Xəzərdə sərnişin daşımalarının bərpası Azərbaycana NƏ VƏD EDİR?

10.09.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Qazaxıstan və Azərbaycan Xəzər dənizində Kurık və Bakı limanları arasında sərnişin daşımalarını bərpa etməyi planlaşdırır.

Bu barədə məlumatı Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel açıqlayıb. Onun sözlərinə görə, bu təşəbbüsü Qazaxıstan tərəfi irəli sürüb və Azərbaycan bu təklifi dəstəkləyib. Bildirilib ki, hər iki ölkənin nəqliyyat qurumları Xəzər dənizində sərnişin daşınmasının tezliklə bərpa edilməsi üzrə işlərə başlayıb.

Kurık-Bakı-Kurık marşrutu üzrə sərnişin daşımalarının 2020-ci ilə qədər həyata keçirildiyini və COVID-19 pandemiyası səbəbindən dayandırıldığını xatırladan Alim Bayel qeyd edib ki, sərnişin daşımalarının dayandırılmasına qədər Xəzər dənizi üzərindən bu marşrutdan ildə təxminən 1500 sərnişin istifadə edib. O, qarşıdakı dövrdə bu marşrutla səyahət etmək istəyənlərin sayının daha çox olacağına əminliyini ifadə edib. Səfir bildirib ki, Azərbaycan tərəfi Qazaxıstanın təklifini dəstəkləyib.    

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, Bakı bulvarından üzü Aktauya və Türkmənbaşı istiqamətində sərnişin daşımalarının dəyərləndirilməsinə ehtiyac var. 

Rauf Ağamirzəyev, nəqliyyat sahəsi üzrə ekspert

Ekspertin sözlərinə görə, digər tərəfdən Bakıdan üzü İstanbula dəmir yolu reyslərinin açılmasına da ehtiyac böyükdür.

“Bunlar Bakının məhz birləşdirici rolunu qabardan element olar. Bununla həm də sərnişin daşımaları multimodal olacaq. Bütün əlaqələrin önündə insan amili dayanır. Azərbaycan və Qazaxıstan eyni zamanda Orta dəhlizin iştirakçılarıdır".

"Bu baxımdan, Xəzər dənizi üzərindən nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi hər iki ölkənin regional tranzit imkanlarının artırılması iqtiqamətində həyata keçirilən siyasətlə də uyğunluq təşkil edir”, - deyə Rauf Ağamirzəyev fikrini yekunlaşdırıb.  

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью