525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aqrar Subsidiya Şurasının yeni qərarına əsasən, örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək. Belə ki, istifadəsində azı 100 ha örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat subsidiya ayrılacaq. Subsidiyanın verilməsində əsas şərt təsərrüfatlara istifadə üçün verilmiş örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.
İqtisadçı ekspert Akif Nəsirli deyir ki, burada əsas məqsəd sadəcə qoyun və keçi sayını artırmaq deyil, örüş və otlaqların məhsuldarlığını yüksəltmək, yem bazasını yaxşılaşdırmaq və torpaqların deqradasiyasının qarşısını almaqdır: "Veriləcək subsidiyanı heyvandarlığın maliyyələşdirilməsi kimi yox, örüşlərin yaxşılaşdırılmasına verilən stimullaşdırıcı ödəniş kimi qiymətləndirmək daha doğru olardı. Subsidiyanın birbaşa torpağın vəziyyətinin yaxşılaşdırılması şərtinə bağlı olması ilə əlaqədardır. Çünki Azərbaycanda örüş və otlaqların həddindən artıq otarılması, bitki örtüyünün zəifləməsi və torpaqların deqradasiyası heyvandarlığın gələcək inkişafı üçün ciddi problemdir".
Onun dediyinə görə, əgər subsidiya hər qeydiyyatda olan heyvana görə verilirsə, fermerdə heyvan sayını süni şəkildə artırmaq və ya qeydiyyatda saxlamaq marağı yarana bilər. Buna görə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatın faktiki heyvan sayı, baytarlıq məlumatları və təsərrüfatın real fəaliyyət göstəriciləri ilə mütəmadi uyğunlaşdırılması vacibdir. Əks halda subsidiya torpağın yaxşılaşdırılmasına deyil, sadəcə heyvan sayının rəsmiləşdirilməsinə xidmət edə bilər. Əslində isə xırdabuynuzlu heyvandarlığın əsas problemi təkcə yem bazasının zəif olması deyil. Yem və örüş problemi ilə yanaşı, heyvanların cins tərkibi, məhsuldarlığın aşağı olması, baytarlıq xidmətləri, xəstəliklər, su təminatı, damazlıq işi, ət və süd məhsullarının satış qiyməti, kəsim və emal infrastrukturu da təsərrüfatların gəlirliliyinə təsir edir. Buna görə 4 manatlıq subsidiya bu problemlərin heç birini təkbaşına həll edə bilməz".
Akif Nəsirli qeyd edib ki, bu subsidiya ət qiymətlərinə təsir göstərə bilər: "Amma yalnız bu qərarın ətin ucuzlaşmasına səbəb olacağını demək çətindir. Çünki 500 və daha çox xırdabuynuzlu heyvanı olan təsərrüfatlara verilən subsidiya əsasən onların yem, saxlanma və digər xərclərini qismən azaltmağa kömək edəcək. Bu isə istehsal maya dəyərinin aşağı düşməsinə imkan yarada bilər. Lakin ətin pərakəndə qiymətinə yalnız subsidiya deyil, heyvanların yem qiyməti, idxal, daşınma, kəsim və satış xərcləri, eləcə də bazardakı tələb-təklif nisbəti təsir edir. Ona görə də subsidiya daha çox qiymət artımının qarşısını almağa və bazarda təklifin artmasına kömək edə bilər. Əgər dəstək nəticəsində heyvandarlığın genişlənməsi və qoyun-keçi sayının artması təmin olunarsa, orta və uzun müddətdə ətin qiymətinin müəyyən qədər ucuzlaşması mümkündür",
İqtisadçı hesab edir ki, mexanizm düzgün icra olunarsa, onun prosesə dolayı təsiri əhəmiyyətli ola bilər: "Sağlam və məhsuldar örüş daha çox və keyfiyyətli yem deməkdir. Bu isə fermerin əlavə yem almaq xərclərini azalda, heyvanların çəkisini və məhsuldarlığını artıra bilər. Uzun müddətdə bu, ət istehsalının maya dəyərinin aşağı düşməsinə və yerli istehsalın rəqabət qabiliyyətinin yüksəlməsinə kömək edə bilər. Bu qərarın uğuru 4 manatın nə qədər böyük və ya kiçik olmasından çox, dövlətin həmin pulun qarşılığında real nəticə tələb etməsindən asılı olacaq. Fermerə hər heyvana görə pul verməklə kifayətlənmək əvəzinə, örüşün məhsuldarlığının artmasına, torpağın bərpasına və heyvandarlığın səmərəliliyinə görə nəticə əsaslı yanaşma tətbiq edilməlidir. Əgər monitorinq real aparılacaq və subsidiya həqiqətən örüşlərin yaxşılaşdırılmasına yönəldiləcəksə, bu mexanizm faydalı ola bilər. Yox, əgər əsas göstərici sadəcə "neçə heyvan qeydiyyatdadır" olacaqsa, dövlət vəsaiti xərclənsə də, sahənin fundamental problemləri böyük ehtimalla, həll olunmamış qalacaq".
Millət vəkili Azər Badamov deyir ki, subsidiyaların verilməsi mexanizminə diqqət yetirdikdə görürük ki, yeni dövlət dəstəyi tədbirləri, xüsusilə innovativ üsullardan istifadə etməklə istehsalın artırılmasına yönəlib. Bitkiçilik, meyvəçilik və heyvandarlıq sahələrində fermerlərə göstərilən bu dəstək onların təsərrüfatlarda istehsal xərclərinin qarşılanmasına, həmçinin əldə olunan nəticələrə uyğun olaraq əlavə subsidiyalar almağa imkan yaradacaq: "Məsələn, taxılçılıqda innovativ üsullardan istifadə etməklə əkin aparan fermerlər üçün subsidiya məbləğinin ənənəvi üsulla əkinlə müqayisədə 200 manatdan 400 manatadək artırılması nəzərdə tutulur. Eyni yanaşmanın pambıqçılıq sahəsində də tətbiqi istehsalın səmərəliliyinin yüksəldilməsinə və məhsuldarlığın artırılmasına şərait yarada bilər".
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin fikrincə, subsidiyalar heyvandarlığın inkişafına xidmət edir: "Ölkədə heyvanların baş sayının azalması bir çoxlarını ciddi düşündürür. Ancaq buna təbii baxmaq lazımdır. Çünki bu gün bizə cins, məhsuldar heyvanlar lazımdır. Bu istiqamətdə dövlətin gördüyü işlər genişmiqyaslıdır. İri heyvandarlıq kompleksləri yaradılır. Ətlik, südlük heyvanların yetişdirilməsi istiqamətində işlər gedir. Bu da, əlbəttə ki, heyvandarlığın inkişafına bir təkandır. Yüksək məhsul verməyən, az çəkili heyvanların sayının çox olması o qədər əhəmiyyətli deyil. Buna görə də dövlət bu gün subsidiyalar, güzəştli kreditlər tətbiq etməklə stimulverici tədbirlərin daha dolğun həyata keçirilməsi istiqamətində işlər görür".
Komitə sədri söyləyib ki, subsidiyaların tətbiq edilməsi heyvandarlığa marağın artırılması üçündür: "Lakin yenə deyirəm, hər bir kəs, hər bir fermer, heyvandarlıqla məşğul olan hər bir insan heyvanların baş sayının artırılması qayğısına qalmamalıdır. Yüksək ətlik, südlük heyvanların yetişdirilməsi ön plana çəkilməlidir. Çünki heyvanların sayının çox olması bir çox ərazilərdə onların saxlanılmasını tələb edir. Bunun üçün geniş otlaq sahələri lazımdır. Bunun üçün zoobaytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi vacibdir. Bu, bir çox insanların işləməsini tələb edir. Ancaq müasir dövr, yeni tələblər cins, məhsuldar heyvanların sayının artırılmasını gündəmə gətirir. Bunu beynəlxalq təcrübə də, bir çox qabaqcıl fermerlərin iş təcrübəsi də sübut edir. Əlbəttə ki, dövlət ətin, südün, heyvandarlıq məhsullarının qiymətlərinin aşağı salınması istiqamətində işlər görür və bunun da marağındadır. Bu subsidiyaların verilməsi də məhz bu məqsədə xidmət edir".
Sevinc QARAYEVA