Xivədə Lətif Kərimovun irsinə həsr olunmuş ustad dərsləri keçirilib

19.10.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Özbəkistanın Xarəzm vilayətinin qədim Xivə şəhərində keçirilən “Gilamlar jilosi” II Beynəlxalq xalça sərgi-festivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə xalçaçı sənətkar Nazilə Əbilovanın təqdimatında “Lətif Kərimov – Azərbaycan xalça sənətinin böyük ustadı” mövzusunda ustad dərsləri təşkil olunub.

Ustad dərslərində Azərbaycan xalçaçılıq ənənələri və Lətif Kərimovun bu sənətin inkişafına verdiyi töhfələrlə yanaşı, xalçanın quruluşu, əriş və arğacın toxuculuqdakı rolu, ilmə texnikası, naxışların kompozisiyası, rənglərin ahəngi və ornamentlərin rəmzi mənaları barədə ətraflı məlumat verilib, xalça toxuculuğunun əsas mərhələləri və sənətin incəlikləri əyani şəkildə təqdim olunub. Ustad dərslər festival iştirakçılarının, tələbələrin, yerli sakinlərin və şəhərin qonaqlarının marağına səbəb olub.

Xarəzm vilayətinin qədim Xivə şəhərindəki “Arda Xiva” kompleksində keçirilən “Gilamlar jilosi” II Beynəlxalq xalça sərgi-festivalı müxtəlif ölkələrdən olan xalça ustalarını, sənətşünasları və sənətsevərləri bir araya gətirib. Festival xalçaçılıq ənənələrinin qorunub gələcək nəsillərə ötürülməsi, milli naxışların bədii və rəmzi məzmununun tanıdılması, eləcə də bu qədim sənətin müasir dizaynla uzlaşan imkanlarının nümayiş etdirilməsi baxımından əhəmiyyət daşıyır.

Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Xivə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью