Xristian dinində erkən nikahlara münasibət necədir? AÇIQLAMA

14.10.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər Nazirlər Kabinetinin 30 sentyabr 2026-cı il tarixli 315 nömrəli qərarı ilə normativ-hüquqi aktlarda "erkən nikah" anlayışının "erkən evlilik" ifadəsi ilə əvəz olunması mövzusu erkən evliliklər məsələsini bird aha gündəmə gətirib. Avtosfer.az xəbər verir ki, qanunvericilikdə qohum evliliyi və erkən nikahlarla bağlı müəyyən cəza tədbirləri nəzərdə tutulsa da, hələ də bəzi bölgələrdə müxtəlif yollarla qohum evliliyi və erkən nikah bağlanması hallarına rast gəlinir.

Azərbaycanda və müsəlman dünyasında hələ də öz aktivliyini qoruyub saxlayan erkən nikahlara bəs Xristian dinində münasibət necədir?

Həyatverici Lütf (Greater Grace) kilsəsinin nümayəndəsi Zəka Babazadə Avtosfer.az-a verdiyi müsahibədə bildirib ki, xristianlığın erkən nikahlara münasibətini izah edərkən Müqəddəs Kitabın birbaşa təlimi ilə qədim cəmiyyətlərin adətlərini bir-birindən ayırmaq lazımdır.

“Müqəddəs Kitabda kişi və qadın üçün konkret evlilik yaşı müəyyən edilmir. “Yaradılış 2:24”də evlilik kişinin öz ata-anasını tərk edib arvadına qovuşması və onların bir bədən olması kimi təqdim edilir. İsa Məsih də “Matta 19:4–6”da evliliyin müqəddəsliyini vurğulayır. Lakin bu ayələrdən istənilən yaşda evliliyin məqbul olduğu nəticəsini çıxarmaq olmaz. Qədim İsraildə və sonrakı bəzi xristian cəmiyyətlərində erkən nikahlar mövcud olub, amma tarixi bir adətin mövcudluğu onun Tanrının bütün dövrlər üçün verdiyi əmr olduğunu sübut etmir. Müqəddəs Kitabda Məryəmin və Yusifin dəqiq yaşları da göstərilmir.

Mənim xristian mövqeyimə görə, evlilik yalnız fiziki yetkinlik deyil, həm də məsuliyyət, sədaqət və fədakar sevgi tələb edir. “Efeslilər 5:25”də kişilərə arvadlarını Məsihin cəmiyyəti sevdiyi kimi sevmək əmr olunur. Bu prinsip ailənin istismar və məcburiyyət deyil, sevgi və qayğı üzərində qurulmalı olduğunu göstərir. Müqəddəs Kitab 18 yaşı birbaşa nikah həddi kimi müəyyən etməsə də, uşaqların hüquqlarının, təhsilinin, sağlam inkişafının və təhlükəsizliyinin qorunması xristian əxlaqı ilə uzlaşır. Buna görə 18 yaşın minimum nikah yaşı kimi müdafiə edilməsi mümkündür, lakin bunu birbaşa Bibliya əmri kimi təqdim etmək düzgün olmaz.

Nəticə etibarilə, xristianlıqda evliliyin müqəddəsliyini erkən nikahın müdafiəsi ilə eyniləşdirmək olmaz. Məncə, əsas sual yalnız insanın neçə yaşında evlənməsi deyil, onun bu məsuliyyətə hazır olub-olmaması və hüquqlarının qorunmasıdır. Müqəddəs Kitabın sevgi, məsuliyyət və insanın rifahı prinsipləri uşaqların məcburiyyətə və zərərə məruz qalmasına qarşı ciddi mövqe tutmağı tələb edir”.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью