Xocalıdan 9 yaşında çıxan Ləfxanıma ev verilib

24.09.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı Ləfxanım Mahmudova Xocalıda mənzillə təmin olunub.

Ləfxanım Mahmudova bu barədə “XQ”yə danışıb.

Bildirib ki, 1992-ci ildə Xocalı faciəsi zamanı 9 yaşında olan Ləfxanım, illər sonra 44 yaşında doğma torpağında yeni həyata başlayıb. O, ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub.

L.Mahmudova qeyd edib ki, 9 yaşında ağlaya-ağlaya Xocalını tərk etsə də bu gün gülə-gülə ailəsi, övladları, nəvəsi ilə doğma torpağına qayıdıb:

"Duyğularım çox gözəldir. Xocalıdayam, vətənimdəyəm. Bu gün Xocalıda, şükür Allaha, evlə təmin olunmuşam. Xocalı günü-gündən çiçəklənir. Evdə yaşayış üçün bütün şərait var. Allah cənab Prezidentimizə can sağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin ki, bizə bu sevinci yaşadırlar.

Allah-Təala bir daha pis gün göstərməsin. Mən uşaqlıqda o ağrını, o acını çox yaşamışam. Bundan sonra övladlarıma Allah-Təaladan xeyirli günlər arzulayıram. İstəyirəm ki, bu evdə yaşamaları onlar üçün xeyirli olsun, o pis günləri görməsinlər. Çünki mən bunları yaşamışam. 44 yaşım olmasına baxmayaraq, həmin ağrını hələ də içimdə daşıyıram.”

Xatırladaq ki, Ləfxanım Mahmudova hələ 9 yaşında olarkən Xocalı faciəsinin şahidi olub. Ailəsi ilə birlikdə erməni əsirliyinə düşüb, ağır işgəncələr və yaxınlarının itkisi ilə üzləşib. Əsl adı Ləfxanım olan, soyuqdan ayaqları don vuran 9 yaşlı uşağa Ağdam xəstəxanasında onu müalicə edən həkim Nərgiz adını verib.


Ləman TƏHMƏZ 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью