XIX əsrdə rus işğalına qarşı Quba üsyanları

25.08.2026

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rövşən Yerfi

Rus imperiyasının Azərbaycana basqısı, işğalı ilk növbədə şimaldan, Dərbənd-Quba bölgəsindən başlayıb. Çar məmurlarının özbaşınalığı, amansız vəhşilikləri ilə hamıdan tez buranın azadlıqsevər əhalisi üzləşmişdir. Ağır vergi yükü, torpaqların əllərindən alınması, onlara qulluq edən yerli feodalların zülmü və dini, milli hisslərin mütəmadi təhqir edilməsi bu ərazini tarix boyu üsyanlar bölgəsinə çevirmişdir. XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər – yüz ildən çox dövrdə dəfələrlə müstəmləkə zülmünə qarşı mübarizə əzmini göstərən xalq hərəkatları böyük üsyanların baş verməsinə səbəb olmuşdur. 1806-1810, 1811, 1826, 1837, 1877 və 1920-ci il üsyanları bu qəbildəndir. Qeyd edilən Quba üsyanları Azərbaycanın çarizm və bolşevik rejimi dövründə müstəmləkə zülmünə qarşı mübarizə tarixinin mühüm səhifələrindən hesab olunur.

İlk üsyan xanlığın işğalına qarşı Quba xanı Şeyxəli xanın başçılığı ilə 1806-cı ildən 1810-cu ilədək davam etdi. 1811-ci ildə xanın müttəfiqlərinin və yerli əhalinin dəstəyi ilə xanlığın bərpasına yönəlmiş yeni bir cəhd göstərilmişdi.

Azərbaycan Dövlət Tarix Arxivinin “Bakı şəhər dairə məhkəməsi”, “Bakı qubernatorunun dəftərxanası”, “Quba komendantının idarəsi” və “Quba qəzası polis idarəsi” fondlarında araşdırmalar apararkən, daha çox 1826, 1837 və 1877-ci illər üsyanları ilə bağlı onlarla saxlama vahidləri ilə rastlaşmaq mümkündür. Belə ki, bu sənədlərdə əsasən çar hakimiyyətinə və onlara qulluq edən bəy-mülkədarlara qarşı kəndli üsyanları zamanı mülkləri dağılmış sakinlərin sorgu-sual materialları - ərizələr, protokollar, raportlar, alınmış ifadələr toplanılmışdır.

1826-cı il üsyanı tarixi mənbələrə istinadən 18 sentyabrda üsyançıların Quba qalasını mühasirəsi ilə başlamışdır. Üsyana Şeyxəli xanın Ərdəbildən gəlmiş 19 yaşlı oğlu rəhbərlik edirdi. Şəhər on gün ərzində mühasirədə qalmışdı. Sonra rus qoşunları mühasirəni yarmağa nail olmuşlar. Oktyabrın 13-də böyük itkilər verən üsyançılar ağır məğlubiyyətə uğradılar. Məğlub üsyançıların bir xeylisi Qacarlar dövlətinə qaçmış, əsir düşənlər isə uzaq Sibirə sürgün edilmişlıər. 1819-1837-ci illərə aid olan “Quba komendantının idarəsi” fondunda ölkədən qaçanların və sürgün edilənlərin siyahıları, onların əmlaklarının müsadirəsi sənədləri saxlanılmaqdadır.

1837-cü ildə çar üsul-idarəsinə və yerli feodalların zülmünə qarşı Hacı Məhəmməd və Yarəlinin rəhbərliyi ilə növbəti bir güclü xalq üsyanı baş verdi. Başlama bəhanəsi Varşavadakı müsəlman süvari alayına atlıların toplanması xəbərinin yayılması oldu. Əgər 1826-cı ildəki üsyanda aparıcı qüvvə Şeyxəli xanın tərəfdarları idisə, bu dəfə fəallıq ləzgilər tərəfindən idi. Şeyx Şamil hərəkatının qızğın çağında baş verən üsyan iki mindən çox əhalini, Quba, Dərbənd, Dağıstan kəndlərinin çoxunu əhatələmişdi. Yatırıldıqdan sonra hökumət hərəkatın iştirakçılarına divan tutdu. Bu üsyan miqyas və mahiyyətinə görə özündən əvvəlki və sonrakı üsyanlardan müəyyən mənada fərqlənmiş, çar rejimini Azərbaycana və azərbaycanlılara münasibətdə yanıldıqlarını etiraf etməyə və bir sıra ciddi islahatlar aparmağa məcbur etmişdi.

Читать полностью