üzərindən yükdaşımalar ölkəmizin tranzit imkanlarının mühüm hissəsini təşkil edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsində mövqeyini gücləndirən layihələrdəndir.

Ancaq Orta Dəhlizin uğuru yalnız avtomobil yollarından, dəmir yollarından və terminallardan asılı deyil. Xəzərdə gəmilərin maneəsiz hərəkəti də bu marşrutun əsas şərtlərindən biridir. Dəniz dayazlaşdıqca limanların fəaliyyəti çətinləşir, gəmilərin yükdaşıma imkanları məhdudlaşır, əlavə xərclər isə artır.

Alimlərin xəbərdarlığına görə, Xəzərin səviyyəsinin 10 metr azalması geniş ərazilərin qurumasına səbəb olacaq. Belə bir ssenaridə dənizin su səthinin təxminən üçdə birinin itirilməsi ehtimalı var. Bu isə təkcə ekoloji fəlakət deyil, Xəzəryanı ölkələrin iqtisadi həyatına ciddi təsir göstərə biləcək dəyişiklikdir.

Köhnə sahillərin yeni təhlükələri

Xəzərin geri çəkilməsi nəticəsində üzə çıxan ərazilər ilk baxışda yeni torpaq sahələri kimi görünür. Ancaq bu torpaqların altında hansı ekoloji təhlükələrin gizləndiyini bilmirik. Dənizin dibində uzun illər ərzində müxtəlif çöküntülər toplanıb. Xüsusilə neft-qaz fəaliyyəti və sənaye tullantıları nəticəsində çirklənmiş sahələrin üzə çıxması yeni ekoloji risklər yaradır. Küləyin bu ərazilərdən qaldırdığı toz və çöküntülərin tərkibində zərərli maddələrin olması isə sahilyanı yaşayış məntəqələrinin sakinlərinin sağlamlığı üçün əlavə təhlükə yaradır.

Bu baxımdan, quruyan dəniz dibinin tərkibi hərtərəfli araşdırılmalı, çirklənmiş ərazilər müəyyənləşdirilməli və onların ətraf mühitə təsiri qiymətləndirilməlidir. Çünki Xəzərin dayazlaşması artıq yalnız ekoloqları və alimləri narahat edən məsələ deyil. Bu proses ölkənin iqtisadi təhlükəsizliyinə, nəqliyyat imkanlarına, təbii sərvətlərinə və insanların həyatına birbaşa təsir göstərir.

Unutmayaq ki, Xəzər geri çəkilsə də, onun yaratdığı təhlükələr yoxa çıxmır. Əksinə, dəniz çəkildikcə bu təhlükələr daha qabarıq şəkildə üzə çıxır. Ona görə də əsas vəzifəmiz itkiləri sadalamaq deyil, gələcəkdə daha ağır nəticələrlə üzləşməmək üçün indidən konkret addımlar atmaqdır. Axı Xəzər yalnız bugünkü nəslin deyil, gələcək nəsillərin də təbii sərvətidir.

(ardı var)

P.ƏFƏNDİ
XQ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью