Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xocalı Azərbaycan xalqının yaddaşında həm böyük faciənin, həm də tarixi ədalətin bərpasının rəmzidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal və etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri oldu. Şəhər yerlə-yeksan edildi, yüzlərlə dinc sakin amansızlıqla qətlə yetirildi, minlərlə insan doğma yurdundan didərgin salındı. Lakin Xocalının faciə ilə başlayan işğal tarixi Azərbaycan dövlətinin Qələbəsi, tam suverenliyin bərpası və insanların öz yurdlarına qayıdışı ilə başa çatdı.
2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər Qarabağın azadlığına yol açdı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Xocalı şəhəri və rayonun bütün yaşayış məntəqələri üzərində Azərbaycanın suverenliyi tam təmin olundu. Qanunsuz silahlı birləşmələr tərksilah edildi, separatizmə son qoyuldu və dövlətimizin konstitusiya quruluşu bərpa olundu.
Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması tarixi ədalətin təntənəsinə çevrildi. Üçrəngli bayrağımızın Xocalıda dalğalanması şəhidlərin ruhuna ehtiramın, xalqımızın sarsılmaz iradəsinin və dövlətimizin qüdrətinin ifadəsi idi. Həmin gün Xocalı ilə yanaşı, Əsgəran qəsəbəsində də Dövlət Bayrağımız ucaldıldı, dövlətimizin başçısı Əsgəran qalasına və ətraf əraziyə baxış keçirdi.
Xocalının azadlığı yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də xalqımızın qan yaddaşında dərin iz qoymuş soyqırımı qurbanlarının qisasının döyüş meydanında alınması deməkdir. Azərbaycan dövləti Xocalı faciəsini heç vaxt unutmadı, onun beynəlxalq səviyyədə tanıdılması üçün ardıcıl siyasət həyata keçirdi. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra faciəyə ilk dəfə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin dünyaya çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Müxtəlif ölkələrin parlamentləri, beynəlxalq və regional təşkilatlar Xocalıda törədilmiş cinayəti soyqırımı və ya insanlığa qarşı cinayət kimi tanıyan qərarlar qəbul etdilər. Lakin Xocalı üçün ən böyük ədalət şəhərin azad edilməsi, Azərbaycan Bayrağının burada ucaldılması və sakinlərin öz doğma yurdlarına qayıtması oldu.
Prezident İlham Əliyevin 2024-cü il fevralın 26-da Xocalıya səfəri xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyırdı. Dövlətimizin başçısı Xocalı Soyqırımı Memorialının təməlini qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Memorial kompleksinin yaradılması Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və erməni vəhşiliklərinin tarixi sübutlarla dünyaya təqdim olunması baxımından mühüm addım idi.
2026-cı il fevralın 26-da Xocalı Soyqırımı Memorialının açılması ilə bu müqəddəs xatirə məkanı istifadəyə verildi. Memorial faciəni yalnız statistik göstəricilər və tarixi məlumatlarla deyil, Xocalı sakinlərinin yaşadığı ağrı və itkilər üzərindən təqdim edir. Bu kompleks xalqımızın qan yaddaşını yaşatmaqla yanaşı, insanlığa qarşı belə cinayətlərin bir daha təkrarlanmaması çağırışını ifadə edir.
Xocalıda keçmişin ağrılı yaddaşı qorunmaqla bərabər, gələcəyin müasir şəhəri qurulur. Prezident İlham Əliyevin 2024-cü il mayın 28-də Xocalıya səfəri zamanı şəhərdə əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olması və doğma yurda qayıdan sakinlərlə görüşməsi Böyük Qayıdışın yeni mərhələsini başlatdı. Müstəqillik Günündə Xocalı sakinlərinin öz şəhərlərinə qayıtması xüsusi rəmzi məna daşıyırdı. Bu hadisə Azərbaycanın müstəqilliyinin, dövlət qüdrətinin və tarixi Qələbəsinin insanların həyatında yaratdığı real dəyişiklikləri nümayiş etdirdi.
Bu gün Xocalıda müharibənin və işğalın izləri ardıcıl şəkildə aradan qaldırılır. Yaşayış binaları və fərdi evlər yenidən qurulur, küçələr abadlaşdırılır, elektrik, su, qaz, rabitə və yol infrastrukturu yaradılır. Sosial obyektlərin istifadəyə verilməsi, ictimai məkanların təşkili, yaşıllıq sahələrinin salınması şəhərin müasir və rahat yaşayış məkanına çevrilməsinə xidmət edir. Görülən işlər zamanı Xocalının tarixi xüsusiyyətlərinin qorunması ilə müasir şəhərsalma tələblərinin uzlaşdırılmasına diqqət yetirilir.
Xocalıda həyatın canlanmasını göstərən əsas amil sakinlərin doğma yurdlarına qayıtmasıdır. Xocalı şəhərində 144 ailədən ibarət 651 nəfərin məskunlaşması şəhərin gündəlik həyatının bərpa olunduğunu göstərir. İnsanlar uzun illərdən sonra öz doğma şəhərlərində yeni həyata başlayır, ailələr qurur, işləyir və övladlarını burada böyüdürlər. Şəhərdə yanan hər bir ev işığı Xocalının düşmən tərəfindən məhv edilməsinin mümkün olmadığını nümayiş etdirir.
Qayıdış prosesi yalnız Xocalı şəhəri ilə məhdudlaşmır. Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq və Xanabad kəndləri də öz sakinlərinə qovuşmuşdur. Ümumilikdə Xocalı şəhəri və rayonun bu kəndlərində 1167 ailədən ibarət 4841 nəfərin məskunlaşması Böyük Qayıdışın geniş miqyasını göstərir. Bu göstərici Xankəndi, Xocalı, Xocavənd və Ağdərə arasında ən böyük məskunlaşma rəqəmidir.
Kəndlərin yenidən qurulması zamanı sakinlərin ənənəvi həyat və təsərrüfat xüsusiyyətləri nəzərə alınır. Fərdi yaşayış evləri bərpa edilir, kənddaxili yollar çəkilir, sosial və mühəndis-kommunikasiya infrastrukturu yaradılır. Eyni zamanda, əhalinin kənd təsərrüfatı, heyvandarlıq, bağçılıq və digər fəaliyyət sahələri ilə məşğul olması üçün imkanlar genişləndirilir. Bu yanaşma qayıdışın davamlı xarakter daşımasını və kəndlərin iqtisadi cəhətdən özünü təmin edə bilməsini hədəfləyir.
Xocalının iqtisadi inkişafında sənaye və istehsal müəssisələrinin yaradılması mühüm yer tutur. Ballıca kəndində ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin fəaliyyətə başlaması kənd sakinləri üçün yeni məşğulluq imkanları yaratmışdır. Müəssisənin yerli əmək ehtiyatlarından istifadə etməsi Böyük Qayıdışın sosial-iqtisadi əsaslarını gücləndirir.
Xanabad kəndində heyvandarlıq kompleksinin istifadəyə verilməsi rayonun kənd təsərrüfatı imkanlarının reallaşdırılması baxımından əhəmiyyətlidir. Müasir texnologiyalara əsaslanan belə təsərrüfatlar istehsalın artırılmasına, yeni iş yerlərinin açılmasına və yerli əhalinin gəlirlərinin yüksəldilməsinə xidmət edir. Xocalının təbii şəraiti və geniş otlaq sahələri heyvandarlığın inkişafı üçün əlverişli imkanlar yaradır.
Xocalı kərpic zavodunun fəaliyyətə başlaması həm sənaye istehsalının genişləndirilməsi, həm də azad edilmiş ərazilərdə aparılan tikinti işlərinin yerli materiallarla təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Zavodun istehsal etdiyi məhsullar bərpa-quruculuq prosesinə töhfə verməklə yanaşı, daimi iş yerlərinin yaradılmasını da təmin edir. Bu layihə Xocalının tədricən istehsal və sənaye mərkəzinə çevrildiyini göstərir.
Xocalı şəhərində “Qarabağ Tekstil Evi”nin açılması rayonda iqtisadi fəaliyyətin şaxələndirilməsinə xidmət edən digər mühüm layihədir. Toxuculuq və tikiş sahəsinin inkişafı xüsusilə qadınların məşğulluğuna, peşə bacarıqlarının artırılmasına və ailələrin sosial rifahının yaxşılaşdırılmasına imkan yaradır. Yeni müəssisələrin yaradılması qayıdan əhalinin yalnız mənzillə deyil, sabit işlə təmin edilməsinə yönələn dövlət siyasətinin tərkib hissəsidir.
Enerji infrastrukturu da Xocalının dirçəlişində mühüm rol oynayır. “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi şəhər və kəndlərin dayanıqlı elektrik enerjisi ilə təminatını yaxşılaşdırmışdır. Müasir idarəetmə sistemləri enerji təsərrüfatının daha səmərəli və təhlükəsiz fəaliyyətinə şərait yaradır, yaşayış və istehsal obyektlərinin artan tələbatını qarşılayır.
Prezident İlham Əliyevin Xocalı rayonuna ardıcıl səfərləri bərpa və məskunlaşma işlərinin daim diqqət mərkəzində saxlanıldığını göstərir. Dövlətimizin başçısı Çanaqçı və Sığnaq kəndlərinə, Əsgəran qəsəbəsinə, Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad və digər yaşayış məntəqələrinə səfər etmiş, mövcud vəziyyət və həyata keçiriləcək layihələrlə tanış olmuşdur. Sonrakı səfərlər zamanı Ballıca, Təzəbinə, Xanyurdu, Seyidbəyli, Daşbulaq və Badarada aparılan işlərə baxış keçirilmiş, sakinlərlə görüşlər olmuşdur.
Bu görüşlər qayıdan sakinlərin ehtiyaclarının birbaşa öyrənilməsi və bərpa işlərinin onların tələblərinə uyğun həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Doğma yurdlarına qayıdan Xocalı sakinləri dövlət tərəfindən yaradılan şəraitə görə minnətdarlıqlarını bildirir, Qarabağın gələcək inkişafına öz əməkləri ilə töhfə verməyə hazır olduqlarını nümayiş etdirirlər.
Xocalının dirçəlişi faciədən güclü gələcəyə doğru uzanan tarixi yolun ifadəsidir. Bir vaxtlar sakinləri amansızlıqla qətlə yetirilən və yurdundan didərgin salınan Xocalı bu gün yenidən qurulur, öz insanlarına qovuşur və Azərbaycanın müasir inkişaf məkanlarından birinə çevrilir. Şəhərdə və kəndlərdə yaradılan yeni həyat düşmənin xalqımızın iradəsini qıra bilmədiyini təsdiqləyir.
Bu gün Xocalıda uşaqların səsi eşidilir, evlərdə işıqlar yanır, müəssisələr fəaliyyət göstərir, torpaqlar əkilir və yeni ailələr məskunlaşır. Xocalı artıq yalnız faciənin deyil, həm də Qələbənin, qayıdışın və milli dirçəlişin ünvanıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti Xocalının gələcək nəsillər üçün təhlükəsiz, abad və firavan yurda çevriləcəyinə möhkəm inam yaradır.
Mübariz Tağıyev,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Astanlı kənd tam orta məktəbin direktoru