Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 20 noyabr, AZƏRTAC
2026/2027-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı tibb bacısı (qardaşı) işi və mamalıq işi ixtisasları üzrə qəbul planı 99 faiz yerinə yetirilib.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələrinin müzakirəsinə həsr olunan tədbirdə bildirib.
Qeyd olunub ki, ən çox tələbə qəbul edilən ixtisaslar arasında mühasibat uçotu 10 min 502 nəfərlə, tibb bacısı (qardaşı) işi 8803 nəfərlə, maliyyə işi 6330 nəfərlə, bank işi 4421 nəfərlə, məktəbəqədər təhsil isə 4255 nəfərlə yer alıb.
Mamalıq işi ixtisası üzrə 3984, turizm işinin təşkili üzrə 3895, instrumental ifaçılıq (alətlər üzrə) üzrə 3811, sosial iş üzrə 3366, ailə və ev təhsili üzrə 3109 nəfər qəbul olunub.
İxtisas qrupları üzrə qəbul planının yerinə yetirilməsinin əvvəlki illərlə müqayisəsinə əsasən, 2026-2027-ci tədris ilində iqtisadiyyat və idarəetmə ixtisasları qrupunda göstərici 93 faiz, səhiyyə, rifah və xidmət ixtisasları qrupunda 93 faiz, texniki və texnoloji ixtisaslar qrupunda 89 faiz, təhsil ixtisasları qrupunda 87 faiz, humanitar və sosial ixtisaslar qrupunda 82 faiz, mədəniyyət və incəsənət ixtisasları qrupunda 78 faiz, kənd təsərrüfatı ixtisasları qrupunda isə 66 faiz olub.
S.Babayevanın təqdim etdiyi məlumatlarda xüsusi təyinatlı ixtisaslar üzrə qəbul göstəriciləri də əksini tapıb. 2024-2025-ci tədris ilində 830 plan yerinə 826 nəfər qəbul edilib və plan 100 faiz yerinə yetirilib. 2025-2026-cı tədris ilində 700 plan yerinə 1002 nəfər qəbul olunub, doldurulma göstəricisi 143,1 faiz təşkil edib.
2026-2027-ci tədris ilində isə xüsusi təyinatlı ixtisaslar üzrə 700 plan yerinə 993 nəfər qəbul edilib. Planın yerinə yetirilməsi 141,9 faiz olub.
Həmin tədris ilində Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecinə 350 plan yerinə 597, Naxçıvan Hərbi Kollecinə isə 350 plan yerinə 396 nəfər qəbul olunub.
Ümumilikdə, 2024-2025-ci tədris ilindən indiyədək xüsusi təyinatlı ixtisaslar üzrə 2230 plan yerinə 3040 nəfər qəbul edilib. Planın yerinə yetirilməsi 136,3 faiz təşkil edib.
Müxbir - Tünzalə Arazlı
Fotoqraf - Nicat Haşımov