“Xitam gecikdirildi deyə başqa işə başlaya bilmədim”

17.09.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Əmək müqaviləmin müddəti 16 gün öncə başa çatsa da, xitamın rəsmiləşdirilməsi bu səhər oldu. Buna görə də mənə gələn başqa iş təkliflərini dəyərləndirə bilmədim”.

Bunu “Qafqazinfo”ya müraciətində fəaliyyəti dayandırılan Bakı Qızlar Universitetində Tədris şöbəsi rəhbəri və pedaqoji fəaliyyət göstərmiş Ulduz Qəzvini bildirib.

O iddia edir ki, əmək müqaviləsinin müddəti sentyabrın 1-də başa çatıb, Universitetdə üzərinə düşən arxiv köçürülməsi və təhvil-təslim işlərini sentyabrın 3-ü də daxil olmaqla tam şəkildə başa çatdırıb. Buna baxmayaraq, əmək müqaviləsinə xitamın rəsmiləşdirilməsi 16 gün yubadılıb:

“23 illik əmək stajına malikəm. Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə xitam halında 77-ci maddənin 3-cü hissəsi üzrə işdənçıxarma müavinəti də tələb olunur. On ildən çox əmək stajı olan işçi üçün bu müavinət orta aylıq əməkhaqqının azı iki misli miqdarındadır.

Bu səbəbdən əmək müqaviləmə xitamın müəssisənin ləğvi əsası ilə – Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə uyğun rəsmiləşdirilməsini tələb edirəm. Eyni zamanda, müddətli əmək müqaviləsinin başa çatması ilə bağlı 73-cü maddənin tələblərinin də nəzərə alınması zəruridir. Əmək müqaviləsinə xitamın müvafiq əsas və qaydalara uyğun işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməsi isə Məcəllənin 83-cü maddəsində nəzərdə tutulur.

Bundan başqa, əmək müqaviləmə xitam verilərkən istifadə edilməmiş əsas məzuniyyət günlərimə görə kompensasiyanın ödənilməsi Əmək Məcəlləsinin 144-cü maddəsi ilə nəzərdə tutulur. Müəssisənin ləğvi halında isə işçilərin əməkhaqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, 77-ci maddə üzrə işdənçıxarma müavinəti və digər ödənclərin prioritet qaydada ödənilməsi 178-ci maddədə göstərilir.

Üstəlik, əməkhaqqının və digər qanuni ödənişlərin gecikdirilməsi məsələsinə Əmək Məcəlləsinin 172-ci maddəsi və əməkhaqqının ödənilməsinə dair təminatları müəyyən edən 178-ci maddə baxımından hüquqi qiymət verilməlidir. Son haqq-hesabın və digər ödənclərin vaxtında həyata keçirilməsi işəgötürənin qanuni öhdəliyidir”.

Şikayətçi bildirib ki, 56 günlük istifadə edilməmiş məzuniyyətinə görə ödənişləri, işdənçıxarma müavinəti, son haqq-hesabı və digər qanuni ödənişləri də gecikdirilib:

“Bu isə artıq yalnız bir əmək müqaviləsinin texniki olaraq ƏMAS-da bağlanması məsələsi deyil, əməkdaşın qanuni maliyyə hüquqlarının da təmin olunması məsələsidir. Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciət etmişəm. Baş idarədə faktla bağlı universitetə rəsmi tələb və sorğunun göndəriləcəyi, araşdırmanın nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirlərinin, o cümlədən cərimələrin tətbiq oluna biləcəyi bildirilib.

Bakı Qızlar Universitetinin rəhbərliyinin və kadr şöbəsinin əmək hüquqlarımı məhdudlaşdırdığı, ƏMAS-da xitam prosesini yubadaraq yeni iş yerinə başlamağıma maneə yaratdığı və qanuni ödənişlərimi gecikdirdiyi ilə bağlı iddialar artıq Dövlət Əmək Müfəttişliyi Xidmətinin araşdırma predmetidir.

Universitet rəhbərliyinin bu hərəkətlərini əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirirəm. Faktlar təsdiqini tapacağı təqdirdə, məsul vəzifəli şəxsləri qanunvericilikdə nəzərdə tutulan inzibati məsuliyyət, maliyyə sanksiyaları və digər hüquqi nəticələr gözləyir”.

Məsələ ilə bağlı Bakı Qızlar Universitetinin İnsan Resursları şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, Ulduz xanıma əmək ödənişi hesablanaraq onunla bağlanmış müqaviləyə xitam verilməklə məvacibi maaş kartına köçürülüb:

“BQU-nun fəaliyyəti dayandırıldıqdan sonra tələbələrin xaric olunması əmrlərinin Elektron Məlumatlar sisteminə yerləşdirilməsi ilə bağlı vəzifə öhdəliyini yerinə yetirmədiyinə və hesabatı vermədiyinə görə onun işinə 1 sentyabr 2026-cı ildə baxmaq mümkün olmayıb. Universitet rəhbərliyi ondan hesabat tələb etdikdə, o, görəcəyi işləri yarımçıq qoyub birdəfəlik universitetdən gedib. Rəhbərlik onun yarımçıq qalan işlərinin tamamlanmasını başqa əməkdaşa həvalə edib. Buna baxmayaraq Ulduz xanıma 16 sentyabr  2026-cı ildə əmək ödənişi hesablanaraq onunla bağlanmış müqaviləyə xitam verilməklə məvacibi maaş kartına ödənilib”. 

İddialarla əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən müraciətimizə cavab olaraq qeyd olunan məsələ ilə bağlı Xidmətə müraciət daxil olduğu deyilib: “Müraciətdə qeyd edilən hallar üzrə araşdırmaya başlanılıb. Araşdırmanın nəticəsi barədə əlavə məlumat təqdim ediləcək”.

Lamiyə Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью