Xpeng humanoid robotlarını 2027 ci ildə qlobal bazara çıxarmağı planlaşdırır

16.07.2026

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Çinin elektrik avtomobilləri istehsalçısı "Xpeng" 2027-ci ildə humanoid robotu IRON-u qlobal bazara təqdim etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, şirkət 2026-cı ilin sonunadək "IRON" robotlarının istehsal gücünü aylıq 1000 ədəddən çox səviyyəyə çatdırmağı hədəfləyir.

Planlara əsasən, humanoid robotlar 2027-ci ilin birinci rübündə Çində fəaliyyət göstərən "Xpeng" avtomobil dilerlərində satış məsləhətçiləri kimi işə başlayacaq. Həmin ilin sonuna doğru isə onların şirkətin beynəlxalq diler şəbəkəsində də istifadəsinə başlanılması nəzərdə tutulur.

Xatırladaq ki, "IRON" robotları ötən ilin noyabrında təqdim olunub. Şirkətin açıqlamasına görə, robotlar Xpeng-in hazırladığı xüsusi çiplərlə işləyəcək, bərk vəziyyətli (solid-state) batareya ilə təchiz ediləcək və istifadəçilərə bədən quruluşu, saç düzümü kimi bəzi xarici xüsusiyyətləri fərdiləşdirmək imkanı təqdim olunacaq.

Bu arada, "Morgan Stanley" analitikləri Çində humanoid robot bazarının sürətlə böyüdüyünü bildirirlər. Proqnozlara əsasən, ölkədə humanoid robotların ümumi tədarükü bu il 50 min, gələn il isə 100 min ədədə çatacaq.

Qeyd edək ki, "Xpeng" humanoid robotlarla yanaşı, robotaksi və uçan avtomobil texnologiyalarının hazırlanması istiqamətində də fəaliyyətini davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью