Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Özbəkistanın qədim mədəniyyət beşiklərindən olan Xivə şəhərində “Oydin Gurunglar” beynəlxalq yaradıcılıq forumunun təntənəli açılış mərasimi keçirilib.
Forum müxtəlif ölkələrin yaradıcı şəxsləri arasında mədəni dialoqun inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və beynəlxalq mədəni əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Açılış mərasimindən sonra iştirakçılar üçün təşkil olunan mədəni-bədii proqram çərçivəsində “Art-House Xamsa” teatrının təqdimatında “Aydan da gözəl” adlı lirik kompozisiya nümayiş etdirilib.
Tədbirdə ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyinin nəxdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Ümumilikdə, forum xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə, milli mədəni irsin və yaradıcılıq ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasına, incəsənət vasitəsilə qarşılıqlı anlaşmanın gücləndirilməsinə töhfə verib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Xivə