Xüsusi təyinatlı qəhrəman

25.11.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xanımının çiynində əbədiyyət yolçuluğuna çıxan Adil

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaş­lara və itkin düşmüz soydaşlarımıza ehtiram əlaməti olaraq 2021-ci il, sentyabrın 27-də keçirilən yürüşdə nümayiş iştirakçıları əllərində qəhrəmanlarımızın fotolarını tutmuşdular. Ali Baş Komandan İlham Əliyevin əlində Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin şəkli vardı. O Adil İbrahimli ki, onun həyat yolu Vətən uğrunda mübarizə­sinə işıq tutur.

Xüsusi Təyinatlı Qüvvələrin baş ley­tenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Adil Asəm oğlu İbrahimli 1992-ci il sentyabrın 9-da Sumqayıtda doğulub. 1999–2008-ci illərdə Sumqayıt şəhərində 14 nömrəli tam orta məktəbdə 9-cu sinfi bitirib. 2008–2011-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) hərbin incəliklərini daha dərin­dən öyrənib. 

2015-ci ildə hərbi məktəbi bitirərək leytenant rütbəsi alıb. Sonra Azərbay­can Ordusunun Təlim-Tədris Mərkəzin­də zabit kimi təkmilləşmə kursu keçərək Azərbaycan Ordusunda xidmətə başlayıb. 2015–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Təlimlər zamanı göstərdiyi bacarıq və çevikliyi rəhbərliyin diqqətini cəlb edib və ona Xüsusi Təyinatlı Qüv­vələrin sırasında xidmət tövsiyə olunub. Adil XTQ-yə qəbul üçün müraciət edib. O, 2017-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında öncə kəşfiyyatçı, sonra isə baş kəşfiyyatçı olaraq xidmət edib. Adil XTQ-də fəaliyyəti zaman Türkiyədə “Komando” kursunun təlimlərində uğurla iştirak edib və kursu fərqlənmə ilə bitirib.

Azərbaycan Ordusunun baş leytenantı olan Adil İbrahimli İkinci Qarabağ mühari­bəsi zamanı savaşa Murovdağ silsiləsində döyüşlərdən başlayıb. Onların dəstəsinin ilk işi Murovdağda mühasirədə qalmış döyüşçülərimizi xilas etmək olub. Qrup, həmçinin Cəbrayılın, Füzulinin, Hadrutun, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 

Adil İbrahimli noyabrın 7-də Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər za­manı şəhid olub, noyabrın 20-də II Fəxri xiyabanda dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Adil İbrahimliyə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı veri­lib.

“Vətən uğrunda”, “Şuşanın azad olun­masına görə”, “Kəlbəcərin azad olunması­na görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Adilin həyat yoldaşı Nargül xanımın söylədiklərinə görə, onu 12 yaşından tanı­yıb. Evlilikləri cəmi 3 il olsa da, sevgiləri uzun bir yol qət edib. Adil işində peşəkar olduğu kimi, həm də gözəl ailə başçısı olub. Böyüklə böyük kimi, kiçiklə kiçik kimi davranıb. Həyat elə gətirib ki, qızı ilə cəmi 12 gün vaxt keçirə bilib.

Döyüş yoldaşları onun cəsarətindən, qızğın döyüşlərdəki şücaətindən, son damla qanınadək vuruşmasından ürək­dolusu danışırlar. O, Murovdağ uğrunda gedən döyüşlərdə, Suqovuşanın, Füzuli­nin, Hadrutun, Xocavəndin, Şuşanın azad olunmasında iştirak edib. Son tapşırığı Şuşada olub və yaralansa da böyük şücaət göstərib. Noyabrın 7-də şəhidlik şərbətini dadıb.

Adil həyat yoldaşı Nargüllə son dəfə oktyabrın 26-da danışıb. Nargül qardaşı Elton Qənbərlinin şəhid olduğunu ağla­ya-ağlaya bildirəndə Adil deyib: “Elton şə­hid olduğu üçün ağlama, o, ən uca məqam­dadır. Sən ona görə ağla ki, mən sağam”. Nargül ona şəhid olarsa ağlamayacağına söz verir. Və son məqamda Adilin cənazə­sini çiyinlərində daşıyanda belə göz yaşla­rını saxlayır, məğrur dayanır.

Adilin əmisi, HHQ-nin şöbə rəisi, pol­kovnik Elman İbrahimov deyir ki, bütün şəhidlərlə fəxr edirəm. Onların qanı yerdə qalmayıb. Biz bütün dünyada onların sayə­sində alnıaçıqığ. İndi Adildən geriyə iki övladı və xatirələri qalıb. Ailə üzvləri onu məhz o xatirələrlə yaşadacaqlar. 

Vətən müharibəsində ön xətdə olan, düşmənə qan udduran Adil İbrahimli atası ilə sonuncu dəfə oktyabrın 30-da danışıb. O, hər şeyin yaxşı olduğunu, tezliklə qa­lib gələcəklərini söyləyib. Atası I Qarabağ müharibəsi qazisi Asəm İbrahimli deyir ki, Adil orduda Hikmət Mirzəyevin yanında elə tərbiyə almışdı ki, heç nəyi bizimlə bölüşməz, hara, nə vaxt, neçə müddətə getdiklərini bildirməzdi. O qəhrəman oğul­ların sayəsində 30 illik həsrət sona çatdı, işğal altında olan torpaqlarımız azadlığa qovuşdu. 

Mən fəxr edirəm ki, Vətən üçün elə bir oğul böyütmüşəm. Adil barədə hər zaman gözəl sözlər deyilirdi. Hikmət müəllimlə görüşəndə mənə dedi ki, sağ ol ki, belə igid böyütmüsən. Döyüş yoldaşları onun igidliyindən danışır, deyirdilər ki, Adil dö­yüş meydanında kiminsə yaralı qalmasına imkan vermir, gecə ilə gedib onu çıxarar, gətirib xəstəxanaya yerləşdirərdi. Adil belə igid oğlan idi.

Dövlətimiz qəhrəman şəhidin xatirə­sini əziz tutur. Sumqayıt şəhərində Adil İbrahimlinin adına yaşadığı ərazidə bulaq tikilib. Bundan başqa, Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbə Vətən Mühari­bəsi Qəhrəmanı Adil İbrahimlinin adı ve­rilib.

Zərifə HÜSEYNOVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью