Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“Xəzərin səviyyəsinin azalması və sahil xəttinin dənizə tərəf çəkilməsi ərazilərdə həm quruda, həm də suda biotərkibin dəyişməsinə səbəb olur”.
Bunu XalqCəbhəsi.az-a açıqlamasında ekoloq Çingiz İsmayılov bildirib.
Onun fikrincə, Şimal bölgələrdən kənar mikroorqanizmlər köçür və təbii mühit uzunmüddətli perspektivdə tədricən dəyişir:
“Son 200 ilin müşahidələrinə əsasən, Xəzərin səviyyəsi qalxıb-düşür. Bəzi xarici alimlərin 50 ilə 8-20 metr çöküş ehtimalı ilə bağlı proqnozları indiyə qədərki qanunauyğunluqlara uyğun deyil. Realist yanaşma ilə səviyyə yalnız 3-4 metr qədər dəyişə bilər.Xəzərin səviyyəsindəki dəyişikliklərin əsas səbəbi qlobal iqlim prosesləri və istiləşmədir. İnsan fəaliyyəti burada həlledici rol oynamır. Gözlənilən dəyişikliklər təbii qanunauyğunluqlar çərçivəsində baş verir”.
Ekoloq həmçinin Astarada vəziyyətin Abşerondan fərqli olduğunu qeyd edib: “Astara sahilində çirklənmə daha azdır, bu isə yeni bitki ərazilərinin və ekoloji təmiz sahələrin yaranmasına imkan verir. Belə sahələr köçəri quşlar üçün əlverişlidir və turistlər üçün cəlbedici olur. Amma bunun üçün sahil ərazilərinin idarə olunması və mühafizə proqramlarının hazırlanması vacibdir. Əks halda torpaqların mənimsənməsi və tikinti ilə təbii zonalar dağıla bilər.Yalnız dövlət və yerli icmaların iştirakı ilə kompleks idarəetmə tədbirləri tətbiq olunarsa, Xəzər sahillərində müsbət ekoloji dəyişikliklər müşahidə oluna bilər”.
Günel Elxan