Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəzər dənizinin səviyyəsinin sürətlə aşağı düşməsi sahilyanı dövlətlər qarşısında ciddi ekoloji və iqtisadi çağırışlar yaradır. Problemin həlli isə yalnız səbəblərin araşdırılması ilə məhdudlaşmamalı, konkret tədbirlərin görülməsini və regional əməkdaşlığın gücləndirilməsini də əhatə etməlidir.
Prezident İlham Əliyev Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitində çıxışı zamanı dənizin dayazlaşmasının səbəblərinin kompleks şəkildə öyrənilməsinin və bu istiqamətdə daimi fəaliyyət göstərən əməkdaşlıq mexanizminin yaradılmasının vacibliyini vurğulayıb. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Xəzərin qorunması Xəzəryanı dövlətlərin ortaq məsuliyyəti olmalı, müzakirələr konkret nəticələrlə müşayiət edilməlidir.
Siyasi ekspert Azər Niftiyev Sherg.az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin dayazlaşması probleminə kompleks yanaşılmalı, xüsusilə onun əsas su mənbəyi olan Volqa çayının axımına və su ehtiyatlarından istifadə məsələlərinə diqqət yetirilməlidir. Ekspertin sözlərinə görə, Xəzərin gələcəyini müəyyən edən amillər arasında iqlim dəyişiklikləri ilə yanaşı, insan fəaliyyəti və regional su siyasəti də mühüm yer tutur:
"Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq yalnız təbii proseslərin nəticəsi kimi qiymətləndirilə bilməz. İqlim dəyişiklikləri ilə yanaşı, insan fəaliyyəti, su ehtiyatlarının idarə olunması və regional su siyasəti də bu prosesin araşdırılmasını zəruri edir. Problemin səbəblərini müəyyənləşdirmək üçün isə Xəzəri qidalandıran çayların, xüsusilə Volqanın roluna diqqət yetirmək vacibdir. Çünki dənizin gələcəyindən danışarkən onun əsas su mənbəyində baş verən dəyişiklikləri nəzərə almamaq mümkün deyil.
Xəzərə daxil olan çay sularının təxminən 80 faizinin Volqanın payına düşməsi bu çayın dənizin su balansındakı əhəmiyyətini aydın göstərir. Volqanın təbii axımında baş verən dəyişikliklər, eləcə də su ehtiyatlarından istifadə qaydaları Xəzərin səviyyəsinə təsir göstərə bilən amillərdəndir. Bu baxımdan, çay hövzəsində qəbul edilən qərarların nəticələri yalnız Rusiya ilə məhdudlaşmır, Xəzəryanı digər dövlətlərin də ekoloji, iqtisadi və sosial maraqlarına təsir edir.
Volqa üzərində yaradılmış iri su anbarları və bəndlər sistemi də bu kontekstdə diqqətlə araşdırılmalıdır. Həmin qurğular hidroenergetika, suvarma, gəmiçilik və digər təsərrüfat sahələri üçün mühüm əhəmiyyət daşısa da, çayın təbii axım rejiminə təsir göstərir. Suyun mövsümi olaraq toplanması və buraxılması, su anbarlarında buxarlanma, eləcə də təsərrüfat ehtiyacları üçün su götürülməsi çayın aşağı axınına çatan suyun miqdarını dəyişə bilər. Bununla belə, bu amillərin Xəzərin səviyyəsinin enməsinə təsirinin dəqiq miqyası elmi araşdırmalar əsasında müəyyənləşdirilməlidir".
A. Niftiyev bildirib ki, Volqanın su ehtiyatlarından istifadə məsələsi regional əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilməlidir:
"Hər bir dövlətin öz ərazisindəki su ehtiyatlarını idarə etmək hüququ olsa da, bu qərarların digər ölkələrin maraqlarına mümkün təsirləri də nəzərə alınmalıdır. Volqanın axımına təsir edən amillər yalnız milli iqtisadiyyat və enerji siyasəti baxımından deyil, Xəzərin ümumi ekoloji tarazlığı kontekstində də qiymətləndirilməlidir. Əks halda, ayrı-ayrı sahələrdə əldə olunan iqtisadi fayda uzunmüddətli perspektivdə bütün region üçün ekoloji və iqtisadi çətinliklər yarada bilər.
Xəzərin dayazlaşmasını yalnız iqlim dəyişiklikləri ilə əlaqələndirmək problemin bütün tərəflərini əhatə etməz. Qlobal istiləşmə buxarlanmanın artmasına, yağıntı rejiminin və çay axımlarının dəyişməsinə səbəb olur. Bununla yanaşı, çay sularının tənzimlənməsi və təsərrüfat məqsədilə istifadəsinin təsiri də ayrıca qiymətləndirilməlidir. Əsas məqsəd təbii və antropogen amillərin rolunu elmi əsaslarla müəyyənləşdirmək, Xəzərin su balansına təsir göstərən bütün səbəbləri obyektiv şəkildə ortaya qoymaqdır.
Prezident İlham Əliyevin 2022-ci ildə Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında bu məsələyə diqqət çəkməsi Xəzərin dayazlaşmasının regional səviyyədə müzakirəsinin əhəmiyyətini göstərir. Hazırda əsas vəzifələrdən biri problemin həlli istiqamətində davamlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasıdır. Xəzəryanı dövlətlər arasında məlumat mübadiləsinin genişləndirilməsi, su anbarlarının istismarının təsirlərinin birgə qiymətləndirilməsi, Volqanın axımı və Xəzərin su balansı üzrə elmi monitorinqin aparılması bu istiqamətdə mühüm addımlar ola bilər".
Ekspert qeyd edib ki, Xəzər dənizi vahid ekoloji sistemdir və burada baş verən dəyişikliklər bütün sahilyanı ölkələrin maraqlarına toxunur:
"Dənizin səviyyəsinin aşağı düşməsi limanların fəaliyyətinə, gəmiçiliyə, balıq ehtiyatlarına, biomüxtəlifliyə və sahilyanı ərazilərdə yaşayan insanların həyatına təsir göstərir. Buna görə də problemin həlli yalnız nəticələrlə üzləşən dövlətlərin səyləri ilə məhdudlaşmamalıdır. Xəzərin qorunması elmi məlumatlara, ortaq məsuliyyətə və qarşılıqlı öhdəliklərə əsaslanan regional siyasət tələb edir.
Xəzərin gələcəyini qorumaq üçün Volqa çayının su ehtiyatlarından istifadə məsələsi regional gündəmin prioritet istiqamətlərindən biri olmalıdır. Rusiya ilə dialoq qarşılıqlı ittihamlara deyil, mövcud vəziyyətin şəffaf araşdırılmasına, elmi məlumatların paylaşılmasına və konkret tədbirlərin razılaşdırılmasına əsaslanmalıdır. Çünki Volqanın sularından istifadə ilə bağlı qərarlar təkcə çayın keçdiyi ərazilər üçün deyil, onun töküldüyü Xəzər dənizi üçün də əhəmiyyət daşıyır. Xəzərin gələcəyi isə bu qarşılıqlı asılılığın nə dərəcədə məsuliyyətlə idarə olunacağından asılıdır".