Xülm xanlığı: Əfqan Türküstanının unudulan özbək dövləti

16.11.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Tarix yalnız böyük imperiyaların, məşhur sərkərdələrin və paytaxtların tarixi deyil, bəzən xəritədə kiçik görünən bir şəhərinin arxasında bütöv bir xalqın siyasi yaddaşı, dövlətçilik ənənəsi və əsrlər boyu davam edən mübarizəsi dayanır.

Əfqanıstanın şimalında, tarixi Cənubi Türküstan torpaqlarında yerləşən Xülm xanlığının taleyi də belədir.

Bu gün Xülm adı çoxlarına sadəcə Əfqanıstanın şimalındakı bir şəhərin adı kimi məlumdur. Halbuki XVIII–XIX əsrlərdə burada özbək siyasi hakimiyyəti mövcud idi. Xülm hökmdarları Kabildən gələn əmirlərlə, Buxara, Qunduz və Bəlxin özbək hakimləri ilə münasibətlər qurur, bəzən müttəfiq, bəzən rəqib, bəzən də formal vassal kimi çıxış edirdilər.

Xülmün tarixini maraqlı edən də məhz budur: bu xanlıq Əfqanıstanın şimalında özbək siyasi məkanının mövcudluğunu göstərən mühüm nümunələrdən biridir.

Xülm Xanlığının yaranması

Xanlığı Muytan tayfasından olan özbəklərin başçısı Mir Qılınc Əli bəy XVIII əsrin sonlarında, təxminən 1786-cı ildə yaradıb və 1817-ci illədək hakimiyyətdə olub. Xanlıqda özbəklərdən başqa taciklər, puştunlar, həzaralar, hətta induslar və yəhudilər də yaşayıb. 

Xanlıq Amudəryanın sol sahilində, Bəlx və Qunduz arasında, Xülm çayının məhsuldar vadisində yerləşirdi. Bu ərazi coğrafi baxımdan həm Türküstan, həm Əfqanıstanın daxili bölgələrinə, həm də Hindistan istiqamətinə çıxış verirdi.

Xülm vadisinin məhsuldarlığı onun siyasi əhəmiyyətini daha da artırırdı.  

Xanlığın əhalisi əkinçilik, bağçılıq, heyvandarlıq və sənətkarlıqla məşğul olurdu. Şəhər mühüm ticarət və nəqliyyat mərkəzi kimi tanınırdı. Sonrakı dövrlərdə Daşkurqan adı ilə məşhurlaşan şəhərin Xülm çayı vadisində ticarət mərkəzi olduğu özbək ensiklopedik mənbələrində də qeyd edilir. 

Bu mövqeyinə görə Xülmü yalnız bir xanlığın paytaxtı kimi təsəvvür etmək doğru olmaz. Bura həm də müxtəlif istiqamətlərdən gələn karvanların keçdiyi strateji qovşaq idi. Buxara, Qunduz, Bəlx və Kabil istiqamətlərini birləşdirən yollar Xülmün iqtisadi həyatına böyük təsir göstərirdi. Başqa sözlə, Xülm torpağa və suya olduğu qədər yola da hakim idi. Əfqan Durrani dövlətinin qurucusu Əhməd şah Durrani XVIII əsrin ortalarında köhnə Xülm şəhərini dağıtdıraraq əhalisini yeni qurduğu Daşkurqana köçürmüşdü.

Daşkurqanın seçilməsi təsadüfi deyildi, şəhər dağ keçidlərinin ağzında, Şimali Əfqanıstanın mühüm yollarının üzərində yerləşirdi. Hindistan istiqamətindən gələn karvanların Rusiya və Buxara istiqamətinə hərəkət etdiyi ticarət yolları burada kəsişirdi. XIX əsr mənbələri Daşkurqanı əhəmiyyətli ticarət məntəqəsi kimi təqdim edir. 

Beləliklə, dağıdılan qədim Xülmün yerini yeni siyasi mərkəz Daşkurqan tutur, lakin “Xülm” adı siyasi yaddaşdan silinmir.

Xülm xanlığının tam olmayan hökmdarları:

Mir Qılınc Əli bəy, xanlığın ən güclü hökmdarı kimi tarixə düşüb, 1786-1817-ci illədə haakimiyyətdə olub.  

Mahmud xan, 1849–1850-ci illərdə Xülmün Əfqan istilasına qarşı müqavimət göstərən hökmdarı kimi qeyd edilir. 

Mir Vəli xan, Xülmün son müstəqil hökmdarı, 1850-ci ildə Əmir Dost Məhəmməd xanın oğlu Qulam Heydər xan Xülmə yürüş edərək Daşkurqan qalasını ələ keçirir, Mir Vəli qaçır. 

Qulam Heydər xan,  bu artıq Xülm xanı yox, Kabil Əfqan hökumətinin Xülmü fəth edən nümayəndəsi idi, 1850-ci ildə Xülmü ələ keçirir və burada Əfqan hakimiyyətini qurur. 

Məhəmməd Əhməd xan, Qulam Heydər xan Akçaya yürüş edəndə 1851-ci ildə Xülmün idarəsini qardaşı Məhəmməd Əhməd xana tapşırmışdı. 

Məhəmməd Şərif xan, 1851–1852-ci illərdə Qulam Heydər xanın Xülmdəki yerinə keçən qardaşı kimi göstərilir. Bu mərhələdə Xülm artıq müstəqil xanlıq deyil, Əfqan dövlətinin tərkibində idi. 

Köhnə Xülmün xarabalıqlarından Daşkurqana

XVIII əsrin ortalarında Əhməd şah Dürraninin yürüşləri nəticəsində qədim Xülm dağıdılır, lakin şəhərin siyasi həyatı bununla bitmir. Əhalinin bir hissəsi yaxın ərazilərə köçürülür və sonralar Daşkurqan kimi tanınan yeni şəhər formalaşır.

Beləcə, qədim Xülmün adı ilə yeni Daşkurqan bir-birinə bağlanır.

Bu, əslində, bölgənin siyasi tarixinin xarakterik xüsusiyyətidir: şəhərlər dağıdılırdı, xanlıqlar zəifləyirdi, hökmdarlar dəyişirdi, amma yerli siyasi və ictimai həyat tamamilə yox olmurdu.

Daşkurqan da zaman keçdikcə yeni Xülmün siyasi və iqtisadi mərkəzinə çevrilirdi.

Mir Qılınc Əli bəy xanın dövrü

Xülm tarixinin ən maraqlı simalarından biri Mir Qılınc Əli bəy xandır.

Mənbələr onun hakimiyyəti dövrünü Xülmün siyasi nüfuzunun yüksəldiyi mərhələ kimi təqdim edir. Qılınc Əli xan yerli özbək hakimləri arasında böyük nüfuz qazanaraq Kabulun zəifliyindən və Bəlxın tənəzzülündən istifadə edərək öz hakimiyyətini möhkəmləndirmişdi.

Özbək mənbələrində onun Xülmün müstəqil siyasi mövqeyinin möhkəmlənməsində mühüm rol oynadığı göstərilir. Digər materiallarda isə Qılınc Əli xanın Xülmdə faktiki olaraq müstəqil hakimiyyət yürütməsi kimi vurğulanır. 

 Qılınc Əli xanın siyasəti bir xüsusiyyəti ilə daha çox diqqət çəkir: o daha böyük dövlətlərin arasında Xülm üçün manevr sahəsi yaratmağı bacarırdı.

Buxara Xülm üzərində müəyyən siyasi təsir iddiası irəli sürə bilirdi.

Qunduz və Bəlx isə bölgədəki özbək siyasi qüvvələri arasında öz mövqelərini qoruyurdular.

Amma Xülmün öz daxilində qərar verən hakim Qılınc Əli xan idi.

Bu, klassik mənada böyük imperiya deyildi, lakin dövlətçilik yalnız ərazi böyüklüyü ilə ölçülmür. Bəzən siyasi müstəqillik üçün əsas məsələ öz orduna, şəhərinə, gəlir mənbələrinə və diplomatik manevr imkanlarına sahib olmaqdır.

Xülmün müəyyən dövründə məhz belə bir vəziyyət yaranmışdı.

O, Kabul sarayı ilə müəyyən münasibətlər saxlayır, Buxara ilə əlaqələri kəsmir, eyni zamanda Xülmün daxili işlərində öz hakimiyyətini qoruyurdu. Mənbələr onun ətraf özbək hakimləri ilə qohumluq əlaqələrindən də siyasi vasitə kimi istifadə etdiyini göstərir. 

Bu, XIX əsrin əvvəllərində Əfqan Türküstanının siyasi mənzərəsinin nə qədər mürəkkəb olduğunu göstərir.

Karvanların şəhəri

Xülmün iqtisadi gücünün əsas sütunlarından biri ticarət idi. Şəhərdən keçən karvanlar Buxara ilə Kabil, Türküstan ilə Hindistan arasında hərəkət edirdilər. Ticarət yollarına nəzarət isə hökmdara yalnız iqtisadi gəlir deyil, siyasi nüfuz da qazandırırdı.

XIX əsrin əvvəllərinə aid məlumatlarda Xülmün karvan yollarında xüsusi mövqeyi görünür. Maraqlıdır ki, şəhərdən keçən tacirlərdən vergi alınması məsələsi hətta dini legitimlik baxımından müzakirə edilirdi. Mənbələrdə Qılınc Əli xanın müəyyən dövrdə karvanlardan rüsum almadığı, sonradan isə bu ənənənin bərpa edildiyi bildirilir. 

Bu detal bizə Xülm haqqında mühüm təsəvvür yaradır, bura yoxsul, ucqar bir qala deyildi.

Xülm bazarı, karvanı, əkin sahələri, sənətkarları və siyasi elitası olan canlı bir şəhər-dövlət mühiti idi.

Kabil ilə Buxara arasında

Xülmün siyasi taleyini müəyyən edən əsas amillərdən biri onun iki böyük siyasi dünyanın arasında yerləşməsi idi.

Şimalda Buxara, Cənubda Kabil…

Xülm isə bu iki mərkəzin arasında öz yolunu tapmağa çalışırdı.

Əfqanıstanın mərkəzləşmiş dövlət sistemi hələ tam formalaşmamışdı. Şimali Əfqanıstanda Bəlx, Qunduz, Xülm, Andxoy, Şibirxan, Maymana və digər özbək siyasi mərkəzləri mövcud idi. Sonrakı tədqiqatlarda bu xanlıqlar Cənubi Türküstanın özbək siyasi qurumları kimi ayrıca araşdırılır. 

Bu mənzərə mühüm bir həqiqəti ortaya qoyur:

XIX əsrin əvvəllərində bugünkü Əfqanıstanın şimalı vahid siyasi məkan deyildi.

Kabilin hakimiyyəti hər yerdə eyni gücdə hiss olunmurdu.

Şimalda yerli xanlar, bəylər və tayfa başçıları real siyasi gücə malik idilər.

Xülm də bu sistemin mühüm hissələrindən biri idi.

İngilislər və Xülm

Xülmün tarixində Birinci ingilis-əfqan müharibəsi dövrü ayrıca yer tutur.

XIX əsrin ortalarında Britaniya imperiyası Əfqanıstan üzərində təsirini artırmağa çalışırdı. Kabulda hakimiyyət uğrunda mübarizə gedir, Dost Məhəmməd xan isə britaniyalılarla qarşıdurma şəraitində özünə müttəfiq axtarırdı.

Bu zaman Xülmün siyasi əhəmiyyəti bir daha üzə çıxırdı.

1840-cı ildə britaniyalıların Bayqak istiqamətində hərbi mövqe yaratmasından sonra Dost Məhəmməd xan Xülm xanını ingilislərə qarşı hərəkətə keçməyə təşviq edir. Avqustun 30-da Xülm qüvvələri britaniyalıların mövqeyinə hücum edirlər. Hadisələrin sonrakı gedişində Dost Məhəmmədin qüvvələri məğlub edilir və o, geri çəkilməli olur. 

Burada tarix daha bir paradoks yaradır.

Xülm öz müstəqilliyini qorumağa çalışan özbək xanlığı idi, Dost Məhəmməd isə Kabildə mərkəzi hakimiyyəti bərpa etmək istəyən əfqan hökmdarı.

Onların maraqları  üst-üstə düşmürdü, lakin xarici təhlükə qarşısında yolları kəsişmişdi.

Sonralar isə həmin siyasi münasibət tamamilə başqa istiqamət alacaqdı.

Əmir Dost Məhəmməd xan və Xülm

Xülm tarixinin son mərhələsi Əfqanıstanın mərkəzləşməsi prosesi ilə bağlıdır.

Dost Məhəmməd xan Kabildə hakimiyyətini möhkəmləndirdikdən sonra qarşısında duran əsas məsələlərdən biri müxtəlif xanlıqların və yerli hakimlərin üzərində mərkəzi hakimiyyət yaratmaq idi. Onun siyasəti nəticəsində Əfqanıstanın şimalında yerləşən özbək siyasi qurumları tədricən Kabilin nəzarətinə keçməyə başlayır. 

Dost Məhəmmədin hakimiyyətinin sonrakı mərhələsində Bəlx, Xülm, Şibirğan, Maymana, Əndxoy və Qunduz kimi mərkəzlərin tabe etdirilməsi bu prosesin əsas hissəsini təşkil edirdi. 

Xülmün taleyi də məhz bu böyük siyasi dəyişiklik fonunda həll edildi.

Burada maraqlı paradoks yaranır. Birinci ingilis–əfqan müharibəsi illərində Dost Məhəmməd özü Xülmlə əlaqə saxlayıb, hətta Kabildəki hakimiyyətini itirdikdən sonra Xülmə çəkilmişdi. 1840-cı ildə Xülm xanının qüvvələri Dost Məhəmmədin təşviqi ilə ingilislərin Bayqakdakı mövqeyinə hücum etmişdi. 

Yəni bir neçə il əvvəl Xülm hökmdarından siyasi və hərbi dəstək alan Dost Məhəmməd sonrakı mərhələdə həmin müstəqil siyasi məkanı öz dövlətinə qatmaq siyasətini həyata keçirəcəkdi.

Tarix bəzən belə ironiyalar yaradır: dünən müttəfiq olan siyasi qüvvə sabah mərkəzləşmənin qarşısında maneəyə çevrilir.

Dünənki müttəfiq, sabahkı işğaıçı

Dost Məhəmməd xan hakimiyyətini möhkəmləndirdikcə onun qarşısında yeni vəzifə dayanırdı: Kabilin hakimiyyətini ölkənin şimalına qədər genişləndirmək,

bu, Xülm üçün dönüş nöqtəsi idi.

Çünki artıq söhbət yalnız xarici təhlükədən və ya ayrı-ayrı siyasi ittifaqlardan getmirdi, qarşıda mərkəzləşən Əfqanıstan dövləti vardı.

Dost Məhəmmədin yürüşləri nəticəsində Bəlx və Daşkurqan, yəni Xülm-1850-ci ildə Əfqan hakimiyyətinin əlinə keçir. Sonrakı illərdə isə Əfqanıstanın şimalındakı digər özbək xanlıqları mərhələli şəkildə Kabilin nəzarətinə alınır: 1855-ci ildə Aqça və qərbdəki bir sıra xanlıqlar, 1859-cu ildə isə Qunduz… 

Beləliklə, Xülmün süqutu təkcə bir xanlığın süqutu deyildi.

Bu, bütöv bir siyasi sistemin dağılmasının başlanğıcı idi.

Xülmün süqutu nə demək idi?

Xülmün Kabil tərəfindən tutulması ilə şəhərin tarixi bitmir, lakin onun siyasi mahiyyəti dəyişir.

Artıq burada öz siyasətini aparan müstəqil və ya yarımmüstəqil özbək xanı yox idi,qərarlar tədricən Kabilin siyasi və inzibati sisteminə bağlanırdı.

Əvvəllər Buxara ilə Kabil arasında manevr edən Xülm artıq yeni mərkəzləşən dövlətin bir hissəsinə çevrilirdi.

Bu proses XIX əsrin sonlarında daha da sürətlənir. Beləcə, Cənubi Türküstanın ayrı-ayrı özbək xanlıqlarının siyasi müstəqilliyi tədricən aradan qalxır.

Xülm xanlığının tarixini yalnız “bir vaxtlar mövcud olan və sonra süqut edən xanlıq” kimi təqdim etmək onun əhəmiyyətini azaltmış olardı.

Əslində Xülm daha böyük bir tarixi prosesin açarıdır.

Bu tarix göstərir ki, Əfqanıstanın şimalında özbək siyasi ənənəsi uzun müddət canlı olub.

Bu tarix göstərir ki, Amudəryanın sol sahili yalnız coğrafi sərhəd deyil, həm də siyasi və mədəni məkan olub.

Bu tarix göstərir ki, Kabilin hakimiyyəti şimala birdən-birə yayılmayıb, bunun arxasında onilliklərlə davam edən hərbi-siyasi mübarizə dayanıb.

Və ən əsası, bu tarix göstərir ki, Əfqan Türküstanının siyasi xəritəsi bir zamanlar bu gün təsəvvür etdiyimizdən xeyli fərqli olub.

Daşkurqanın yaddaşı

Bu gün Daşkurqan-Xülm şəhəri öz həyatını davam etdirir. Xülm vadisi hələ də kənd təsərrüfatı və ticarət baxımından əhəmiyyətli coğrafiyadır. Şəhərin Xülm vadisində ticarət-nəqliyyat mərkəzi kimi rolu müasir özbək ensiklopedik mənbələrində də qeyd olunur. 

Amma şəhərin daşları başqa bir dövrün də yaddaşını daşıyır. Bir zamanlar burada Qılınc Əli xan kimi hökmdarlar qərar verirdilər, karvanlar şəhərin bazarlarına daxil olurdu, Buxaradan gələn tacirlər Kabil istiqamətinə gedirdi.

Xanlar öz qoşunlarını toplayır, elçiləri qəbul edir, qonşu hakimlərlə ittifaqlar qururdular.

Sonra isə tarix dəyişib, Kabil güclənib, xanlıqlar zəifləyib, Xülmün müstəqilliyi sona çatıb. Lakin siyasi xəritədən silinən bir dövlətin tarixi xalqın yaddaşından da silinməli deyil. Xülm xanlığı bu gün bizə bir daha xatırladır ki, Əfqan Türküstanının tarixi yalnız Kabilin tarixi deyil.

Bu torpaqlarda özbək xanlıqları, şəhər hakimiyyətləri və yerli siyasi elitalar əsrlər boyu öz sözlərini deyiblər, Xülm həmin tarixdə kiçik bir nöqtə kimi görünə bilər, amma o nöqtənin arxasında böyük bir coğrafiyanın-Cənubi Türküstanın dövlətçilik yaddaşı dayanır.

Və bəlkə də Xülmün ən böyük tarixi əhəmiyyəti məhz bundadır: böyük imperiyaların kölgəsində qalan kiçik dövlətlərin də tarix yaratdığını xatırlatmaq.

Bir xanlığın süqutu, bir siyasi dünyanın sonu

Xülmün süqutu bir şəhərin qala divarlarının uçurulmasından daha böyük hadisə idi. Bu, Amudəryanın cənubunda əsrlər boyu formalaşmış özbək siyasi ənənəsinin ağır məğlubiyyətlərindən biri idi.

Bir vaxtlar Qılınc Əli xanın iradəsi ilə Kabulun təzyiqinə, Buxaranın təsirinə və qonşu xanlıqların rəqabətinə qarşı dayanan Xülm artıq əvvəlki Xülm deyildi, zaman dəyişmişdi. Kabil güclənir, mərkəzi hakimiyyət şimala doğru irəliləyir, ayrı-ayrı özbək xanlıqlarının isə bir-birindən təcrid olunmuş müqavimət imkanları daralırdı.

1850-ci ildə Əfqan qoşunlarının Xülmə daxil olması ilə xanlığın siyasi ömrü sona çatır.

Bəlkə də ən ağrılı tərəfi bundan ibarət idi ki, Xülm bir günün içində yaranmadığı kimi, bir gündə də yox olmur. Onun süqutu illərlə davam edən siyasi sıxışdırmanın, hərbi təzyiqin və regiondakı qüvvələr nisbətinin dəyişməsinin nəticəsi idi.

Bir zamanlar karvanların səs-küyü ilə canlanan Daşkurqanın bazarlarında indi başqa bir hakimiyyətin bayrağı dalğalanırdı. Xan sarayının qapıları artıq müstəqil hökmdarın qərarlarına deyil, Kabilin iradəsinə açılırdı.

Xülmün faciəsi də elə burada başlayır: xanlıq xəritədən silinməklə yanaşı, öz siyasi iradəsini də itirirdi.

Amma dövlətlər ölür, yaddaş ölmür.

Xülm xanlığı süqut edir, lakin Xülmün özbək kimliyi, onun bazarları, suvarma arxları, qədim şəhərinin xatirəsi və ən əsası, öz taleyini özü müəyyənləşdirməyə çalışmış bir siyasi ənənənin izi qalır.

Tarixin ironiyası isə budur: bir vaxtlar Dost Məhəmməd xana ingilislərə qarşı mübarizəsində dayaq olan Xülm sonralar elə həmin Kabil hakimiyyətinin tərkibinə qatılır.

Beləcə, Əfqan Türküstanının xəritəsində bir özbək xanlığın adı yox olur,

amma Xülmün hekayəsi bitmir, çünki Daşkurqan hələ də yerindədir, Xülm çayı hələ də axır. 

Və həmin torpağın yaddaşında bir zamanlar burada öz bayrağı altında yaşayan bir xanlığın izi hələ də yaşayır.

Bəzən tarixdə məğlubiyyət bir dövlətin sonu olur, amma xalqın yaddaşında onun ən uzun ömürlü səhifəsinə çevrilir.

Xülmün süqutu da belə bir səhifədir.

Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью