Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan–Özbəkistan qardaşlığının mənəvi dayaqları möhkəmlənir
Azərbaycan–Özbəkistan münasibətləri tarixi diplomatik əlaqələrin qurulduğu dövrdən çox-çox əvvələ – Türk dünyasının sərhədsiz bir məkan olduğu, “İpək yolu” ilə karvanların fasiləsiz hərəkət etdiyi, şairlərin ortaq qəhrəmanlardan poemalar yazdığı əsrlərə gedib çıxır.
Xəzərdən keçərək Mərkəzi Asiyanı Cənubi Qafqazla birləşdirən qədim yollar bu iki ölkəni yalnız ticari baxımdan deyil, həm də elm, ədəbiyyat və mədəniyyət sahəsində yaxınlaşdırıb. İçərişəhərdəki Buxara karvansarası tarixin daş yaddaşında qalan nümunələrdən biridir. Nizami Gəncəvi irsinin Əlişir Nəvai yaradıcılığında davam etməsi, Azərbaycan və Mərkəzi Asiya alimlərinin bir-birinin elmi mühitinə təsiri isə əlaqələrin daha da möhkəmləndiyini göstərir.
Repressiya illərində Özbəkistanın azərbaycanlı ailələr üçün sığınacağa çevrilməsi, Daşkənd zəlzələsindən sonra azərbaycanlı mütəxəssislərin şəhərin yenidən qurulmasında iştirakı münasibətlərin siyasi çərçivədən kənarda da nə qədər səmimi olduğunun sübutudur.
Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi son müsahibə və hazırkı Daşkənd səfəri fonunda Bakı–Daşkənd münasibətləri yenidən diqqət mərkəzindədir.
Azərbaycanla Özbəkistanı bir-birinə bağlayan ortaq yaddaşın müasir münasibətlərdə rolu nədən ibarətdir? İki xalq arasında formalaşmış bu dostluq gələcəkdə hansı istiqamətlərdə daha da dərinləşə bilər?
Bu suallarla Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinova müraciət etdik. O bildirdi ki, hazırda həyata keçirilən layihələr qədim tarixi bağları, sadəcə, qoruyub saxlamır, onlara zamanın ruhuna uyğun tamamilə yeni, dinamik və müasir məzmun da qazandırır:
– Özbəkistanın paytaxtı Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni kampusunun istifadəyə verilməsi də bu mənəvi bağların müasir müstəvidəki parlaq təzahürlərindəndir. Ali təhsil ocağının Azərbaycanın aparıcı universitetləri ilə imzaladığı əməkdaşlıq memorandumları, həyata keçirilən birgə elmi tədqiqatlar, akademik mübadilələr və mədəni-maarif layihələri bir daha sübut edir ki, dahi Nizaminin adı artıq təkcə klassik ədəbiyyatımızın qüruru deyil, həm də iki qardaş xalqın gələcəyə birgə baxışının ortaq rəmzidir.
Eyni zamanda, Yeni Daşkənd layihəsi çərçivəsində “Azərbaycan” parkının salınması qarşılıqlı yaddaşda mədəni izlərimizi daha da dərinləşdirir, paytaxtların simasında bu doğmalığı əbədiləşdirir. Bu mənəvi yaxınlığın qarşılıqlı xarakter daşıdığını göstərən nümunələr Azərbaycanda da yaradılır. Özbəkistanda Nizami Gəncəvinin adını daşıyan Milli Pedaqoji Universitetin fəaliyyət göstərməsi ilə yanaşı, Bakının mərkəzində “Özbəkistan” parkının salınması iki xalqın bir-birinin mədəni irsinə verdiyi dəyərin simvoluna çevrilir.
Azərbaycan və Özbəkistanın humanitar sahədəki tərəfdaşlığı yalnız rəsmi mərasimlərlə məhdudlaşmır. İki ölkədə növbəli şəkildə təşkil olunan Mədəniyyət Günləri, "Şuşa Günləri", sənətçilərin qarşılıqlı səfərləri, birgə ədəbi-bədii layihələr və yaradıcı təşəbbüslər xalqlarımız arasında vasitəsiz ünsiyyət körpüləri salır. Məhz bu genişmiqyaslı proseslərin mərkəzində dayanan, ictimai diplomatiyanın ən mühüm platformalarından birinə çevrilən “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyəti də iki ölkənin vətəndaş cəmiyyəti institutlarını və ziyalılarını eyni amal ətrafında birləşdirməyə davam edir.
Cəmiyyət bu gün iki ölkə arasındakı mədəni bağları daha da sıxlaşdırmaq üçün yeni fəaliyyət planı üzərində çalışır. Bu məqsədlə hazırlanan xüsusi layihə artıq Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim olunub. Layihənin əsas ideyası Özbəkistandan olan elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycana səfərlərini təşkil etməkdir. Bu səfərlər vasitəsilə mütəxəssislər bir-birinin təcrübəsini öyrənəcək, muzeylər, teatrlar, ali məktəblər və kitabxanalar arasında birbaşa işbirliyi yaradacaqlar.
Bu təşəbbüsün ən böyük üstünlüyü onun formal olmamasıdır. Yəni münasibətlər ilboyu keçirilən bir-iki rəsmi tədbirlə bitmir, canlı və davamlı tərəfdaşlığa çevrilir. Çünki iki ölkənin yaradıcı insanları və mütəxəssisləri bir-biri ilə nə qədər çox görüşüb ünsiyyətdə olsalar, ortaq layihələr də bir o qədər çox doğular. Dostluq Cəmiyyətinin planlaşdırdığı bu səfərlər də məhz həmin canlı ünsiyyətə və uzunmüddətli dostluğa xidmət edir.
Təhsil sahəsi bu münasibətlərin gələcəyə hesablanmış ən strateji istiqamətidir. Məhz bu səbəbdən müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatlar və universitetlərarası sıx təmaslar xüsusi dəyər kəsb edir.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin sıralarında müxtəlif sahələrin ziyalıları – alimlər, müəllimlər, yazıçılar və şairlər təmsil olunur. Cəmiyyətin Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universiteti ilə sıx bağlılığı təhsil və elm istiqamətinin daim diqqət mərkəzində saxlanılmasına imkan verir.
2022-ci ildə cəmiyyətin bilavasitə təşəbbüsü ilə Nizami Gəncəvi adına universitetlə Azərbaycanın aparıcı ali təhsil ocaqları – Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq memorandumları imzalanıb. Bu sənədlər əsasında artıq neçə ildir ki, mütəmadi olaraq müəllim heyətinin və tələbələrin qarşılıqlı mübadiləsi həyata keçirilir.
Məsələnin ən diqqətçəkən tərəfi isə bu əməkdaşlığın yalnız ali məktəblə məhdudlaşmamasıdır. Dostluq cəmiyyətinin səyləri ilə Özbəkistanın pedaqoji kollektivləri ilə Füzuli şəhərində inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin müəllim və şagirdləri arasında da canlı ünsiyyət körpüsü salınıb, qarşılıqlı təcrübə paylaşımı üçün real imkanlar yaradılıb. Bu məktəbin ilk 5 məzununun Özbəkistanda pulsuz, qrantla oxumaq hüququ qazanması isə qürurverici nəticələrdəndir.
Müsahibimiz onu da qeyd etdi ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın digər mühüm istiqaməti vətəndaş cəmiyyəti institutlarıdır:
– Bakı və Daşkənddə keçirilən media və qeyri-hökumət təşkilatları forumları bu sahədə əlaqələrin institusional əsaslarını genişləndirib. 2026-cı ildə ilk dəfə birgə qrant müsabiqəsinin elan olunması isə bu münasibətlərin yeni mərhələyə keçdiyini göstərən addımlardan biridir. Cəmiyyətin təşəbbüsü ilə iki ölkənin böyük mütəfəkkirlərinin yubileylərinə və irsinə həsr olunan müxtəlif müsabiqələr keçirilir. Bu layihələr yalnız peşəkar dairələri deyil, gəncləri və tələbələri də əhatə edir.
Belə müsabiqələrin əhəmiyyəti onların nəticəsindən daha genişdir. Çünki gənc bir insan Nizami Gəncəvi, Əlişir Nəvai və ya digər böyük mütəfəkkirin yaradıcılığı ilə bağlı araşdırma apararkən əslində başqa bir xalqın mədəni dünyasına da daxil olur. Mədəni maarifləndirmə bu mənada xalqlar arasında münasibətlərin ən sakit, lakin ən davamlı diplomatiya formalarından birinə çevrilir.
İki ölkənin şəhərləri və regionları arasında qurulan qardaşlıq münasibətləri də bu mənəvi yaxınlığı gündəlik həyata gətirən mexanizmlər sırasındadır. Bakı–Daşkənd, Şuşa–Xivə, Lənkəran–Buxara kimi şəhərlər arasında əlaqələr müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə imkan yaradır. Bununla yanaşı, Özbəkistanın Riştan və Azərbaycanın İsmayıllı rayonları arasında da yaxın əməkdaşlıq münasibətləri qurulub.
Bu cür əlaqələrin üstünlüyü ondadır ki, onlar paytaxtlar səviyyəsində əldə olunan razılaşmaları regionlara da daşıyır. Şəhər və rayonlar arasında əməkdaşlıq qurulduqda münasibətlər daha konkret xarakter alır: mədəniyyət kollektivlərinin səfərləri, sənətkarların görüşləri, təhsil və turizm layihələri, yerli idarəetmə orqanları arasında təcrübə mübadiləsi və sahibkarlar arasında əlaqələr üçün yeni imkanlar yaranır.
Bu prosesə turizm də əlavə olunduqda xalqlar arasındakı münasibət artıq yalnız rəsmi tədbirlər çərçivəsində deyil, insanların şəxsi təcrübəsində də öz əksini tapır. Özbəkistandan Azərbaycana gələn turistlərin sayının artması Azərbaycan şəhərlərinin və tarixi-mədəni məkanlarının özbək cəmiyyətində daha geniş tanınmasına, eyni zamanda, Azərbaycan vətəndaşlarının Özbəkistanın tarixi şəhərləri ilə daha yaxından tanış olmasına şərait yaradır.
Əslində, iki ölkənin şəhərləri arasında qurulan bu “qardaşlıq xəritəsi” daha böyük bir mənzərənin kiçik hissəsidir. Bu xəritədə bir şəhər digər şəhərə, bir universitet digər universitetə, bir məktəb digər məktəbə, bir mədəniyyət ocağı digərinə bağlanır. Beləliklə, dövlətlərarası münasibətlər cəmiyyətlərin öz daxilində də görünən və hiss olunan bir əlaqələr şəbəkəsinə çevrilir.
Məhz buna görə Azərbaycan – Özbəkistan münasibətlərinin bugünkü mərhələsini yalnız siyasi və iqtisadi əməkdaşlıqla ölçmək kifayət deyil. Çünki siyasi və iqtisadi münasibətlər zamanın şərtlərinə görə dəyişə bilər, mədəni əlaqələr isə birbaşa xalqın yaddaşına, dünyagörüşünə və mənəvi kimliyinə toxunur. Yaddaşda kök salan dostluq isə nəsildən-nəslə ötürülərək əbədiləşir.
Cavabları çapa hazırladı:
Fidan ƏLİYEVA
XQ