Xəzərin sahilində ulduzların könül nəğmələri

29.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“Dream Fest – 2026”

Xəzər sahilindəki “Sea Breeze” istirahət kompleksində bir neçə gün ərzində dünyanın tanınmış ifaçılarını və minlərlə musiqisevəri bir araya gətirən “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı uğurla başa çatdı.

Festivalın təşkilatçısı - “Agalarov Development” şirkətinin prezidenti, “Sea Breeze” kurort məkanının təsisçisi Emin Ağalarov hələ bayram ərəfəsində bildirmişdi ki, tədbirin möhtəşəm olacağına çalışacağıq. Təkcə Rusiyadan 50-dən çox sənətçi “DreamFest”da iştirak etmək üçün Azərbaycana gələcək. Elə də oldu. Beynəlxalq musiqi festivalı dünyaşöhrətli ulduzları yenidən bir araya gətirdi. Cəlbedici şoular, canlı musiqi və unudulmaz təcrübələr heyranlıq yaratdı.

Musiqi marafonunu “Bakıya qaçaq” mahnısı ilə Xalq artisti Emin Ağalarov açdı. Tamaşaçılar artıq ilk notlardan onlara tanış olan melodiyanı zümzümə edərək bütün axşama xoş ovqat qatdılar. Sonradan Endryu Donaldsla birlikdə “About Love” kompozisiyasını ifa etdilər. Emin Ağalarov bildirdi ki, onun müəllifi Maksim Fadeyevdir.

Proqramı Rusiyanın Əməkdar artisti Alsu, əfsanəvi Əlcəzair müğənnisi Çeb Xaled, gürcü-alman musiqiçi prodüser Brendon Stoun davam etdirdilər. Belarusun “Rozovıe rozı” qrupunun, isveçrəli müğənni Barbara Bertanın, Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışları festivalın ilk axşamına fərqli milli kolorit əlavə etdi.

Sonrakı konsert axşamlarının aparıcıları Azərbaycanın Xalq artisti Murad Dadaşov və teleaparıcı Reqina Todorenko idi. İlk olaraq Azərbaycan müğənnisi və “Eurovision-2011” müsabiqəsinin qalibi Nigar Camalın ifasında “Stereotip” kompozisiyası səsləndi. Ardınca müxtəlif janrları təmsil edən və fərqli nəsillərə aid olan ifaçılar səhnəyə çıxdılar. Onların arasında Joni, Alessandro Safina, Stas Mixaylov, John Neuman, Ani Lorak, Jah Xalib, Merab Amzoevi, Andro, Ellai, Yeqor Krid, “Busta Reymes”, “Ty Dolla Sign”, Geb Xaled, Zeynəp Bastık, “Artik Asti”, Lyusya Çebotina və başqaları var idi. İfaçıların çıxışları canlı səhnə quruluşları, musiqili premyeralar, birgə nömrələrlə müşayiət olundu və seyrçilərin alqışlarını qazandı.

Ümumilikdə, “Dream fest – 2026”da Azərbaycandan və xaricdən onlarla ünlü sənətçi çıxış etdi. Konsert proqramından əlavə, festivala yaradıcı ünsiyyət və beynəlxalq mədəni mübadilə platforması rolunu oynayan bir sıra mədəni tədbirlər də daxil idi.

Azərbaycan təmsilçiləri Zülfiyyə Xanbabayeva, Dilarə Kazımova, Faiq Ağayev, Elnur Hüseyn, Fərrux Həsənov və başqaları minlərlə tamaşaçının qarşısına ürəklə çıxdılar. Onların ifa etdikləri sevilən musiqi nömrələri festivalda möhtəşəm bayram ab-havası yaratdı.

Günün əsas məqamlarından biri “Sea Breeze” Şöhrət Xiyabanında türk ifaçıları Edis və Emre Altuğun adlarına olan ulduzlarının açılışı oldu. Burada Müslüm Maqomayev, Devid Foster, Rüstəm və Maqsud İbrahimbəyovlar, Vaqif Mustafazadə və bir çox başqa görkəmli şəxsiyyətin adı əbədiləşdirilib. Sıra ilbəil genişlənir.

Xiyabandakı ulduzlara qoşulan qardaş ölkə sənətçiləri mərasimdə böyük sevinclə iştirak edib, jurnalistlər və pərəstişkarları ilə görüşdülər. Azərbaycan müğənnisi Roza Zərgərli və türk sənətçisi Emre Altuğun birgə ifa etdikləri kompozisiyanın premyerası da böyük maraq doğurdu. İlk dəfə “Dream Fest” səhnəsində oxunan mahnını tamaşaçılar çox səmimi qarşıladılar.

Londonda anadan olub, İzmirdə böyüyən müğənni və bəstəkar, müasir türk pop səhnəsinin tanınmış simalarından sayılan Edis dedi ki, Bakıya həmişə sevinclə gəlir:

– Azərbaycanın paytaxtı hər səfərimdə məni yeni görkəmdə qarşılayır, öz atmosferi, müasir görünüşü və qonaqpərvərliyi ilə yaxşı mənada təəccübləndirir. “Sea Breeze” də məndə xüsusi heyranlıq doğurub. Bu kompleks ildən-ilə böyüyür və gözəlləşir, istirahət və beynəlxalq musiqi tədbirlərinin keçirilməsi üçün əvəzedilməz məkanlardan biridir.

Ertəsi gün britaniyalı müğənni və bəstəkar Con Nyumanın adına olan ulduzun açılış mərasimi reallaşdı. Hit mahnıları dünyada milyonlarla dinləyicinin rəğbətini qazanan məşhur sənətçi çıxışında yaradıcılıq yolu ilə bağlı duyğu və düşüncələrini bölüşdü, həmçinin Azərbaycanla, Bakı ilə bağlı təəssüratlarını dilə gətirib, buraya hər səfərin ən xoş xatirələr yaratdığını vurğuladı:

– Azərbaycan çox cazibədar ölkədir. “Formula 1”in azarkeşi kimi Bakıda olmuşam, şəhər boyunca gəzişmək mənim üçün xüsusilə maraqlı idi. İçərişəhərdən çox zövq aldım. Hər dəfə buraya gələndə səmimi qonaqpərvərlik və isti qarşılanma görürəm. “Sea Breeze”dəki bu Şöhrət Xiyabanı mədəniyyət, incəsənət və ictimai həyatın görkəmli xadimlərinin şərəfinə yaradılmış ilk və yeganə simvolik məkandır. Burada dünyaca tanınmış şəxsiyyətlərin adları əbədiləşdirilib. Ulduz kolleksiyasına mənim də adımın düşməyindən hədsiz məmnunam.

Tanınmış sovet estrada ulduzu Edita Pyexanın musiqiçi oğlu Stas Pyexa Azərbaycan bəstəçisi Sevil Əliyevanın məşhur “Ana” manhısını ilk dəfə rus dilində məharətlə ifa etdi və müəlliflə səmimi görüşdü. Xalq artisti Tünzalə Ağayeva beynəlxalq festivalda hit mahnılarını səsləndirdi. Müğənninin libası onun səhnə obrazını, 25 illik yaradıcılıq yolunu əks etdirməsi ilə diqqət çəkirdi: üzərində illərcə oxuduğu mahnılarına aid nişanələr – not fraqmentləri, bəstəkar və şairlərin adları, özəl bəzəklər təcəssüm olunub.

Jurnalistlərə açıqlama verən “Enigma” qrupunun solisti Endryu Donalds böyük həvəslə festivalın ab-havasından və Azərbaycana münasibətindən danışdı. İfaçı bildirdi ki, 2 il əvvəl də eyni festivalda böyük məmnuniyyətlə qonaq olub:

– Burada hər zaman gözəl ab-hava, əyləncə və çox böyük enerji var. İnsanlar çox həvəslidirlər və mən də bu atmosferdən zövq alıram. Üstəlik, Emin mənim yaxın dostumdur. Ona görə də burada olmaq mənim üçün həmişə sevincdir.

Azərbaycan mətbəxinin özəllikləri isə xüsusilə xoş təsir bağışlayır.

Əvvəlki festivallarda olduğu kimi, bu bayramın da final axşamında artistlər ənənəvi qırmızı xalçadan keçdilər və tamaşaçılara rəngarəng konsert proqramı təqdim edildi. Musiqi bayramı Xəzər dənizi sahilini işıqlandıran və dördgünlük musiqi marafonuna möhtəşəm kulminasiya nöqtəsi bəxş edən rəngarəng atəşfəşanlıqla başa çatdı. Musiqi festivalına ən yüksək səviyyədə son akkordlar vuruldu.

Ə.DOSTƏLİ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью