Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 3 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbində yaradılmış “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının əsas məqsədi ölkədə informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığını gücləndirməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlaması zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Baş idarə rəisinin müavini Tural Məmmədov bildirib.
T.Məmmədov deyib ki, laboratoriya yalnız universitet tələbələri və tədqiqatçılar üçün deyil, həm də dövlət qurumlarının əməkdaşları üçün real təlim və təcrübə imkanları yaradır.
“Burada yetişdirilən kadrlar ölkəmizin rəqəmsallaşan mühitində informasiya sistemlərinin və resurslarının davamlı auditini həyata keçirəcək, real praktiki biliklər əldə edəcək və gələcək iş imkanları ilə tanış olacaq. Laboratoriya iki əsas hissədən ibarətdir - biri təlimlər üçün nəzərdə tutulub, digəri isə avadanlıqların, proqram təminatının fiziki yoxlanıldığı laboratoriya sahəsidir. Bu laboratoriyanın digər laboratoriyalardan əsas fərqi odur ki, burada həm tələbələr, həm də əməkdaşlar daima praktiki fəaliyyət göstərir. Laboratoriya yalnız kompüterlərin yerləşdiyi məkan deyil, real kadr hazırlığı və bacarıqların inkişaf etdirildiyi mərkəzdir”, - deyə Tural Məmmədov qeyd edib.
XRİTDX rəsmisi əlavə edib ki, laboratoriya informasiya təhlükəsizliyi sahəsində ölkədən “beyin axını”nın qarşısını almağa və peşəkar kadr potensialını formalaşdırmağa da xidmət edir.