Xəzər Konvensiyası dənizdə əməkdaşlığa meydan açıb

12.08.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin tarixində mühüm hadisə baş verdi. Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın dövlət başçılarının iştirakı ilə keçirilən V Xəzər Zirvə Toplantısında “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalandı.

Sənədə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imza atdılar. Xəzər Konvensiyası Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində uzun illər davam edən danışıqların mühüm mərhələsi hesab olunur. Bu konvensiyaya əsasən çıxış xətlərindən sahilə doğru istiqamətdə yerləşən sular – daxili sular, sahilyanı dövlətin suverenliyinin şamil olunduğu dəniz zolağı isə ərazi suları adlandırıldı.

Çətin “status” razılaşması

Xəzər coğrafi baxımdan qapalı su hövzəsi olduğuna görə onun hüquqi rejimi klassik dəniz hüququ normalarının avtomatik tətbiq olunduğu açıq dənizlərdən fərqlənirdi. Digər tərəfdən, Xəzər böyük neft-qaz ehtiyatlarına, zəngin bioloji resurslara və mühüm nəqliyyat imkanlarına malikdir. Buna görə onun hüquqi statusu yalnız hüquqi məsələ deyil, eyni zamanda, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik məsələsi idi.

SSRİ-nin dağılmasından sonra Xəzərin sahilində iki deyil, beş müstəqil dövlətin yaranması əvvəlki hüquqi və siyasi reallığı dəyişdirdi. Azərbaycan, Qazaxıstan və Türkmənistanın müstəqillik əldə etməsi ilə Xəzərin istifadəsi, təbii ehtiyatların işlənməsi, dənizin dibi və təkinin delimitasiyası, gəmiçilik, balıqçılıq və təhlükəsizlik məsələləri yeni hüquqi çərçivənin yaradılmasını zəruri etdi. Bu prosesdə dövlətlərin maraqları bütün məsələlər üzrə üst-üstə düşmürdü. Xüsusilə Xəzərin dibinin bölünməsi, enerji layihələrinin həyata keçirilməsi və dənizin hansı hüquqi rejimə malik olması ilə bağlı fərqli yanaşmalar mövcud idi. Buna görə də yekun sənədin hazırlanması uzun və mürəkkəb danışıqlar tələb etdi.

Dəniz, yoxsa göl?

Xəzər Konvensiyasının ən mühüm nəticələrindən biri Xəzərin özünəməxsus hüquqi rejiminin təsbit edilməsidir. Konvensiya Xəzəri beş sahilyanı dövlətin xüsusi hüquqi rejimə malik olduğu qapalı su hövzəsi kimi tənzimləyir. Bu yanaşma Xəzərin nə tam şəkildə klassik dəniz hüququ rejiminə, nə də adi göl hüquqi rejiminə uyğunlaşdırılması deməkdir. Sənəd Xəzərin su sahəsi, dəniz dibi, təki, təbii ehtiyatları, gəmiçilik, balıqçılıq, təhlükəsizlik və ekoloji məsələlər üzrə xüsusi hüquqi çərçivə müəyyən edir.

Konvensiyanın preambulasında Xəzərlə bağlı məsələlərin həllinin məhz Xəzəryanı dövlətlərin müstəsna səlahiyyətinə aid olduğu vurğulanır. Bu müddəa Xəzərin hüquqi rejiminin müəyyən edilməsində beş sahilyanı dövlətin əsas rolunu təsbit edən mühüm prinsiplərdən biridir.

Su ərazisi necə bölünür?

Konvensiyanın əsas yeniliklərindən biri Xəzərin su sahəsində müxtəlif hüquqi rejimlərə malik zonaların müəyyənləşdirilməsidir. Sahilyanı dövlətlərin ərazi suları maksimum 15 dəniz mili ilə məhdudlaşdırılır. Bu ərazinin xarici sərhədi dövlət sərhədi hesab olunur. Ərazi sularına bitişik daha 10 dəniz mili enində balıqçılıq zonası yaradılır. Bu zonada hər bir sahilyanı dövlət su bioloji ehtiyatlarının hasilatına müstəsna hüquqa malikdir. Balıqçılıq zonalarından kənarda isə ümumi su məkanı formalaşır. Burada Xəzəryanı dövlətlərin bayrağı altında üzən gəmilər üçün gəmiçilik azadlığı təmin edilir.

Bu model Xəzərin həm milli yurisdiksiya sahələrini, həm də bütün Xəzəryanı dövlətlərin istifadə etdiyi ümumi su məkanını özündə birləşdirir. Başqa sözlə, Xəzərin su səthi beş dövlət arasında “beş bərabər hissəyə” bölünmür.

Konvensiyanın ən çox diqqətçəkən məsələlərindən biri də Xəzərin dibi və təkinin delimitasiyasıdır. Burada mühüm məqam ondan ibarətdir ki, Konvensiya Xəzərin dibini beş dövlət arasında avtomatik olaraq 20 faizlik bərabər hissələrə bölmür. Sənədə əsasən, qarşı-qarşıya və ya bir-birinə bitişik sahilləri olan dövlətlər Xəzərin dibini və təkinin sektorlarını qarşılıqlı razılaşma əsasında müəyyənləşdirirlər. Bu zaman beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları nəzərə alınır.

Bu yanaşma Xəzərin dibinin delimitasiyası ilə bağlı əvvəllər əldə edilmiş ikitərəfli və üçtərəfli razılaşmaların da əhəmiyyətini artırır. Məsələn, Azərbaycan, Qazaxıstan və Rusiya arasında 2003-cü ildə Xəzərin dibində sərhəd xətlərinin qovuşma nöqtəsinin müəyyənləşdirilməsi barədə saziş imzalanmışdı. Qazaxıstan və Türkmənistan arasında isə 2014-cü ildə Xəzərin dibinin delimitasiyası ilə bağlı razılaşma əldə edilmişdi. Lakin Azərbaycan, Türkmənistan və İran arasında bu cür Saziş olmadığına görə adı keçən dövlətlər arasında Xəzərin dibinin bölgüsü həll edilməmiş qalır.

Deməli, Xəzərin dibinin bölünməsi prinsipi sadə şəkildə “bərabər bölünmə” deyil. Əsas məsələ sahilyanı dövlətlər arasında razılaşdırılmış delimitasiya xətlərinin müəyyən edilməsidir.

Bu xüsusiyyət Xəzərin zəngin karbohidrogen ehtiyatlarının işlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətlər öz sektorlarında dəniz dibinin və təkinin təbii ehtiyatlarından istifadə etmək hüququ əldə edir və bununla bağlı iqtisadi fəaliyyətin hüquqi bazası formalaşır.

Dənizdə enerji layihələrinə meydan

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi enerji sahəsində əməkdaşlıq üçün də yeni imkanlar yaratdı. Xəzər hövzəsi Azərbaycan, Qazaxıstan və Türkmənistanın neft-qaz ehtiyatları baxımından böyük əhəmiyyət daşıyır. Bu ehtiyatların dünya bazarlarına çıxarılması üçün dəniz nəqliyyatı, boru kəmərləri və digər infrastruktur layihələri mühüm rol oynayır.

Konvensiya Xəzərin dibi ilə sualtı boru kəmərlərinin və kabellərin çəkilməsi məsələsini də tənzimləyir. Bu istiqamətdə layihələrin həyata keçirilməsi zamanı müvafiq dövlətlərin maraqları və ətraf mühitin qorunması ilə bağlı tələblər nəzərə alınmalıdır.

Bu müddəa Xəzərin enerji və kommunikasiya imkanlarının genişləndirilməsi baxımından mühüm hüquqi baza formalaşdırır. Xüsusilə Xəzər üzərindən Şərq-Qərb istiqamətində enerji və nəqliyyat bağlantılarının inkişaf etdirilməsi baxımından sənədin əhəmiyyəti böyükdür.

Konvensiyanın digər mühüm müddəalarından biri Xəzərin təhlükəsizlik arxitekturası ilə bağlıdır. Sənəddə Xəzəryanı dövlətlərin təhlükəsizliyinin təmin edilməsi, hərbi əməkdaşlıq, fövqəladə halların qarşısının alınması və müasir təhlükələrə qarşı mübarizə məsələlərinə xüsusi diqqət yetirilir. Xəzər dənizində tərəflərə məxsus olmayan silahlı qüvvələrin mövcudluğuna yol verilməməsi prinsipi də sənədin əsas müddəalarından biridir.

Bu prinsip Xəzərin regional təhlükəsizlik baxımından qapalı məkan kimi formalaşdırılmasına xidmət edir. Başqa sözlə, Xəzərin təhlükəsizlik sistemi beş sahilyanı dövlətin qarşılıqlı razılaşmaları əsasında qurulur.

Bu yanaşma Xəzərin geosiyasi əhəmiyyətini daha da artırır. Çünki dəniz Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın ortaq təhlükəsizlik məkanı olmaqla yanaşı, Avropa ilə Mərkəzi Asiya arasında mühüm nəqliyyat və enerji bağlantısının bir hissəsidir.

Xəzər dünyanın ən həssas su ekosistemlərindən biri hesab olunur. Buna görə Konvensiyada ətraf mühitin və Xəzərin bioloji resurslarının qorunmasına ayrıca diqqət yetirilir.

Xüsusilə balıqçılıq sahəsində beş dövlətin razılaşdırılmış yanaşmasının tətbiqi nəzərdə tutulur. Balıq ehtiyatlarının qorunması məqsədilə ümumi su məkanında ovlanma məsələsində milli kvotaların razılaşdırılması mexanizmi müəyyən edilir.

Bu, Xəzərin ekoloji problemlərinin yalnız bir dövlətin səyləri ilə həll edilə bilməyəcəyini göstərir. Su hövzəsinin qapalı xarakter daşıması səbəbindən bir ölkənin ərazisində baş verən ekoloji proseslər digər sahilyanı dövlətlərə də təsir göstərə bilər. Buna görə Xəzərin qorunması beştərəfli əməkdaşlıq tələb edir.

Xəzər Konvensiyası Xəzərin nəqliyyat potensialının inkişafı üçün də mühüm hüquqi baza yaratdı. Sənədlə yanaşı, 2018-ci ildə Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş də imzalandı. Həmçinin ticarət-iqtisadi əməkdaşlıq, Xəzər dənizində insidentlərin qarşısının alınması və sərhəd qurumları arasında əməkdaşlıqla bağlı sənədlər qəbul edildi. Bu sənədlər Xəzəri yalnız təbii ehtiyatlar məkanı kimi deyil, həm də regional və beynəlxalq tranzitin mühüm hissəsi kimi nəzərdən keçirməyə imkan verir.

Azərbaycanın mövqeyi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölkənin Xəzərin qərb sahilində yerləşməsi onu Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevirir. Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və digər layihələr Xəzərin nəqliyyat imkanlarını Avrasiya ticarət marşrutları ilə birləşdirir.

Azərbaycan Aktau Konvensiyasının hazırlanması prosesində fəal iştirak edən dövlətlərdən biri olub. Ölkə müstəqillik əldə etdikdən sonra Xəzərin enerji ehtiyatlarından istifadə, dəniz nəqliyyatı, ekoloji təhlükəsizlik və regional əməkdaşlıq məsələlərində ardıcıl siyasət həyata keçirib.

Azərbaycan üçün Konvensiyanın əhəmiyyəti, ilk növbədə, Xəzərdə fəaliyyətin daha aydın hüquqi çərçivəyə salınması ilə bağlıdır. Bu, ölkənin dənizdəki iqtisadi fəaliyyətinin, enerji layihələrinin və nəqliyyat imkanlarının inkişafı üçün daha əlverişli şərait yaradır.

Mötəbər hüquqi baza

2018-ci il Konvensiyası Xəzərlə bağlı bütün praktiki məsələləri bir gündə həll edən sənəd deyil. Xüsusilə dəniz dibinin ayrı-ayrı sahələr üzrə delimitasiyası dövlətlər arasında müvafiq razılaşmalar tələb edir. Lakin sənəd bu məsələlərin həlli üçün ümumi hüquqi prinsipləri müəyyənləşdirərək Xəzəryanı dövlətlərin qarşılıqlı münasibətlərinə daha aydın çərçivə gətirdi.

Konvensiya Xəzərin su sahəsinin müxtəlif hüquqi zonalara ayrılmasını, dəniz dibinin və təkinin razılaşmalar əsasında delimitasiyasını, gəmiçilik azadlığını, balıqçılıq hüquqlarını, enerji layihələrinin hüquqi əsaslarını, ekoloji təhlükəsizliyi və regional təhlükəsizlik prinsiplərini bir sənəddə birləşdirdi.

Bu səbəbdən 12 avqust 2018-ci il Xəzər tarixində xüsusi mərhələ hesab olunur. Aktau şəhərində imzalanan Konvensiya 1990-cı illərin əvvəllərindən başlayan uzun danışıqlar prosesinin nəticəsi olmaqla yanaşı, beş Xəzəryanı dövlətin ortaq maraqlarını hüquqi çərçivədə uzlaşdırmaq cəhdi idi.

Bu gün Xəzər Avrasiya geosiyasətinin, enerji təhlükəsizliyinin və Şərq-Qərb nəqliyyat bağlantılarının mühüm elementlərindən biridir. Onun hüquqi statusunun müəyyənləşdirilməsi isə Xəzərin gələcəkdə enerji, nəqliyyat, ticarət, ekologiya və regional əməkdaşlıq baxımından daha böyük rol oynaması üçün əsas hüquqi dayaqlardan birini formalaşdırıb.

Sonda qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya hələ qüvvəyə minməyib. Bunun səbəbi odur ki, sənədin qüvvəyə minməsi üçün beş Xəzəryanı dövlətin hamısı Konvensiyanı ratifikasiya etməli və ratifikasiya sənədlərini depozitari funksiyasını həyata keçirən Qazaxıstan Respublikasına təqdim etməlidir. Nəzərə çatdıraq ki, Konvensiya beşinci ratifikasiya sənədinin Depozitari tərəfindən qəbul edildiyi tarixdən etibarən qüvvəyə minir. Hazırda Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan Konvensiyanı ratifikasiya edib. Lakin İran hələ də ratifikasiya prosesini başa çatdırmayıb. Bu səbəbdən beşinci və sonuncu ratifikasiya sənədi depozitariyə təqdim edilmədiyindən Konvensiya hələlik qüvvəyə minmiş hesab olunmur.

Musa BAĞIRLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью