Xocalı rayonu 2025 ci ilin hesabatını verdi

23.01.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvar ayının 23-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı Rayon İcra Hakimiyyəti başçısının 2024-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. Rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə icra hakimiyyətinin başçısı Şahmar Usubov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ziya Məmmədov, Milli Məclisin deputatı Elman Məmmədov, eləcə də rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

525.az xəbər verir ki, tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalı Rayon İcra Hakimiyyətinin foyesində təşkil edilmiş xocalılarla görüşlərini əks etdirən sərgiyə, eləcə də Vətən müharibəsi və antiterror əməliyyatlarına həsr olunmuş fotolara, Ulu öndərin həyat və fəaliyyətinə, həmçinin şanlı Zəfər tariximizə həsr olunmuş kitablara baxış keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov ötən dövr ərzində rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, infrastrukturun inkişafı, əhalinin məşğulluğunun artırılması, sosial müdafiə tədbirləri, “Böyük Qayıdış” prosesi ilə əlaqədar həyata keçirilən tədbirlər və digər sahələr üzrə görülən işlər barədə geniş məlumat verib.

İcra başçısı qarşıdakı illərdə nəzərdə tutulan prioritet istiqamətlər, yeni layihələr və inkişaf perspektivləri barədə söz açaraq qeyd edib ki, Xocalı rayonunun işğaldan azad edilmiş ərazilərində 2025-ci il ərzində məhsuldarlığın artırılması məqsədilə meyvə bağlarında bir sıra işlər görülüb. Agro Lid, Zəfər Bağları və Yard Agro tərəfindən 256 hektar nar bağından ümumilikdə 674,4 ton məhsul yığılıb. Agro Lid tərəfindən 3 hektar heyva bağından 0,41 ton, 9,89 hektar şaftalı bağından isə 23,89 ton məhsul əldə olunub. Ümumilikdə Xocalı rayonunun işğaldan azad edilmiş 484 hektar ərazisində müxtəlif şirkətlər tərəfindən aqrotexniki işlər görülüb. Əlavə olaraq, 2025-ci il ərzində Xocalının Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə torpaqların əkin məqsədli istifadəyə verilməsinə dair icarə müqavilələri imzalanıb.

İcra hakimiyyətinin başçısı bildirib ki, artıq tarixi və strateji əhəmiyyətə malik Xocalı şəhəri də daxil olmaqla rayonun 8 yaşayış məntəqəsi ilk sakinlərini – keçmiş məcburi köçkünləri qəbul edib. Ümumilikdə 881 ailə, 3602 nəfər öz doğma yurduna qayıdıb.

Qeyd olunub ki, Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Xocalı şəhərinə 114 ailə (502 nəfər), Ballıca kəndinə 239 ailə (1058 nəfər), Təzəbinə kəndinə 139 ailə (609 nəfər), Xanyurdu kəndinə 123 ailə (431 nəfər), Şuşakənd kəndinə 114 ailə (428 nəfər), Badara kəndinə 58 ailə (220 nəfər), Daşbulaq kəndinə 35 ailə (138 nəfər), Seyidbəyli kəndinə isə 59 ailə (216 nəfər) mərhələli şəkildə köçürülüb.

Tədbir iştirakçıları rayon icra hakimiyyətinin başçısı Şahmar Usubovun hesabat məruzəsini yüksək qiymətləndiriblər. Çıxış edənlər müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş şanlı Qələbədən, ölkəmizin son illərdə qazandığı böyük nailiyyətlərdən və inkişafından danışıblar, iqtisadi tərəqqi, sosial rifahın yüksəlməsi və beynəlxalq arenada Azərbaycanın nüfuzunun artırılması ilə hər bir vətəndaşın qürur duyduğunu vurğulayıblar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ziya Məmmədov çıxışında 2025-ci il ərzində rayonda görülən işləri qənaətbəxş hesab etdiyini bildirib.

Sonra yığıncağın qərar layihəsi təqdim edilərək səsə qoyulub və qəbul edilib, həmçinin Xocalı rayon sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciət oxunub.

Tədbirin sonunda ictimai-siyasi həyatda fərqlənən şəxslər, eləcə də idmanın müxtəlif sahələrində nailiyyətlər əldə etmiş idmançılar Xocalı Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif ediliblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью