Xocalının yaraları sağaldılır

17.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ tekstil evi” yenidən  doğulan şəhərdə daha bir “çörək ağacı”na çevrilib

Hər qarışında bərpa-quruculuğun, inkişafın təzahürləri göz oxşayan azad Qarabağ əzəli sakinlərinin geri dönüşü ilə gündən-günə daha da canlanır. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı layihələrin reallaşdırılması, müasir infrastrukturun qurulması nəticəsində vaxtilə erməni vandallarının xarabalığa çevirdikləri yaşayış məntəqələrimiz abadlaşaraq yeni simasına qovuşur. Şanlı qələbələrimiz sayəsində ən böyük arzuları reallığa çevrilən keçmiş məcburi köçkünlər Böyük Qayıdış çərçivəsində mərhələ-mərhələ doğma yurdlarına dönür, qürurla, həvəslə sürətli dirçəlişin iştirakçısına çevrilirlər. 

Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Qarabağ və Şərqi Zəngəzurda əkinçiliklə, heyvandarlıqla yanaşı, sahibkarlığın inkişafı da diqqətdə saxlanılır. Ölkəmizin müxtəlif bölgələrindən olan iş adamlarının burada bizneslərini qurmaları üçün  hər cür şərait yaradılıb, müxtəlif təyinatlı istehsal və iaşə obyektlərinin sayı artmaqdadır. “Qarabağ ­tekstil evi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) də Böyük Qayıdışın ilk günlərindən Qarabağda yüngül sənayenin inkişafına və yerli əhalinin işlə təmin olunmasına layiqli töhfə verən müəssisələrdəndir. 2024-cü ilin oktyabr ayından Xankəndidə fəaliyyətə başlayan MMC bu il istehsalı və işçi sayını artırmaq məqsədilə yeni ünvana köçüb, Prezident İlham Əliyev mayın 28-də Xocalı şəhərində müəssisənin açılışında iştirak edib.

...“Qarabağ tekstil evi”ndə qızğın iş gedirdi. Xocalılıların tikiş maşınlarının arxasında, məhsul çeşidləmək üçün qurulmuş stolların ətrafında həvəslə, qürurla çalışdıqlarına şahidlik etmək külündən doğulan bu şəhərin işıqlı sabahlara doğru inamla addımladığına əminlik yaradır. MMC-nin təsisçisi Rizvan Məhəmmədovla  iş başında görüşdük, müəssisənin fəaliyyəti barədə məlumat aldıq. Bildirdi ki, rəhbərlik etdiyi tekstil evində hazırda əksəriyyəti yerli sakinlər olmaqla 120 nəfərə yaxın işçı çalışır, məqsəd işçi sayını 200 nəfərə çatdırmaqdır:

– Müxtəlif çeşidlərdə ev tekstili məhsulları – yastıq, yorğan, döşək, yataq dəstləri, dəsmallar istehsal edirik. Türkiyənin və Çinin müasir avadınlıqları ilə təhciz olunmuş müəssisəmizin illik istehsal gücü 1 milyon ədədə çatır. İstehsalımızın 75 faizi daxili bazar üçün nəzərdə tutulub, yerli tələbatı ödəyirik. Müştəri problemimiz yoxdur, məhsullarımız satılır. Daha çox məhsul istehsal etmək imkanımız var. Odur ki, ixrac məqsədilə xarici bazarı araşdırırıq, Gürcüstan, Moldova və Serbiya ilə danışıqlar gedir. Yaxın gələcəkdə isə mülki üst və ev geyimlərinin istehsalına da başlanılması planlaşdırılır. Bu məqsədlə, yeni avadanlıqlar sifariş vermişik, geyim istehsalında daha 100 nəfər işlə təmin olunacaq. 

Öyrəndik ki, ilkin investisiya dəyəri 4,2 milyon manat olan “Qarabağ tekstil evi”nin yaradılmasına  Azərbaycan Biznesinin İnkişafı Fondu  3,2 milyon manat məbləğində güzəştli kredit ayırıb, 1 milyon manat isə özəl investisiya yönləndirilib. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün nəzərdə tutulan bütün güzəşt və azadolmalardan yararlanır.

Xankəndi, Xocalı azadlığına qovuşduqdan cəmi 3 ay sonra iş qurmaq üçün Qarabağa gəldiyini deyən həmsöhbətimiz burada fəaliyyət göstərməyi, bərpa-quruculuğa töhfə verməyi özünə borc bildiyini dedi:

– Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tariximizin  zəfər salnaməsini yazdı. Bu qələbələr xalqımızın hər bir nümayəndəsinin ən müqəddəs arzusunu reallığa çevirdi. Könüllü yazılsam da, yaşıma görə 44 günlük müharibədə iştirak edə bilmədim, ancaq Vətən borcunu ödəmək üçün nəticəsini düşünmədən, tərəddüd etmədən Qarabağa üz tutdum. Fəxr edirəm ki, işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyət göstərirəm. Burada sahibkarlar üçün bütün imkanlar yaradılıb. Tam səmimi deyirəm, geniş imkanlar, güzəştlər olmasaydı belə, yenə həvəslə Qarabağa gələrdim. Əl-ələ verib bu torpaqları yenidən cənnətə çevirəcəyik!

Müəssisənin işçiləri ilə də söhbətləşdik. Xocalı rayonunun Təzəbinə kəndində yaşayan tikiş ustası Təranə Allahverdiyeva doğma yurda qovuşmağın, burada evlə, işlə təmin olunmağın böyük xoşbəxtlik olduğunu dedi: 

– Uzun illər Bakıda məskunlaşmışdıq. Biz xocalılılar məcburi köçkünlük zamanı da hər zaman dövlətimizin, möhtərəm Prezidentimizin qayğısını, diqqətini hiss etmişik. İndi isə doğma yurdumuza qayıtmaq arzumuz məhz Ali Baş Komandanımız sayəsində mümkün olub. Allah Prezidentimizi qorusun! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Mən bu gün Xocalıda yaşadığım, işlədiyim üçün xoşbəxtəm. Təzəbinədə yeni təmirli evlə təmin olunmuşuq, köçəndən qısa müddət sonra isə bu müəssisədə iş verdilər. Doğma torpağımda rahat evim, gözəl işim. Daha bundan gözəl nə ola bilər ki?

Vətən müharibəsi şəhidi Elçin Bağırovun bacısı, Xocalının Badara kəndində yaşayan Nərgiz Nurməmmədova isə yaşadıqlarının sanki bir möcüzə olduğunu bildirdi:

– O qədər gözəl hisslərdir ki, real olduğuna inanmağım gəlmir, sanki şirin yuxudayam. İllər sonra doğma kəndimə qovuşmaq, Xocalıda işləmək... Bu günlərin həsrətini çox çəkmişik. Çox şükür Tanrıya, arzumuz gözümüzdə qalmadı, qəhrəman oğullarımızın canı, qanı bahasına bütün torpaqlarımız düşmən işğalından azad olundu. Allah qardaşım da daxil, bütün şəhidlərimizə rəhmət eləsin! İnanıram ki, onların ruhları şaddır. 

Azad Xocalının inkişafı, həyatın yenidən qayıtdığı, həyata yenidən qayıdan şəhərin canlanması onun qanlı yaralarına məlhəm olur, dərdlərini unutdurur. Burada görülən işlər, “Qarabağ tekstil evi”nin timsalında dirçəlişin ilk və böyük addımları “şəhid şəhər”i cənnət şəhərə çevirəcək...

M.Rəsuloğlu,  
XQ-nin Qarabağ müxbiri 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью