Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Xəzər dənizinin səviyyəsinin hətta cüzi şəkildə aşağı düşməsi sahil zonalarında əhəmiyyətli dəyişikliklərə səbəb ola, ciddi infrastruktur və iqtisadi risklər yarada bilər.
Bunu UN-Habitat-ın Azərbaycandakı nümayəndəliyinin proqram meneceri Van Runtsze "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən panel sessiyada bildirib.
Xəzər dənizinin səviyyəsinin enməsi Azərbaycan üçün hansı riskləri yarada bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev bildirib ki, Xəzər dənizi indikindən də aşağı səviyyədə olub:
"Belə vəziyyətin yaranması bəzi sahələrdə müəyyən problemlərə səbəb ola bilər. Xüsusilə Xəzərin şimal və şimal-şərq hissələrində naviqasiya ilə bağlı çətinliklərin yaranması mümkündür. Xəzərin həm enməsi, həm də qalxması müəyyən problemlər yaradır, bu, məlum məsələdir.
Amma burada əsas məqam Xəzərin hansı səviyyədə olmasıdır. Çünki səviyyənin dəyişməsi sahilyanı ərazilərə və həmin ərazilərdəki fəaliyyətlərə müxtəlif formada təsir göstərə bilər.
Yəqin ki, Xəzəryanı ölkələr də bu proses barədə düşünür və mümkün çıxış yollarını nəzərdən keçirirlər. Hesab edirəm ki, müəyyən həll yollarının tapılması mümkündür".
O qeyd edib ki, Xəzərin bundan sonra daha da aşağı düşmə ehtimalı azala bilər:
"Çünki hövzədə müəyyən dövrlərdə yağıntıların artması və Atlantik okeanından gələn hava axınlarının gələcəkdə Xəzər hövzəsinə müsbət təsir göstərməsi mümkündür.
Bu amillər dəniz səviyyəsinin ən azı sabitləşməsinə şərait yarada bilər. Səviyyə sabitləşdikdən sonra isə Xəzərdə yenidən müəyyən qədər qalxma da baş verə bilər”.
Gülər Həsənli
"Cebheinfo.az"
Açar sözlər: Xəzərin səviyyəsi Ənvər Əliyev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin