Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verildiyi kimi Xırdalan yollarında aparılan qazıntı işləri sürücülər üçün problem yaradıb. Belə ki, Qalubiyyə küçəsində hərəkətdə olan 535 nömrəli marşrut avtobusu yolun qazılmış hissəsində yaranan çuxura düşərək hərəkətsiz qalıb. Sözügedən ərazidə aparılan qazıntı işlərindən sonra yolun üzərinin qumla örtüldüyü iddia edilir.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ərazidəki qazıntı işləri qaz təchizatı ilə əlaqədar aparılır.
“Abşeron rayonunun Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 101A ünvanında aparılan qazıntı işləri ərazidə yerləşən 183 mənzilli, 10 mərtəbəli yaşayış binasının qaz təchizatının təmin edilməsi məqsədilə həyata keçirilir.
İşlər SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş 24.11.2025-ci il tarixli, ÇMYB-241125-12214 nömrəli texniki şərtə və müvafiq qazlaşdırma sxeminə əsasən, mövcud orta təzyiqli qaz xəttinə qoşulmanın təmin edilməsi məqsədilə podraçtı şirkət tərəfindən aparılır.
Son yağan yağışlardan sonra ərazidə torpaq qatında yuyulma baş vermişdir. Lakin hazırda işlər görülür və günün sonunadək həmin qazılmış hissənin asfalt -beton yenilənməsi başa çatacaq".
Günay Şahmar, Bizim.Media