Xocavənddə bərpa işləri davam edir

29.07.2026

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bildirib ki, Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndlərində fərdi yaşayış evlərinin, mühəndis-kommunikasiya infrastrukturunun və sosial təyinatlı obyektlərin bərpası mərhələli şəkildə həyata keçirilir.
Onun sözlərinə görə, Güneyxırman kəndində ümumilikdə 549 fərdi yaşayış evi mövcuddur. Onlardan 379-u yaşayış üçün yararlı hesab olunur. Hazırda 50 ev tam hazır vəziyyətə gətirilib, cari ilin sonunadək isə daha 197 evin istismara verilməsi planlaşdırılır.
T. Quliyeva qeyd edib ki, kəndə ilk köç iyulun 8-də baş tutub. Həmin gün 18 ailədən ibarət 72 nəfərə bərpa olunmuş evlərinin açarları təqdim edilib.
O bildirib ki, Quzeyxırman kəndində ümumilikdə 447 fərdi yaşayış evi mövcuddur. Onlardan 274-ü yaşayış üçün yararlıdır. Hazırda 100 ev tam istifadəyə hazırdır, ilin sonunadək isə əlavə 244 evin istismara verilməsi nəzərdə tutulur.
İyulun 8-də Quzeyxırman kəndinə də ilk köç həyata keçirilib. Birinci mərhələdə 21 ailədən ibarət 87 nəfər uzun illərdən sonra doğma yurduna qayıdaraq yeni evlərində məskunlaşıb.
Hazırda hər iki kənddə yaşayış evləri ilə yanaşı, avtomobil yollarının, mühəndis-kommunikasiya şəbəkələrinin və digər sosial infrastruktur obyektlərinin tikintisi və bərpası təsdiq olunmuş qrafikə uyğun davam etdirilir. Görülən işlər Böyük Qayıdış Proqramı çərçivəsində azad edilmiş ərazilərdə dayanıqlı yaşayışın təmin edilməsinə və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətləndirilməsinə xidmət edir.
Xatırladaq ki, iyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub, Quzeyxırman və Güneyxırman kəndlərində görülən işlərlə tanış olub, hər iki kəndə qayıdan sakinlərlə görüşüb.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью