Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son günlər Türkiyədə bir sıra radikal dini-siyasi dairələrin Azərbaycana qarşı artan ideoloji təhdidləri iki ölkə arasında əsrlərlə formalaşmış milli və mədəni birliyə ciddi zərbə vurur.
Bu gün Azərbaycan və Türkiyənin siyasi, iqtisadi, mədəni, etnik, təhlükəsizlik və digər sahələrdə mövcud olan strateji ortaqlığı qarşı tərəfdən din adı altında gündəmə gətirilən məzhəbçiliyə, xurafata, cəhalətə qurban verilir. Halbuki, Azərbaycan və Türkiyə münasibətlərində milli-mənəvi dəyərlər, dil yaxınlığı həmişə bütün maraqlardan öndə dayanıb.
Azərbaycan da Türkiyə kimi müsəlman dövlətidir və daim İslami dəyərlərə sədaqət nümayiş etdirib. Hətta Türkiyədən fərqli olaraq, Azərbaycanda dini toleratlıq bütün dünya ölkələrinə nümunə olacaq səviyyədə yüksəkdir. Dinin, məzhəbindən, təriqətindən asılı olmayaraq hər kəsin inancına hörmətlə yanaşılır. Eyni zamanda, Türkiyə kimi Azərbaycan da dünyəvi dövlətdir.
Yəni Azərbaycanda din dövlətdən ayrıdır. Ona görə də bütün insanlar və ölkələr, o cümlədən Türkiyə Cümhuriyyəti Azərbaycanın Konstitusiyasına, dövlət quruluşuna hörmət etməyə borcludur. Bu, həm də beynəlxalq hüququn tələbidir. Azərbaycan Türkiyənin Konstitusiyasına, suverenliyinə, dövlət quruluşuna hörmət etdiyi kimi oxşar yanaşmanı da qarşı tərəf nümayiş etdirməlidir.
Ancaq son günlər Türkiyədə ayrı-ayrı ultramühafizəkar dini qruplaşmaların nümayəndələri, bəzi dövlət rəsmiləri Azərbaycanda vahid məktəbli formasının tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarına qarşı çıxaraq informasiya müharibəsinə başlayıblar. Konsulluq və səfirlik qarşısında keçirilən aksiya, media və sosial şəbəkələrdə qanunsuz çağırışlar, əsassız ittihamlar bunun bariz sübutudur.
Bu kampaniyanın öndə gedən isimləri, orta əsrlər dövrünə xas təfəkkür tərzinin daşıyıcıları olan Abdullah İmamoğlu, Rıdvan Kaya, Oktay Saral, Əhməd Kərim Artürk, Hülya Şəkərçi kimiləri Azərbaycanın nəinki daxili işlərinə qarışır, hətta siyasi təxribat xarakterli çağırışlar edir. Abdulla İmamoğlunun Azərbaycanda “Rəşidi xilafəti” qurmaq çağırışı birbaşa Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, konstitusion quruluşuna və milli təhlükəsizliyinə sui-qəsddir.
Yaxın Şərqdə fəaliyyət göstərən müxtəlif terror təşkilatlarına bağlı olan bu insanlar Azərbaycanda hicabın qadağan edildiyinə dair dezinformasiya yayır, özlərini baş örtüyünün müdafiəçisi kimi təqdim etməklə cəmiyyətdə parçalanma yaratmağa çalışırlar.
Aydındır ki, Azərbaycanda onların iddialaırnın əksinə olaraq hicab qadağan edilməyib. Söhbət sadəcə vahid məktəbli formasının tətbiqindən gedir. Bu isə Azərbaycanın daxili işidir və nə Türkiyədə, nə İranda, nə də başqa bir ölkədə heç kimə İslam dininin adından nəyi isə başqa dövlətə diqtə etmək hüququ verilib.
Belə düşüncə sahibləri yalnız Azərbaycana deyil, son illər həm də Türkiyə üçün problemə çevriliblər. Mustafa Kamal Atatürk tərəfindən əsası qoyulmuş dünyəvi, demokratik Türkiyədə bu gün siyasi İslamçılığın prinsipləri dövlət siyasətinin əsaslarına, bir çox hallarda alətə çevrilib.
Atatürkün türk millətinə ərmağan qoyub getdiyi laik, yəni dünyəvi dövləti mollabaşlar, Türkiyəni xilafətə çevirmək istəyənlər, xurafatçılar, cadugərlər yönləndirməyə çalışır. İnsanlar dini, məzhəbsəl zəmində diskriminasiyaya məruz qalır. Azərbaycanda isə dindar və dünyəvi insanlar birlikdə yaşayır, bir-birinə tolerant münasibət göstərirlər.
Təkcə bu fərq Azərbaycana qarşı başladılan kampaniyanın hansısa çirkin məqsədlərini təxmin etmək üçün kifayətdir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin