Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Xəzər dənizində Ukraynanın, Rusiya gəmilərini hədəf almasına bir neçə aspektdən yanaşmaq olar. Burada heç şübhəsiz ki, Rusiya-İran hərbi logistika əlaqələrinə zərbə vurmaq cəhdləri açıq görünməkdədir və bunu Ukrayna prezidenti Volodimir Zelenski açıq şəkildə bəyan edib. Qarşıdurmanın Qara dənizdən kənara çıxaraq Xəzər hövzəsinə yayılması beynəlxalq ticarət, enerji daşımaları və regional təhlükəsizlik üçün də yeni risklərin meydana gəlməsində əsas məqsədlər arasında yer alır".
Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Xəzər dənizi indiyədək "təhlükəsiz daxili akvatoriya" hesab olunurdu:
"Hücumların davam etməsi gəmiçilik və liman infrastrukturunun təhlükəsizliyi ilə bağlı riskləri son vaxtlar artırır. Burada hərbi risk yüksəldikcə, yükdaşıma və sığorta şirkətlərinin tarifləri yüksəltmək ehtimalı ortaya çıxır. Bu isə xüsusilə də Orta Dəhliz və Transxəzər marşrutu ilə daşınan yüklərin maya dəyərinə təsir göstərə bilər".
O qeyd edib ki, Azərbaycan üçün Bakı limanı və enerji ixracı marşrutlarının təhlükəsizliyi daha böyük əhəmiyyət kəsb edəcək:
"Həmçinin Mərkəzi Asya ölkələri ixrac logistika zəncirinin qorunmasına daha çox diqqət ayırmalı olacaqlar. Heç şübhəsiz ki, Xəzərdəki ticarət və hərbi daşımalarının hərəkəti, onsuzda kritik həddə catmış İran üçün də faydalı heç bir şey vəd etmir. Bu baxımdan Rusiya Xəzər Donanmasının müdafiəsini və hava zərbələrindən müdafiə imkanlarını artırmağa məcbur qala bilər. Bu baxımdan əgər Xəzərdə müharibə aktivləşərsə, bu 2018-ci il Xəzərin hüquqi statusu haqqında Konvensiyanın zədələnməsinə səbəb ola bilər. Bu da region dövlətləri arasında hərbi kollegiyasını gündəmə gətirə bilər. Şübhəsiz ki, Xəzərdə müharibənin aktivləşməsi region ölkələri üçün xüsusi olaraq riskli hesab olunur və hesab edirəm ki, Xəzərdə genişmiqyaslı qarşıdurmanın başladığını demək hələ tezdir, amma hərbi-siyasi gərginliyin artması, Rusiya və Ukrayna müharibəsi fonunda Xəzəryanı dövlətlərə də öz təsirini kifayət qədər hiss etdirəcək. Bu baxımdan ölkəmiz Xəzəryanı dövlətlərdən biri kimi dolayısı ilə bu gərginlikləri hiss edə bilər".
Süleyman