Xocalının barlı bərəkətli günləri

24.06.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azadlığına qovuşmuş torpaqlar bolluq meydanıdır

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkəmizdə aqrar sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaradır. Sənəddə kənd təsərrüfatının inkişafı, habelə yerli istehsal və emal potensialının gücləndirilməsi üçün genişmiqyaslı dəstək mexanizmləri nəzərdə tutulur.

Dövlət başçısının sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası, həmçinin Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə işğaldan azad olunmuş Xocalıda da çoxsaylı işlər görülür.

Böyük Qayıdış çərçivəsində sakinlərin doğma yurdlarına dönüşü rayonda uzun illərdən sonra əkinçiliyin, maldarlığın, arıçılığın, bağçılığın və baramaçılığın inkişafına zəmin yaradıb. İndi bu bərəkətli torpaqlar insan əməyi sayəsində yenidən canlanır.

Xocalı Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Habil Rzaquliyevlə söhbət zamanı öyrəndik ki, 12 min hektardan artıq əkinəyararlı torpaq sahələrinə malik rayonda bu il, ümumilikdə, 8 min hektara yaxın ərazidə dənli bitkilərin əkini həyata keçirilib. Bundan başqa 800 hektarlıq xurma, alma, qoz, heyva, üzüm, alça bağları mövcuddur. Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi investisiya müsabiqələrinin nəticələrinə əsasən, əkin və bağ sahələri hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Hazırda aqrar sahəni inkişaf etdirmək məqsədilə rayon ərazisində “Agro Dairy”, “Xocalı Agro”, “Qoç ət”, “Zəfər bağları”, “Yard Agro” və digər şirkətlər fəaliyyət göstərir. Köhnə meyvə bağları ilə yanaşı, müasir suvarma sistemləri ilə təhciz olunmuş superintensiv alça, gilas və nar bağları salınıb.

Müsahibimiz 2025–2026-cı təsərrüfat ilində Xocalıda ilk dəfə olaraq yerli əhali tərəfindən də dənli bitkilərin əkildiyini dedi:

– Ötən il rayonun Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə torpaqların əkin məqsədli istifadəyə verilməsinə dair icarə müqavilələri imzalanıb. Adıçəkilən kəndlərin sakinləri tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə 2 mərhələdə, ümumilikdə, 177 müraciət daxil olub. Torpaqların istifadəyə verilməsi prosesinin nəzərdə tutulan vaxtda yekunlaşdırılması məqsədilə Xocalı DAİM-in əməkdaşları onlara hərtərəfli texniki dəstək göstərirlər. Daxil olan müraciətlər təhlil olunduqdan sonra əkin üçün təqdim edilən parsellərə müraciətlərin çoxluğu nəzərə alınaraq, əhali arasında birləşmə imkanları barədə məlumatlandırma aparılıb.

Nəticədə, müraciətləri təsdiqlənmiş şəxslərdən 64 nəfəri 8 kooperativ, 28 nəfəri isə 8 ailə-kəndli təsərrüfatı formalaşdırıb. Kənd Təsərrüfatı Nazirliyi (KTN) ilə təsərrüfatların üzvləri arasında icarə müqavilələri imzalanıb.

Cari təsərrüfat ilində Ballıca kəndində fermerlər 153 hektar sahədə arpa və buğda əkiblər. Havaların əlverişli keçməsi, yağışların yağması nəticəsində toxumlar yaxşı inkişaf edib və sahələrdə bol məhsul var. Hazırda biçinə hazırlıq gedir, biçin zamanı sakinlərin texnika sarıdan problemlərlə üzləşməmələri üçün zəruri tədbirlər görülür.

Mərkəz direktorunun sözlərinə görə, rayonun Təzəbinə və Xanabad kəndlərinin sakinlərinin müraciətlərinin elektron sistemə daxil edilməsi və təlimlərin keçirilməsi prosesi də yekunlaşmaq üzrədir və tezliklə onlarla da müvafiq müqavilələr imzalanacaq:

– Sevindiricidir ki, müraciət edənlər çoxdur, sakinlər torpağı əkib-becərməyə, təsərrüfatla məşğul olmağa can atırlar. Hər iki kənddən 65-dən artıq müraciət daxil olub. Təlimlər zamanı onlara aqrar sahədə dövlət dəstəyi tədbirləri, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların göstərdikləri xidmətlər, texnika və damazlıq heyvanların alınmasının maliyyələşdirilməsi barədə məlumatlar verilib. Sakinlərə, həmçinin kənd təsərrüfatı təyinatlı kreditlərin ayrılması, müasir suvarma sistemlərindən istifadənin əhəmiyyəti və aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı maarifləndirici sessiyalar da təşkil edilir.

Təlimlərdə informasiya sistemi vasitəsilə müraciətin necə olunması, müqavilələrdə nəzərdə tutulmuş şərtlər və tələblər, müasir suvarma sistemlərinin əhəmiyyəti, texnikalardan səmərəli istifadə qaydaları, tərəvəzçilik, bitkiçilik, meyvəçilik və əkinçiliklə bağlı innovativ yanaşmalar öyrədilib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə davranış qaydaları və iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsirləri mövzularında məlumatlandırma aparılıb.

Habil Rzaquliyev azad Xocalıda arıçılığın və heyvandarlığın ilkin mərhələdə əsasən fərdi təsərrüfatlar hesabına inkişaf etdiyini bildirdi. Bununla yanaşı, rayonun Təzəbinə kəndində hüquqi şəxsə məxsus camışçılıq təsərrüfatı fəaliyyət göstərir, həmçinin “Qoç ət”, “Xocalı Agro” və digər şirkətlər də heyvandarlığın inkişafına töhfə verir. Heyvanların sağlamlığı üçün rayon ərazisində baytarlıq xidmətinin işi lazımi səviyyədə təşkil edilib.

Xocalı rayonunda aqrar sahənin yenidən dirçəldilməsi tədbirləri zamanı doğma ata-baba yurdlarına qayıtmış qadınların bu sahədə iştirakları diqqətdən kənarda qalmayıb. Ötən ilin sonlarında rayonunun Ballıca kəndində Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı və PAŞA Holdinqin maliyyə dəstəyi ilə Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsi çərçivəsində “Ballıcanın ilk qadın aqrarçıları”nın toplantısı keçirilib. İşğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının inkişafına yardımçı olmaq və xüsusilə qadın fermerlərin bu sahədə fəallığını artırmaq, onların dayanıqlı təsərrüfatlar qurmasına şərait yaratmaq məqsədilə təşkil edilən tədbir çərçivəsində, ümumilikdə, 53 qadına dəstək göstərilib, hər birində 5 qadının yer aldığı “Güllü yaylaq” və “Qızıl pətək” kooperativləri təsis edilib. Bu kooperativlər kənd təsərrüfatı məhsullarının emalı və satışı ilə məşğul olacaq. Nəticədə, kənd qadınlarının həm məşğulluq, həm də gəlir imkanları genişlənəcək. Fermerlərin təsərrüfatlarını inkişaf etdirmələrinə dəstək məqsədilə AFAQ layihəsi çərçivəsində yerli sakinlərə 86 ədəd avadanlıq və 18 ton yem verilib, həmçinin sertifikatlar təqdim edilib.

2026-cı il Xocalıda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, baramaçılığın inkişafı baxımından da yaddaqalan olacaq. Belə ki, 34 ildən sonra ilk dəfə olaraq bu il rayonda barama tədarükü həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müşaviri İmran Cümşüdov bildirdi ki, dövlət başçısının tapşırığına əsasən, son iki il ərzində Daşbulaq kəndi ərazisində ilkin mərhələdə 13, sonkarı mərhələ isə 150 hektar olmaqla, ümumilikdə 163 hektar sahədə superintensiv tipli tut bağı salınıb:

– Layihə İqtisadiyyat Nazirliyinin dəstəyi, Qarabağ Dirçəliş Fondunun qrant vəsaiti hesabına reallaşdırılıb. Əkin işləri zamanı hər hektarda 10 min ədəd Çin Xalq Respublikasından gətirilmiş yüksək yarpaq məhsuldarlığına malik sortda ting əkilib, damlama-suvarma sistemi qurulub. Aqrotexniki qulluq sayəsində tinglərin yaxşı inkişaf etməsinə nail olunub və əldə edilən nəticələr baramaçılığın yenidən bərpasına imkan yaradıb. Bu il KTN-in bölgüsü əsasında təsərrüfata 100 qutu ipəkqurdu verilib və onların yetişdirilməsi uğurla başa çatdırılıb. İlkin olaraq 700 kiloqram barama toplanaraq “Azəripək” MMC-yə təhvil verilib, növbəti mərhələlərdə daha çox baramanın tədarükü nəzərdə tutulur.

İmran Cümşüdov Xocalıda həyata keçirilən kənd təsərrüfatı layihələrinin təkcə istehsalın artırılmasına deyil, həm də doğma yurdlarına qayıdan sakinlərin məşğulluğunun təmin olunmasına xidmət etdiyini dedi. Hazırda Xocalıya köçmüş ailələrin üzvləri müxtəlif kənd təsərrüfatı sahələrində daimi və mövsümi işlərlə təmin olunurlar. Elə Daşbulaq kəndində salınmış tut bağlarında və baramaçılıq təsərrüfatında da yerli sakinlər üçün yeni iş yerləri yaradılıb. Belə layihələr həm əhalinin sosial rifahının yüksəldilməsinə, həm də rayonun iqtisadi həyatının canlandırılmasına xidmət edir.

Gələcəkdə baramaçılıq təsərrüfatının genişləndirilməsi ilə daha çox sakinin işlə təmin edilməsi nəzərdə tutulur.

İşğaldan azad edilmiş Xocalıda aqrar sahələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, kooperativlərin və ailə-kəndli təsərrüfatlarının yaradılması, ata-baba yurdlarına dönmüş sakinlərin doğma torpaqlarda əkinçiliklə, maldarlıqla, arıçılıqla, baramaçılıqla məşğul olmaları ölkəmizdə kənd təsərrüfatının inkişafına töhfə verəcək.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью