Xocalı, Ağdərə, Xocavənd və Cəbrayılda növbəti qayıdış sevinci

01.10.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Sentyabrın 30-da Xocalı, Ağdərə, Xocavənd və Cəbrayıl rayonlarında növbəti qayıdış sevinci yaşanıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu mərhələdə əsasən respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 78 nəfərdən ibarət 17 ailə Xocalı şəhərinə, 5 nəfərdən ibarət 1 ailə rayonun Xanyurdu kəndinə, 1 ailə (4 nəfər) Ağdərənin Vəngli kəndinə, ümumilikdə, 87 nəfərin Xocalı və Ağdərə rayonlarına köçürülüb.

Dünən 55 nəfər (16 ailə) isə Xocavənd şəhərinə, 60 nəfər (9 ailə) isə Cəbrayıl rayonunun Şükürbəyli kəndində də məskunlaşdırılıb.

Yeni ünvanda sakinlərin rahat yaşayışı üçün bütün zəruri tədbirlər görülüb, yenidən qurulmuş yaşayış məntəqələri daimi elektrik enerjisi, içməli su, təbii qaz və internetlə təmin olunub.

Mənzillərin açarlarının təqdim edilməsi zamanı öz yurdlarına dönənlər yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, uzun illərdən sonra ata-baba torpaqlarına qovuşmağın sevincini yaşadıqlarını qeyd ediblər. Onlar xalqımıza tarixi qələbələr bəxş edən, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın əziz xatirəsini ehtiramla anıb, hər birinə Allahdan rəhmət diləyiblər, qazilərimizə cansağlığı arzulayıblar.

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış mərhələli şəkildə davam etdirilir.

M.HÜMBƏTOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью