Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu marşrut qlobal internet dəhlizi olacaq
Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin tikintisi artıq son mərhələyə daxil olub. Hazırda layihə çərçivəsində sazlama işləri aparılır və kabel xəttinin bu ilin IV rübündə istismara verilməsi planlaşdırılır. Məlumatı Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin Telekommunikasiya Komitəsi yayıb.
Qurumun məlumatına görə, layihənin ən mürəkkəb və zəhmət tələb edən mərhələsi – fiber-optik kabelin Xəzər dənizinin dibi ilə çəkilməsi artıq başa çatıb. Hazırda əsas diqqət avadanlıqların tənzimlənməsinə, sistemlərin sazlanmasına və xəttin tam hazır vəziyyətə gətirilməsinə yönəlib. Başqa sözlə, illərdir üzərində danışılan rəqəmsal magistral artıq reallığa çevrilmək üzrədir.
Layihənin əsası 2018-ci ildə Azərbaycan və Qazaxıstan hökumətləri arasında Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini nəzərdə tutan dövlətlərarası sazişin imzalanması ilə qoyuldu. 1 il sonra, 2019-cu ilin martında Azərbaycan və Türkmənistan arasında da analoji saziş imzalandı və Siyəzən–Türkmənbaşı istiqamətində yeni rəqəmsal bağlantının yaradılması qərara alındı. Elə həmin ilin noyabr ayında Qazaxıstanın Aktau şəhərində layihənin rəsmi təməlqoyma mərasiminin keçirilməsi bu strateji təşəbbüsün praktik mərhələyə keçdiyini göstərdi.
Trans-Xəzər Fiber-Optik Kabel Xətti müasir telekommunikasiya infrastrukturunun ən qabaqcıl texnoloji həllərini özündə birləşdirir. Layihə ilk mərhələdə saniyədə 2–16 terabit həcmində məlumat ötürmə imkanına malik olmaqla, gələcəkdə ötürmə qabiliyyətinin daha da artırılmasına şərait yaradır. Bu potensial milyonlarla istifadəçinin eyni vaxtda internet xidmətlərindən fasiləsiz yararlanmasını, böyük həcmli məlumatların sürətli ötürülməsini və rəqəmsal xidmətlərin etibarlı fəaliyyətini təmin edəcək.
Xəzər dənizində ilk sualtı rəqəmsal marşrut regionda 400 terabit/saniyədən çox yüksəksürətli internet bağlantısını, böyük həcmdə məlumat mübadiləsini təmin edəcək, həmçinin regionda rəqəmsal xidmətlərin inkişafına töhfə verəcək.
Layihənin ən mühüm üstünlüklərindən biri də məlumat ötürülməsində gecikmə müddətinin minimuma endirilməsidir. Avropa ilə Asiyanı coğrafi baxımdan ən qısa quru–dəniz marşrutu ilə birləşdirən bu rəqəmsal dəhliz informasiyanın ünvanına daha qısa zamanda çatdırılmasına imkan verir. Bu xüsusiyyət beynəlxalq maliyyə bazarları, bulud texnologiyaları, süni intellekt platformaları, elektron ticarət və real vaxt rejimində çalışan rəqəmsal sistemlər üçün xüsusi əhəmiyyət daşıyır. Məlumatın hər millisaniyə daha tez ötürülməsi rəqəmsal iqtisadiyyatda mühüm rəqabət üstünlüyü hesab olunur.
Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin əhəmiyyəti onun texniki göstəricilərindən daha geniş məna daşıyır. Yeni xətt Azərbaycan və Qazaxıstan arasında əlavə beynəlxalq rəqəmsal marşrut formalaşdıracaq. Bununla da Azərbaycan Avropa ilə Asiya arasında tranzit telekommunikasiya infrastrukturunun inkişafında daha mühüm mövqeyə çıxacaq.
Müasir dünyada nəqliyyat dəhlizləri qədər informasiya dəhlizlərinin də strateji əhəmiyyəti artır. Yük, enerji və sərnişin axınları ilə yanaşı, bu gün məlumatın hərəkəti də ölkələrin iqtisadi potensialını və geosiyasi çəkisini müəyyən edən əsas amillərdən birinə çevrilib. Bu baxımdan Trans-Xəzər Fiber-Optik Kabel Xətti Azərbaycanın rəqəmsal imkanlarının genişlənməsi, yeni informasiya marşrutlarının formalaşması və ölkənin beynəlxalq telekommunikasiya xəritəsində mövqeyinin möhkəmlənməsi baxımından mühüm addımdır.
Gələcəkdə rəqəmsal dəhlizin daha da genişləndirilməsi və Mərkəzi Asiyanın digər ölkələrinin bu xəttə qoşulması imkanları da nəzərdən keçirilir. Belə bir genişlənmə reallaşarsa, Xəzər üzərindən keçən rəqəmsal bağlantı daha böyük regional şəbəkənin əsas dayaqlarından birinə çevrilə bilər.
Türkmənistan və regionun digər dövlətlərinin layihəyə qoşulması ilə bağlı konkret danışıqların nəticələri isə hələ açıqlanmır. Telekommunikasiya Komitəsi bildirib ki, bu istiqamətdə aparılan məsləhətləşmələr və razılaşdırmalar yekunlaşmadan konkret məlumatların təqdim edilməsi mümkün deyil. Bu isə onu göstərir ki, layihənin gələcək coğrafiyası hazırkı Azərbaycan–Qazaxıstan xətti ilə məhdudlaşmaya və qarşıdakı dövrdə daha geniş regional rəqəmsal platformaya çevrilə bilər.
Beləliklə, Xəzərin dibi ilə çəkilmiş bu fiber-optik xətt fiziki baxımdan iki ölkəni birləşdirsə də, strateji baxımdan daha böyük coğrafiyanı bir-birinə bağlamaq potensialına malikdir. Azərbaycan və Qazaxıstan arasında qurulan bu rəqəmsal körpü gələcəkdə Avropa ilə Asiya arasında informasiya axınlarının hərəkətində mühüm rol oynaya və Mərkəzi Asiyanın rəqəmsal inteqrasiyasına yeni imkanlar aça bilər.
Qalib QURBANOV,
Azərbaycan İnternet Cəmiyyətinin sədri
Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin tikintisi üzrə sazlama işlərinin aparılması və layihənin bu ilin IV rübündə istismara verilməsinin planlaşdırılması Azərbaycanın rəqəmsal gələcəyi baxımından mühüm hadisədir. Bu layihə mahiyyət etibarilə yeni bir kabel xəttinin çəkilməsi ilə məhdudlaşmır.
Söhbət Azərbaycanın qlobal internet infrastrukturunda mövqeyinin daha da gücləndirilməsindən, ölkəmizin dünya informasiya məkanına çıxış imkanlarının şaxələndirilməsindən gedir. 380 kilometrlik sualtı kabel Sumqayıt və Aktau arasında bağlantı yaradacaq və layihənin böyük həcmdə məlumat ötürülməsinə imkan verən yüksək tutumlu infrastruktur kimi nəzərdə tutulması onun strateji əhəmiyyətini artırır.
Əslində, Azərbaycanın qlobal kommunikasiya sistemlərinə inteqrasiyası istiqamətində görülən işlərin tarixi daha əvvələ gedib çıxır. Ölkəmiz 2000-ci illərin əvvəllərində Transasiya-Avropa kabel magistralına qoşularaq beynəlxalq informasiya axınlarına çıxışını genişləndirib. Bu gün isə yeni nəsil fiber-optik layihələrlə həmin imkanların daha da şaxələndirilməsi mərhələsindəyik.
Trans-Xəzər xəttinin əsas üstünlüklərindən biri Azərbaycanın internet trafikinin beynəlxalq marşrutlarını genişləndirməsidir. İndiyədək ölkənin qlobal internetə çıxışında əsas istiqamətlərdən biri Avropa üzərindən formalaşan bağlantılar olub. Yeni xətt isə Azərbaycanı Xəzərin o tayındakı Mərkəzi Asiya rəqəmsal məkanına daha sıx bağlayacaq.
Bununla, Çin və digər Asiya bazarlarından gələn məlumat axınlarının Azərbaycan üzərindən Avropaya çatdırılması üçün əlavə və daha çevik rəqəmsal marşrut yaranır. Beləliklə, Azərbaycan fiziki nəqliyyat dəhlizləri ilə yanaşı, informasiya və data axınlarının da mühüm tranzit məntəqəsinə çevrilə bilər. Layihənin “Digital Silk Way” konsepsiyasının tərkib hissəsi olması da məhz bu baxımdan diqqət çəkir.
Yüksək sürətli və dayanıqlı internet müasir iqtisadiyyatın əsas infrastrukturuna çevrilib. Burada söhbət sadəcə istifadəçilərin internet səhifələrini daha sürətli açmasından getmir. Kriptovalyuta və blokçeyn ekosistemləri üçün sürətli məlumat mübadiləsi, aşağı gecikmə və etibarlı bağlantı mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, süni intellektin inkişafı üçün böyük həcmli məlumatların emalı, bulud hesablama resurslarına çıxış və müxtəlif platformalar arasında fasiləsiz məlumat mübadiləsi tələb olunur. Deməli, fiber-optik infrastrukturun genişləndirilməsi Azərbaycanın rəqəmsal iqtisadiyyatının daha yüksək mərhələyə keçidi üçün texnoloji baza yaradır.
Bu məqamı Azərbaycanın son dövrdə rəqəmsal inkişaf və süni intellekt sahəsində atdığı addımlarla birlikdə qiymətləndirmək lazımdır. İyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin dövlət siyasətində nə qədər mühüm yer tutduğunu göstərir. Şuranın qarşıdakı üç il üçün bu istiqamətlər üzrə konkret yol xəritəsinin həyata keçirilməsini əlaqələndirməsi də prosesin sistemli xarakter daşıdığını göstərir.
Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın rəqəmsal inkişafı artıq ayrı-ayrı layihələrin məcmusu kimi yox, vahid strategiyanın tərkib hissəsi kimi formalaşır. Bir tərəfdən beynəlxalq rəqəmsal bağlantılar və fiber-optik magistrallar qurulur, digər tərəfdən süni intellekt, kibertəhlükəsizlik, innovasiya və rəqəmsal dövlət istiqamətində institusional islahatlar aparılır. Bu iki xətt bir-birini tamamlayır.
Ona görə də Trans-Xəzər Fiber-Optik Kabel Xəttinə Azərbaycanın gələcək rəqəmsal iqtisadiyyatının mühüm dayaqlarından biri kimi baxmaq olar. Bu xətt Azərbaycanı dünya internet şəbəkəsinə bağlayan növbəti kabeldən daha artıq məna daşıyır. O, ölkəmizin Avropa ilə Asiya arasında rəqəmsal körpü rolunu gücləndirir, alternativ internet marşrutları yaradır və gələcəkdə data mərkəzləri, süni intellekt, bulud texnologiyaları, blokçeyn və digər yüksək texnologiyalar üçün daha əlverişli infrastruktur mühiti formalaşdırır.
Əgər XXI əsrdə enerji və nəqliyyat yolları dövlətlərin geoiqtisadi əhəmiyyətini müəyyən edən əsas amillərdən idisə, indi onların sırasına data və rəqəmsal bağlantılar da əlavə olunur. Azərbaycan üçün Trans-Xəzər Fiber-Optik Kabel Xətti məhz bu yeni reallığın mühüm elementlərindən biridir.
Musa BAĞIRLI
XQ