Xoş gördük, “heykəl qardaş”

14.11.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dənizkənarı bulvardakı bu sənət nümunələri tanış və sevimli obrazları canlandırır

İki gün aramsız yağışdan sonra açıq səmadan boylanan ilıq noyabr günəşi Bakı Dənizkənarı Bulvarına gələn sakinlərlə bərabər, buradakı heykəlciklərə də xoş ovqat bəxş edirdi. Xəzərdən əsən ilıq meh hamının kefini duruldurdu. Hətta parkdakı tanış heykəlciklərin də...

Hörmətli oxucular, dünən biz – XQ-nin iki əməkdaşı, imzalarını mətnin sonunda gördüyünüz təcrübəli müxbir və gənc fotojurnalist – buraya heykəlciklərdən reportaj hazırlamağa gəlmişdik. Yağışdan sonra hər yer təmiz-tərtəmiz idi. Təzə, tər güllər, yaşıllıqlar ətir saçırdı. Dəniz tərəfdən isə öz nəğmələrini oxuyan qağayıların şən səsləri eşidilirdi.

Bu an gənc həmkarım dedi:

– Müəllim, yağış heykəlciklərin hisini-pasını tamamilə yuyub. Günəş də üfüqdən gülümsəyir. Belə havada fotolar yaxşı alınacaq! “Olsun!” – dedim.

Bir neçə addım atmışdım ki, tanınmış yazıçı-publisist Kənan Hacı və Bakı Dövlət Universitetinin filologiya fakültəsinin aparıcı müəllimi olan həyat yoldaşı İlhamə xanımla rastlaşdıq. Kənan müəllim məramımızı biləndə gülümsəyərək dedi ki, o da əksər bakılılar kimi, bulvara tez-tez gəlir və buradakı heykəlciklər hamı kimi ona da xoş təsir bağışlayır. İlhamə xanım isə söylədi ki, heykəlcikləri bulvarda quraşdırmaqda əsas məqsəd, ilk növbədə, insanları əyləndirmək, onlara xoş əhval gətirməkdir.

Əziz oxucu, söhbət bulvardakı bir çox tanış film qəhrəmanlarının, müxtəlif məişət səhnələrinin, eləcə də sadə peşə sahiblərinin təsvir olunduğu balaca bürünc heykəllərdən gedir. Onları buraya kim gətirib, nə vaxt yerləşdirib, müəllifləri kimdir? Bu və digər suallar barədə məlumatlar, təəssüf ki, azdır.

Görünən budur ki, bu heykəlciklər bulvara çox yaraşır. Onlar klassik abidələrdən fərqli olaraq, hansısa folklor qəhrəmanını və ya tarixi hadisəni əbədiləşdirmək üçün yaradılmayıb. Əsas ideya adi insanların həyatını sənət əsərinə çevirməkdir.

Məlumat üçün bildirək ki, artıq bulvarda hamımızın yaxşı tanıdığımız bu heykəlciklər həm sakinlərə, həm də əcnəbi qonaqlara öz daş dilləri ilə paytaxtımızın gündəlik həyatını göstərir. Məsələn, “Balıqçı” heykəlciyi Xəzər dənizi ilə Bakının tarixi bağlılığını nümayiş etdirir. “Musiqiçi” şəhərin musiqi və incəsənət ruhunu bəyan edir. “Fotoqraf” şəhərlə bağlı xatirələri qoruyub saxlamağı məsləhət görür. “Pinəçi” heykəlciyi, adından da göründüyü kimi, bu sadə peşə sahibinin sadə əmək həyatını təcəssüm etdirir.

Mövzu ilə bağlı tanınmış sənətşünas Seymur Elsəvərlə bir neçə gün əvvəl telefon söhbətimi xatırladım. Seymur müəllim dedi ki, belə yanaşma beynəlxalq incəsənətdə Public Art – ictimai məkan incəsənəti adlanır. Böyük heykəllər bizə tarixi şəxsiyyətləri, kiçik heykəlciklər isə özümüzü və ətrafımızdakı insanları xatırladır:

– Yaxşı olardı ki, bu heykəlciklərin üzərində müəllif imzası olsun, onların müəlliflərinin adları göstərilsin. Təxminən 10 il əvvəl bu kiçik heykəllər haqqında araşdırma aparan “Public Art and Architecture” nəşri də onların üzərində müəllif imzası və ya məlumat lövhəsi olmadığını qeyd edib.

...Mən bulvarda heykəlciklərlə bağlı oxuyub-eşitdiklərim barədə gənc əməkdaşımıza həvəslə söz açırdım. O, ədəb-ərkanla, həvəslə söhbətimə qulaq asırdı. Bir də gördüm ki, Cavid artıq fəaliyyətə başlayıb, iş başındadır, yəni fotoaparatı “şaqqıldadaraq” (deyəsən, müasir aparatlar artıq şaqqıldamır) heykəlcikləri çəkməyə başlayıb.

Gəlin, Cavidin “əbədiləşdirdiyi fotolar”la hörmətli oxucuları da tanış edək. Beləliklə, birinci fotodakı heykəlcik dənizi çəkən rəssamdır. Onun yanında dayanan isə Ayşən Qaziyevadır. Bakı Dövlət Universitetinin I kurs tələbəsidir. Çox mehriban qızdır. Təhsilini başa vurub siyasətçi olacağını düşünür. Allah onu xoşbəxt eləsin. Qusarın Suvagil kəndindəndir.

İkinci fotodakı isə Şadman Əhmədzadədir. Londondakı nüfuzlu universitetlərin birinin tələbəsidir. Onun sözlərinə görə, doğma Bakıya bir neçə günlük gəlib. “Gəmi kapitanı” adlanan heykəlciyin yanında dayanıb dənizin uzaq üfüqlərinə boylanır. Deyəsən, yadına Londondakı tələbə yoldaşları düşüb. "Yazı dərc olunanda linkini, lütfən, mənə də göndərin. Dostlarıma göstərəcəyəm", – dedi. Söz verdik, əlbəttə, əməl edəcəyik.

Nəhayət, üçüncü fotodakı şəxs bu yazının müəllifidir. İdeya gənc fotojurnalist dostumundur. Dedim ki, “Cavid, bəlkə, məni yox, başqa bir şəxsi çəkək?” İsrar etdi, mən də razılaşdım. Ürəyimdə düşündüm ki, arabir azacıq özünütərif də lazımdır.

Hələlik bu qədər. Əziz oxucular, Cavidlə gələcək reportajlarımızda digər heykəlciklər barədə də məlumat verəcəyik. Düşünürəm ki, qəzetimizin gənc istedadlı yazarları Fidan Əliyeva və Ləman Təhməz də bu təşəbbüsümüzə qoşulacaqlar.

A.MƏSAİM,
Cavid QAÇAYEV (foto),
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью