Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.
Onun sözlərinə görə, uzun müddətdir Mərkəzi Asiya ilə Cənubi Qafqaz ayrı-ayrı geosiyasi məkanlar kimi nəzərdən keçirilirdi, lakin beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, qlobal təchizat zəncirlərinin yenidən qurulması, enerji təhlükəsizliyi və alternativ nəqliyyat marşrutlarına tələbat bu yanaşmanı dəyişir. Ə.Məhərrəmzadənin fikrincə, bu gün Xəzərin iki sahili arasında əlaqələrin güclənməsi Mərkəzi Asiya ilə Azərbaycanı vahid geoiqtisadi məkanın mühüm elementlərinə çevirir:
“Azərbaycanın bu formata qoşulması məhz həmin prosesin siyasi ifadəsidir. Bakı coğrafi mövqeyini iqtisadi və diplomatik imkanlarla birləşdirərək Mərkəzi Asiyanın Qərbə çıxışında, Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsində və regional əməkdaşlığın institusional əsaslarının möhkəmlənməsində iştirak edir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin səfərinin əhəmiyyəti də buradadır: “Azərbaycan artıq yalnız enerji ixracatçısı və tranzit ölkə kimi deyil, regional gündəliyin formalaşmasında iştirak edən tərəf kimi çıxış edir”.
O qeyd edib ki, rəqəmlər əməkdaşlığın real miqyasını göstərir: “Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin genişlənməsi iqtisadi göstəricilərdə də özünü büruzə verir. Təqdim olunan məlumatlara görə, 2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 1 milyard 765 milyon dolları ötüb. Bu, 2024-cü ildəki 1 milyard 152 milyon dollarla müqayisədə 50 faizdən çox artım deməkdir.
Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi də qarşılıqlı iqtisadi maraqların genişliyini göstərir.
Prezident İlham Əliyevin səsləndirdiyi əsas yanaşmalardan biri də məhz budur: tərəflər yalnız qarşılıqlı ticarətin artırılması ilə kifayətlənməməli, birgə investisiya qoymalı, istehsal müəssisələri yaratmalı və dünya bazarlarına ortaq məhsullarla çıxmalıdırlar”.
Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında enerji amili xüsusi yer tutur: “Enerji təhlükəsizliyinin qlobal siyasətin əsas məsələlərindən birinə çevrildiyi şəraitdə Azərbaycanla Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı fəaliyyəti əlavə strateji məna qazanır. Bakı həm öz enerji resurslarını beynəlxalq bazarlara çatdırır, həm də region ölkələrinin enerji ixracı üçün mühüm tranzit imkanları təqdim edir.
Bununla yanaşı, əməkdaşlığın gələcəyi ənənəvi enerji resursları ilə məhdudlaşmır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində aparılan işlər regionun enerji sistemlərinin gələcəkdə daha sıx əlaqələndirilməsinə zəmin yaradır.
Deməli, Xəzər hövzəsində formalaşan yeni əməkdaşlıq modeli neft və qazın daşınması ilə yanaşı, elektrik enerjisi, bərpaolunan enerji və rəqəmsal infrastruktur kimi istiqamətləri də əhatə edir. Bu isə Azərbaycanla Mərkəzi Asiya arasında münasibətlərin uzunmüddətli strateji əsaslarını genişləndirir”.
Deputat həmçinin bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı nəticə etibarı ilə Türk dövlətləri arasında həmrəylikdən praktiki inteqrasiyaya keçməsinə öz töhfəsini verir:
“Bu səfərin tarixi və geosiyasi məzmunu məhz burada üzə çıxır: Xəzərin iki sahilində yerləşən ölkələr arasında münasibətlər ənənəvi dostluq və qonşuluq çərçivəsindən çıxaraq nəqliyyat, enerji, istehsal, texnologiya və təhlükəsizliyi birləşdirən daha geniş əməkdaşlıq modelinə doğru inkişaf edir. Azərbaycan isə bu prosesdə Mərkəzi Asiyanı Qafqaz, Türkiyə və Avropa ilə əlaqələndirən əsas tərəflərdən biri kimi mövqeyini möhkəmləndirmək imkanı əldə edir”.
Mürtəza