GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəzər TV-də yayımlanan “İncə səhər” verilişində “gender party” təşkil edilməsi birmənalı qarşılanmayıb. Belə ki, efirdə hamilə müğənni Gülnar Ələkbərlinin övladının cinsiyyəti öyrənilib.
Efirlərdə bu kimi halların qarşısının alınması üçün hansı addımlar atıla bilər?
Globalinfo.az-a danışan Axar.az saytının baş redaktoru, tanınmış jurnalist Anar Niftəliyev deyib ki, bu, Azərbaycanda artıq onillərdir hər kəsi narahat edən və getdikcə dərinləşən problemdir:
“Televiziyaların rəhbərliyinə peşəkarlar gəlməlidir, onların fəaliyyətinə dövlət və ictimaiyyət dəstək verməlidir. Bu halda peşəkarlar qeyri-peşəkarları efirdən təmizləyəcək və hazırkı rüsvayçı mənzərə də kökündən dəyişəcək”.
Anar Niftəliyev
Deputat Razi Nurullayev də qeyd edib ki, efirlərdə uşağın cinsiyyətinin açıqlanması məqsədi daşıyan “gender party” formatlı təqdimatlar cəmiyyətdə haqlı narahatlıq doğurur:
“Ailə və şəxsi həyata aid olan bu kimi məsələlərin efir məkanına çıxarılması ictimai maraq anlayışı ilə uyğun gəlmir. Televiziya kanalları ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Efir məkanı dövlətçilik, mənəvi dəyərlər, ictimai fayda prinsipləri əsasında formalaşdırılmalıdır. Reytinq naminə şəxsi həyatın nümayiş etdirilməsi media məsuliyyəti baxımından doğru hesab edilə bilməz”.
Razi Nurullayev
Deputat bildirib ki, tamaşaçının hansısa ictimai şəxsin övladının cinsiyyətini efir vasitəsilə öyrənməsinə ehtiyacı yoxdur:
“Bu kimi halların qarşısının alınması üçün televiziya məzmununa dair etik və peşəkar standartların daha ciddi tətbiqi, eləcə də tənzimləyici qurumların nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir. Media azadlığı cəmiyyət qarşısında məsuliyyətlə müşayiət olunmalı, efir məkanı şəxsi xarakterli mövzuların deyil, ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu platforma olmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az