Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Oktyabrın 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin siyasi məsələlər üzrə dövlət katibi Frano Matuşiçlə görüşüb.
Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
İqtisadi-ticarət əlaqələrinə toxunularaq, ölkələrimiz arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılmasının vacibliyi qeyd olunub. Ənənəvi və alternativ enerji, rəqəmsal inkişaf, turizm və kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığın şaxələndirilməsinin önəmi diqqətə çatdırılıb.
Azərbaycanın strateji rolu qeyd edilərək, Orta Dəhlizin təqdim etdiyi fürsətlərdən yararlanmanın, habelə beynəlxalq və regional platformalar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi qeyd olunub.
Minatəmizləmə sahəsində ANAMA ilə Xorvatiyanın ixtisaslaşmış şirkətləri arasında təcrübə mübadiləsi və əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib. Qarşı tərəf cari ilin mart ayında ölkəsindəki minatəmizləmənin başa çatdığını və bu istiqamətdə Azərbaycana istənilən dəstəyi əsirgəməyəcəklərini bildirib.
Xorvat iş adamları ölkəmizdəki əlverişli biznes mühitindən, o cümlədən Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Limanının imkanlarından yararlanmağa və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində reallaşdırılan layihələrdə fəal iştiraka dəvət olunub.
***
Həmin gün Azərbaycan və Xorvatiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Xorvatiya nümayəndə heyətinə isə bu ölkənin Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiç rəhbərlik edib.
XQ