Xəzər marşrutu energetika logistikasında çağırışlar və həllər

24.04.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Astana, 24 aprel, AZƏRTAC

Bu gün enerji sektorunda Azərbaycan və Qazaxıstanın qarşısında iki əsas vəzifə durur. Birincisi, Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə daşınmasıdır. Bu, uğurlu əməkdaşlığın parlaq nümunəsidir ki, onun sayəsində Qazaxıstan nefti Avropa bazarlarına çıxış əldə edir.

Bunu AZƏRTAC-a açıqlamasında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun Qlobal iqtisadiyyat və davamlı inkişaf şöbəsinin baş eksperti Baurjan Umirzakov deyib.

Onun sözlərinə görə, hazırda bir milyon yarım tonluq daşımaların həcmi əhəmiyyətli göstəricidir. Bununla belə, artım potensialı yüksək olaraq qalır. Tərəflər bu rəqəmi 2,2 milyon tona çatdırmağı və əməkdaşlığı daha da genişləndirməyi nəzərdə tutur.

Şöbə müdiri ixracın artımını şərtləndirən amillər arasında Qazaxıstanda yataqlar - Tengiz və Kaşaqan hesabına neft hasilatının artmasını xüsusi qeyd edib. Bu layihələrin inkişafı Azərbaycan vasitəsilə tədarükün artırılması üçün yeni imkanlar açır.

Bununla yanaşı, ekspertin fikrincə, qarşıda hələ də həllini gözləyən vəzifələr var. Onların arasında ekoloji problemləri, həmçinin tanker parkının artırılmasını da göstərmək olar. O əlavə edib: “Yalnız hər iki tərəfin sistemli və koordinasiyalı yanaşması ilə bu sahədə davamlı inkişafı təmin edə bilərik”.

Baurjan Umirzakovun qeyd etdiyi kimi, ikinci əsas məsələ Qazaxıstan və Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişafıdır.

“Biz yaşıl enerjinin Qazaxıstan və Azərbaycan üçün karbon neytrallığına nail olmaq kontekstində mühüm əhəmiyyət kəsb etdiyini görürük”, -deyən şöbə müdirinin sözlərinə görə, iddialı layihələrdən biri də iki ölkənin enerji sistemlərini birləşdirən dərin dəniz elektrik kabeli olub. Hazırda layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır və onun həyata keçirilməsi planlaşdırılır. “Bu layihə yaşıl enerjiyə tələbatın sürətlə artdığı Avropa bazarlarına ixraca imkan verəcək”, - deyə o bildirib.

Elşən Rüstəmov

AZƏRTAC-ın müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью