Xırdalanın tıxacı: Yol genişləndi, tunel planlandı, bəs metro?

29.01.2026

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xırdalan artıq çoxdan Bakı ətrafı deyil, Bakının özünün bir davamıdır. Minlərlə insan hər səhər eyni istiqamətdə paytaxta doğru yola çıxır, axşam isə eyni tıxacın içində geri qayıdır. Bu mənzərə illərdir dəyişmir, yalnız adlar və layihələr dəyişir.

Son açıqlamalara görə, Xırdalan şəhərinin mərkəzində nəqliyyat sıxlığını azaltmaq məqsədilə M-4 avtomobil yolu – Xırdalan (tunelinin layihələndirilməsi gündəmdədir və 2026-cı ildə tikintisinə başlanması mümkün olan prioritet layihələr sırasında yer alır. Paralel olaraq M. Xiyabani – Dairəvi-1 yolu, Xırdalan dairəsi və Ə. Salamzadə – Z. Bünyadov istiqamətində yeni yol layihələrinin də planlaşdırıldığı bildirilir.

Kağız üzərində hər şey çox məntiqlidir. Amma Xırdalan reallığı bizə başqa şey deyir.

Son onillikdə Xırdalan istiqamətində neçə dəfə yol genişləndirildi? Körpülər, qovşaqlar, əlavə zolaqlar… Hər dəfə eyni ümidlə: “indi tıxac azalacaq”. Amma nəticə dəyişmədi. Çünki geniş yol daha çox avtomobil deməkdir. Avtomobil sayı artdıqca yol yenidən dolur. Klassik problem, klassik səhv yanaşma.

Bakı–Sumqayıt sürət qatarı da bir vaxtlar Xırdalanın dərmanına çevriləcək layihə kimi təqdim edilirdi. Amma reallıqda o, məhdud marşrut, vaxt cədvəli və insan axınının real ehtiyacları ilə uyğun gəlməyən sistem olaraq qaldı. Əksər Xırdalan sakinləri üçün qatar ya əlçatan deyil, ya da gündəlik ritmlə üst-üstə düşmür.

Tunel tıxacın bir hissəsini yerin altına sala bilər, amma problemi kökündən həll etmir. Avtomobil yönümlü şəhər planlaması ilə tıxac yalnız yerini dəyişir yox olmur. Üstəlik, tunelə daxil olan axın, çıxış nöqtələrində yeni sıxlıq yaradır. Yəni qazanılan vaxt müvəqqəti, rahatlıq isə nisbi olur.

Metro niyə hələ də kənarda qalır? Bu sual illərdir cavabsızdır. Xırdalan istiqamətində sıxlığın əsas səbəbi nədir? Minlərlə insanın hər gün eyni saatlarda Bakıya girişi. Bu problemi nə qədər yol, tunel və körpü ilə həll etməyə çalışsaq da, avtomobil mərkəzli yanaşma dəyişmədikcə nəticə dəyişməyəcək.

Metro isə tək nəqliyyat vasitəsi deyil, davranış dəyişdirən sistemdir. Avtomobildən imtina etməyə real alternativ yaradır. Bir metro xətti on minlərlə avtomobili yoldan çıxara bilər. Bu, nə tunelin, nə də əlavə zolağın bacardığı bir şeydir.

Metro dərman ola bilərmi? Bəli, amma təkcə metro çəkməklə yox. Xırdalan istiqamətində metro xətti, avtobus inteqrasiyası və real şəhərsalma planı ilə birlikdə qurulsa, bu tıxacın taleyini dəyişə bilər. Əks halda, metro da sadəcə “gələcək plan” olaraq qalacaq.

Xırdalanın problemi yol çatışmazlığı deyil, yanaşma problemidir. Daha çox asfalt tökməklə daha az tıxac olmur. Tunel, yol və qovşaqlar qısamüddətli rahatlıq yarada bilər, amma uzunmüddətli həll yalnız kütləvi ictimai nəqliyyatdadır.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью