Xoruzu satıb araq aldı, içib arvadını bıçaqladı TƏFƏRRÜAT

04.02.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Salyan rayonunda 1975-ci il təvəllüdlü Elşad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Günaya (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, arvadı ilə birgə saxladığı toyuq və xoruz ev quşlarından 1 ədəd xoruzu satıb və  puluna spirtli içki araq alıb. Bu səbəbdən qadın ərinə içki içməsinə irad tutub və ona nalayiq ifadələr işlədib. Buna görə də Elşad evdən götürdüyü mətbəx bıçağı ilə arvadını vurub. Onun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirib.
Hadisəni törədən Elşadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Elşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Günay ilə 2001-ci ilin yanvar ayında rəsmi olaraq ailə qurublar: “Bizim birgə nikahımızdan iki oğlan övladımız var. Ailə qurandan ailəmə qarşı münasibətim həmişə yaxşı olub, günəmuzd işlər görərək ailəmin maddi ehtiyaclarını təmin etmişəm. Son zamanlar özümdən asılı olmayaraq spirtli içkilərdən asılılığım yarandı və mütəmadi olaraq araq içməyə başladım. Həyat yoldaşım isə spirtli içki içməyimə görə dəfələrlə mənə iradını bildirdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, təxminən saat 8 radələrində yuxudan oyandıqdan sonra spirtli içki olan araq içmək istəyib: “Evdə spirtli içki olan araq olmadığından və pulum olmadığından bir neçə ay əvvəl aldığım toyuqlardan 1 ədəd xoruzu həyətdən tutaraq Salyan rayon avtovağzalının yaxınlığındakı kiçik bazara apardım. Xoruzu 7 manata satdım, 1-paçka “Mançester” siqareti və 250 qramlıq şüşədə olan 1 ədəd spirtli içki olan araq alaraq evə gəldim. Səhər yeməyində həmin spirtli içkini qəbul etdim. Günay həyətdən xoruz sataraq araq almağım və spirtli içkini içməyimi bildiyindən mənə qarşı irad bildirdi. Bu mövzuda mübahisə etdiyindən aramızda yaranmış mübahisə zamanı əsəbləşdim və evdən götürdüyüm bıçaqla onun sol qoluna vurdum. Günay qolundan xəsarət aldığından və onun qolunda qanaxma olduğundan oğluma zəng etdim, anasını xəstəxanaya aparmasını tələb etdim. Daha sonra oğlum evə gələrək Günayı xəstəxanaya apardı. Həmin vaxt özüm spirtli içkinin təsirində olduğumdan xəstəxanaya gedə bilmədim. Oğlum idarə etdiyi avtomobil ilə xəstəxanaya apardı. Orada həkimlər Günaya tibbi yardım göstərdilər”. 
İş üzrə zərərçəkmiş Günayın sözlərinə görə, əvvəllər ailədə münasibətlər nisbətən yaxşı olsa da, lakin son zamanlar həyat yoldaşı Elşadın spirtli içki aludəçisi olduğundan demək olar hər gün səhərdən axşama kimi spirtli içki araq içib, heç nədən münaqişə yaradır: “Spirtli içki araq içəndən sonra sərxoş vəziyyətə düşür, özündə olmur, öz hərəkətini bilmir. Dəfələrlə ona iradımı bildirmişəm, bu yoldan çəkindirməyə çalışsam da, əksinə bunu eşitmir, daimi söyüşlə danışır. Bir sözlə məni ailə kimi saymır. Dolanışığıma görə təxminən 10 ildir ki, Salyan şəhərində yerləşən şirniyyat evində şirniyyat bişirən işləyirəm. Elşad heç bir yerdə işləmir, bütün günü evdə olur”. 
Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü, təxminən saat 8 radələrində yatağından durandan sonra Elşadın haradansa spirtli içki araq alıb və içməklə sərxoş vəziyyətdə ayaq üstə dura bilməməsini görüb: “Elşad heç bir səbəb olmadan ünvanıma söyüş söyməyə başladı. Ona əhəmiyyət vermədim, həyətə düşərək həyətdə açıq saxladığım toyuqlara yem verdim. Bu zaman nəzərdən keçirəndə 1 ədəd xoruzun olmadığını aşkar etdim. Elşadın mənə demədən xoruzu satıb, özünə spirtli içki araq içməsinə və sərxoş olduqdan sonra əsasız yerə mənə qarşı söyüş söyməsinə görə iradımı bildirdim. Bu məsələ ilə bağlı aramızda mübahisə yarandı. Davam edən mübahisə zamanı təxminən saat 9 radələrində Elşad mətbəx otağından götürdüyü bıçaqla üzərimə gəldi, bıçaqla sol qoluma bir dəfə xəsarət yetirdi. Mənə bıçaqla xəsarət yetirməyinə görə bıçağı almağa çalışsam da, ala bilmədikdə evdən çıxaraq həyətə qaçdım. Bir neçə dəqiqə həyətdə  gözlədim. Elşad sakitləşdikdən sonra evə keçdim, telefonunu götürəndən sonra oğluma zəng etdim, atamın məni bıçaqla vurmasını dedim. Məni təcili Salyan rayon mərkəzi xəstəxanasına aparmasını tələb etdim. Çox çəkmədən oğlum evə gələrək məni öz avtomobili ilə Salyan rayon Mərkəzi Xəstəxanasına apardı. Həkim müayinə edərək tibbi yardım göstərdi. Xəstəxanadan evə qayıdandan sonra Elşadın vurduğu bıçağı öz yatağının yanında gizlətməsini aşkar edərək götürdüm”. 
Salyan Rayon Məhkəməsinin hökmü ilə Elşad 4 ay müddətinə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью