Xəzərə yalnız təmiz su axıdılacaq Yeni layihələrə başlanılır

29.01.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı buxtası, fiziki-coğrafi xüsusiyyətinə görə digər adı Bakı körfəzi olaraq da bilinən ərazi Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasının cənub hissəsində Şərqdə Sultan Burnu, cənub-qərbdə Şıx burnu hüdudlarında yerləşir. Sahil xəttinin uzunluğu təqribən 22 km təşkil edir. Buxtanın sahil zolağında milli park, sənaye, yaşayış və iaşə obyektləri yerləşməkdədir. Bakı buxtasından Xəzər dənizinə istiqamətlənən axarlar əsas etibarı ilə yağış və drenaj sularının nəql edilməsi məqsədi ilə nəzərdə turtulmuş axarlardır.

Bunu Milli.Az-a açıqlamasında ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi Xanlar Mehdiyev deyib.

O qeyd edib ki, eyni zamanda ADSEA-nın tabeli qrumlarının və "Azsu Ekoloji Qurğu" MMC-nin balansında olan TSTQ-larda mütəmadi təmir bərpa işləri aparılmaqla qəbul edilən tullantı suları müvafiq təmizlənmə proseslərindən keçirilərək tullantı sularının təqkibindəki çirkləndiricilər normativ hədlərə çatdırıldıqdan sonra Xəzər dənizinə nəql edilir.

"Neft hasilatı ilə məşğul olan şirkətlər tərəfindən uzun illərdir ki, lay suları təmizlənmədən birbaşa Hövsan kanalına və oradan isə Xəzər dənizinə axıdılırdı. Xidmətin aidiyyəti dövlət orqanları və əməliyyat şirkətləri ilə qarşılıqlı əməkdaşlığı və NK-nın müvafiq tapşırığına əsasən sağlamlaşdırma işləri aparılmış və neft hasilatı zamanı yaranan lay sularının tam qapalı şəraitdə idarəolunması və uducu quyulara vurulması ilə Hövsan kanalına axıdılmasının qarşısı alınmışdır.

Bundan əlavə "Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 4229 nömrəli Sərəncamının icrası istiqamətində məsləhətçi xidmət Asiya İnkişaf Bankı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında əldə edilmiş razılaşmaya əsasən Hövsan aerasiya qurğusunun yenidən qurulması nəticəsində qəbul edilən tullantı sularının həcminin artırılması, eləcə də təmizlənmiş suyun texniki məqsədlər üçün təkrar istifadəyə verilməsinin planlaşdırıldığını nəzərə alaraq yaranmış məişət tullantı sularının Hövsan aerasiya stansiyasına yönləndirilməsi planlaşdırılır".

X.Mehdiyev bildirib ki, Xəzər dənizinin (gölünün) Bakı şəhərinin inzibati ərazisinə aid hissəsinə düşən sahil zolağında monitorinqlər keçirilmiş dənizə istiqamətlənən axardan su nümunəsı götürülmüş sınaq nəticələrinə əsasən aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.

"Eyni zamanda Abşeron yarımadasının cənub hissəsində Şərqdə Sultan Burnundan cənub-qərbdə Şıx burnu hüdudlarına qədər yerləşən 62 ictimai iaşə obyektlərində çirkab və tullantı sularının idarəedilməsinin yoxlanılması məqsədilə aparılan nəzarət tədbirləri zamanı sözügedən obyektlərdən bəzilərinin çirkab sularını təmizlənmədən birbaşa dənizə axıtdığı müəyyən edilmiş və tərəfimizdən görülmüş tədbirlər nəticəsində tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısı alınıb.

Qeyd etmək istəyirik ki, son illərdən başlayaraq Xəzər dənizinin çəkilməsi və su səviyyəsinin aşağı düşməsi illər öncə dəniz dibində qalmış istismara yararsız qurğu və avadanlıqlar sahil xəttində üzə çıxmasına səbəb olmuşdur və su obyekinin çirklənməsinin qarşısının alınması və estetik görüntünün bərpa olunması məqsədilə sözügedən qurğuların müvafiq qurumlar tərəfindən yığışdırılması işlərinə başlanılması nəzərdə tutulub.

Dəniz səviyyəsinin aşağı düşməsi də Abşeron yarımadasının, eləcə də buxtanın ekosistemini pozan səbəblərdən biridir. Belə ki, dənizin səviyyəsinin aşağı düşməsilə dənizin dib qatında qalaqlanmış qarışıq üzvi çirkləndiricilər sahil xəttində üzə çıxaraq isti və günəşli havalarda ətraf ərazidə spesifik iy-qoxunun yayılmasına, küləkli havalarda isə dalğaların sahil xəttini yuyaraq dənizin təkrar çirklənməsinə səbəb olur. Nəticə etibarı ilə üzvi çirklənmələrin təsiri altında sahil sularında mikrobioloji tarazlıq və dənizin özünəməxsus orqanoleptik xüsusiyyətləri pozulur".

Mətbuat katibi qeyd edib ki, 2031−2035-ci illəri əhatə edən ikinci mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcəkdir.

"Bu məqsədlə mövcud su təchizatı və kanalizasiya şəbəkələri daha da genişləndiriləcək, yağış sularının təkrar istifadəsi üçün yeni layihələr həyata keçiriləcək və ətraf mühitin qorunması istiqamətində tədbirlər görüləcəkdir.

Bakı şəhərində və Abşeron yarımadasında mövcud tullantı su infrastrukturunun bir qismi köhnəlmiş və istismara yararsızdır. Sutəmizləyici qurğuların və kanalizasiya sistemlərinin texniki vəziyyəti səmərəliliyi aşağı salır, tullantı sularının ekoloji təsiri artır və Xəzər dənizi (gölü) daxil olmaqla ətraf mühitin vəziyyətinə mənfi təsir göstərir. İnfrastrukturun müasirləşdirilməsi, sutəmizləmə gücünün artırılması və tullantı sularının idarə olunmasında yeni texnologiyaların tətbiqi vacib etmişdir. Tullantı su infrastrukturunun təkmilləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhərinin qəsəbələrində kanalizasiya sistemlərinin yenilənməsi və mövcud sutəmizləyici qurğuların müasirləşdirilməsi, Bakı şəhərinin bir sıra qəsəbələridə (Maştağa, Ramana, Binə, Qala, Zirə, Türkan, Dübəndi, Gürgan və Hövsan) tullantı sularının idarə olunması sistemlərinin qurulması, tullantı sularının idarə olunması və sahilboyu ekoloji tarazlığın qorunması və mövcud tullantı su infrastrukturunun yenidən qurulması nəzərdə tutulub.

Təmizləyici qurğuların mövcud vəziyyəti isə onu göstərir ki, hazırda Bakı şəhəri və Abşeron yarımadasında tullantı sularının idarə olunması sahəsində ciddi modernləşməyə ehtiyac qalmaqdadır. Kanalizasiya infrastrukturunun təxminən 100 il əvvəl qurulması və son illərdə şəhərdə yeni yaşayış və qeyri-yaşayış obyektlərinin intensiv artması mövcud tullantı sutəmizləyici qurğuların üzərinə əlavə yüklənmələr yaratmışdır. Bu amil bir sıra qurğuların texniki cəhətdən köhnəlməsinə, istismar səmərəliliyinin azalmasına və nəticə etibarilə tullantı sularının ekoloji təsirinin artmasına səbəb olub.

Son 20 il ərzində Sumqayıt şəhərində, eləcə də Buzovna, Pirşağı və Şüvəlan qəsəbələrində tullantı sularının təmizlənməsi qurğularının inşa edilməsi bu sahədə mühüm addımlar olsa da, mövcud infrastruktur Bakı və Abşeron yarımadasının artan tələbatını tam şəkildə qarşılamır. Hazırda şəhərin çirkab və tullantı sularının əsas hissəsi Hövsan aerasiya qurğusuna yönləndirilir ki, bu da həmin qurğunun üzərində ciddi yük formalaşdırır.

Mövcud problemlərin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2026-cı il tarixli, 883 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı" çərçivəsində genişmiqyaslı infrastruktur layihələrinin icrası nəzərdə tutulur. Dövlət Proqramına əsasən Lökbatan hövzəsi üzrə 100 min kubmetr/gün, Sahil hövzəsi üzrə 18 min kubmetr/gün, Pirallahı hövzəsi üzrə 12 min kubmetr/gün, Ələt hövzəsi üzrə 100 min kubmetr/gün, Şüvəlan hövzəsi üzrə 40 min kubmetr/gün, Müşfiqabad hövzəsi üzrə 75 min kubmetr/gün, Böyükşor hövzəsi üzrə 40 min kubmetr/gün, Sumqayıt şəhəri üzrə isə 100 min kubmetr/gün məhsuldarlığa malik yeni tullantı sutəmizləyici qurğuların tikintisi planlaşdırılır.

Bununla yanaşı, gücü 100 min kubmetr/gün olan Sumqayıt tullantı sutəmizləyici qurğusunun bərpası, yağış suyu sisteminin istifadəyə verilməsi və eyni gücə malik yeni qurğunun tikintisi layihəsi davam etdirilir. Ələt tullantı sutəmizləyici qurğusunun inşası Ələt iqtisadi zonasının inkişafına xidmət edəcək, Sahil, Lökbatan və Müşfiqabad sutəmizləyici qurğularının tikintisi isə hazırda icra mərhələsindədir.

Şəhər ərazisində nəzərdə tutulan Böyükşor tullantı sutəmizləyici qurğusu Böyükşor gölünün ekoloji vəziyyətinin tənzimlənməsini, şəhərdaxili axıntıların təmizlənərək gölə buraxılmasını və gölün su səviyyəsinin qorunmasını təmin edəcək. Eyni zamanda yeni Pirallahı təmizləyici qurğusunun tikintisi, Pirşağı və Şüvəlan qurğularının modernləşdirilməsi və bioloji təmizləmənin tətbiqi sahilyanı ərazilərdə tullantı sularının ekoloji təhlükəsizliyini artıracaq.

Bundan əlavə, "Hövsan" aerasiya qurğusunda Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihə çərçivəsində Texniki-İqtisadi Əsaslandırma sənədi hazırlanır və müvafiq dövlət-özəl tərəfdaşlığı modeli müəyyən edilir. Təmizlənmiş suların həm Hövsan, həm də Sumqayıt sutəmizləyici qurğularında texniki və suvarma məqsədləri üçün təkrar istifadəsi nəzərdə tutulur.

Bütün bu layihələrin icrası nəticəsində Bakı şəhəri və Abşeron yarımadasında kanalizasiya sistemlərinin əhatə dairəsinin 95 faizə çatdırılması, Xəzər dənizinə isə yalnız ekoloji cəhətdən təmiz suların buraxılması hədəflənir. Bu baxımdan, mövcud vəziyyət bu gün üçün yetərli olmasa da, həyata keçirilən tədbirlər yaxın illərdə tullantı sularının təmizlənməsi sahəsində köklü və dayanıqlı dönüş yaradacağını deməyə əsas verir".

Ayxan
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью