Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
“Bakı Abadlıq” şirkətinin sponsorluğu və dəstəyi ilə “AzeRobot Education” komandası tərəfindən Xocalı şəhərində, Sənətkarlar məhəlləsində məktəblilər üçün “Robototexnika” üzrə 2 günlük master-klasslar təşkil olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Cebheinfo.az”-a verilən məlumata görə, təlimlərdə Xocalı, Xankəndi və Şuşa şəhərlərindən olan 120 məktəbli iştirak edib.
5 nəfərlik peşəkar heyət tərəfindən keçirilən master-klasslarda hər biri 12 şagirddən ibarət qruplar üzrə 1,5 saatlıq praktiki məşğələlər təşkil olunub.
Məşğələlər zamanı uşaqlar robototexnikanın əsasları ilə tanış olub, öz robotlarını qurmaq və proqramlaşdırmaq imkanı əldə ediblər. Təlimlər yaş qruplarına uyğun olaraq müxtəlif proqramlar əsasında keçirilib.
Belə ki, 5–7 yaşlı uşaqlar “Neobot”, LEGO SPIKE və “WeDo” platformaları, 9–11 yaşlı məktəblilər “Gənc mühəndis”, 12–14 yaşlı iştirakçılar isə mexatronika istiqaməti üzrə praktiki biliklər qazanıblar.
Master-klasslar məktəblilər və valideynlər tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar bölgədə “Robototexnika” üzrə mütəmadi dərslərin və yarışların keçirilməsinə dair təklif və müraciətlərini bildiriblər.
Təşəbbüsün davamlılığını təmin etmək məqsədilə bundan sonra hər ay Xocalı, Xankəndi və Şuşa şəhərlərində yaşayan uşaqlar üçün maarifləndirici robototexnika master-klasslarının təşkili nəzərdə tutulur.
Layihənin əsas məqsədi Qarabağda yaşayan şagirdlərin texnologiya və innovasiyalara marağını artırmaq, onların mühəndislik və proqramlaşdırma bacarıqlarının inkişafına dəstək olmaqdır.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin