GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) dronları Xəzər dənizində “Lukoil” şirkətinə məxsus neft hasilatı platformalarına ikinci hücumu həyata keçirib.
Məlumata görə, “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinə məxsus uzaqmənzilli dronlar artıq 11 dekabrda bir dəfə zərbə endirilmiş Xəzər dənizindəki Filanovski yatağında yerləşən neft hasilatı platformasına ikinci dəfə hücum edib. SBU bildirir ki, Korçagin yatağındakı ikinci platforma da zərbəyə məruz qalıb. Hücum nəticəsində “Lukoil”ə məxsus hər iki buza davamlı platformadakı vacib avadanlıqlara ziyan dəyib və istehsal prosesləri dayandırılıb.
Bu hadisə Ukrayna müharibəsinin artıq Azərbaycan üçün təhlükə yaratması kimi dəyərləndirilir.
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya–Ukrayna müharibəsinin davam etməsi müxtəlif ölkələr üçün təhlükələr yaradır:
“Rusiya dronları artıq bir müddətdir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin, xüsusilə Polşa, Estoniya, Latviya və Litva səmalarında görünür. Hətta bu dronların zərbələri nəticəsində Polşada həlak olanlar var.
Qazaxıstan da müharibədən zərər görən ölkələrdəndir. Nijnevoljsk limanı vasitəsilə Qazaxıstan neftinin daşınmasında müəyyən problemlər yaşanıb. Müharibə artıq Türkiyəyə də təsir edir. Belə ki, Türkiyənin bəzi gəmilərinə hücumlar edilib. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan da açıqlamalar verib.
Elxan Şahinoğlu
Müharibə artıq bir müddətdir Xəzər dənizinə keçib. Ukrayna Rusiyanın Xəzər dənizindəki neft yataqlarına və hərbi gəmilərinə zərbələr endirir. Ötən il dekabrın 25-də AZAL-a məxsus təyyarənin vurulmasının təməl səbəbi də bu idi.
Müharibə hələlik davam edəcək kimi görünür. Bu isə region ölkələri üçün ciddi təhlükələr yaradır. Ölkəmiz də bu təhlükələrdən sığortalanmayıb”.
Turan Rzayev
Globalinfo.az