XXI əsrin Zəfər ünvanı: Azərbaycan fenomeni

09.11.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

8 Noyabr – Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda Prezident+Ordu+Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir.

Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik. Bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.

Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda, Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri “Miatsum” ideologiyası – İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır. Eyni məkanda “Ermənistan-diaspor-artsax” ideoloji triadası da yer almışdır.

Artıq 6 ildir ki, müzəffər Azərbaycan Ordusu xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.

Hələ 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğal ilə barışmayacağını bütün dünyaya nümayiş etdirmişdi

Tarixi Zəfər Gününü şərtləndirən ciddi əsaslar vardır. Bu qələbə 30 ilə yaxın müddətdə formalaşmış dövlət strategiyasının, güclü iqtisadiyyatın, müasir ordunun, milli birliyin, düzgün diplomatik siyasətin və siyasi iradənin məntiqi nəticəsi idi. Xüsusilə müzəffər Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan “Zəfər doktrinası” bu prosesdə həlledici rol oynadı. Bu “doktrina”nı şərtləndirən aşağıdakı amillərdir:

1. Güclü dövlət və iqtisadi potensial – qələbənin maddi bazasını təşkil etdi. Başqa sözlə, Azərbaycanın hərbi qələbəsinin arxasında, ilk növbədə, müstəqilliyin ilk illərindən etibarən formalaşdırılan iqtisadi potensial dayanırdı. Prezident İlham Əliyevin təbirincə desək, “İqtisadi güc topladıq və iqtisadi müstəqillik əldə etdik. Əgər iqtisadi müstəqillik olmasaydı, imkanlarımız olmasaydı, biz müharibəni hansı vasitələrlə aparacaqdıq? Ona görə iqtisadi müstəqillik və sürətli inkişaf bizim Qələbəmizi yaxınlaşdırdı”.

2003–2020-ci illər Azərbaycanın iqtisadi imkanlarının genişləndiyi, dövlətin maliyyə resurslarının artdığı mərhələ oldu. Faktların dili ilə desək, 2003-cü ildə Azərbaycanın ÜDM-i 7,1 milyard manat, dövlət büdcəsinin xərcləri isə 1,2 milyard manat təşkil edirdisə, 2020-ci ildə ÜDM 72,6 milyard manata, büdcə xərcləri isə 26,4 milyard manata yüksəlmişdi. Bu, sadəcə iqtisadi statistika deyildi. Bu rəqəmlər güclü dövlət quruculuğunun, iqtisadi potensialın və müdafiə qabiliyyətinin formalaşdırılmasının göstəricisidir. Məhz bu iqtisadi təməl Azərbaycanın hərbi gücünün artırılmasına və tarixi Zəfərin əldə edilməsinə mühüm töhfə oldu.

2. İqtisadi gücün hərbi gücə çevrilməsi Zəfərin fundamental şərtlərindən biri idi. Dövlət təkcə silah almaq imkanına malik olmadı, həm də ordunun uzunmüddətli təminatını, texniki modernləşdirilməsini və müharibə şəraitində logistikasını təşkil edə bildi. Belə ki, əgər 2003-cü ildə Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri 177 milyon dollar idisə, 2020-ci ildə bu göstərici 2 milyard 238 milyon dollara yüksəldi. Nəticədə, hərbi xərclər 17 il ərzində nominal dollar ifadəsində 12,7 dəfə artdı.

Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına əsasən, 2020-ci ildə Azərbaycanın hərbi xərcləri 2, 238 milyard dollar idisə, bu göstərici Ermənistanda cəmisi 634 milyon dollara bərabər idi. Başqa sözlə, hərbi baxımdan Azərbaycan Ermənistanı 3,53 dəfə üstələyirdi.

Daha bir diqqətçəkən fakt silah idxalı ilə bağlıdır. 2011–2020-ci illərdə Azərbaycanın silah idxalının həcmi Ermənistanın müvafiq göstəricisindən 8,2 dəfə çox olmuşdur.

Azərbaycan sadəcə daha çox vəsait xərcləmədi. O, müasir müharibənin tələblərinə uyğun silahlanma modelini seçdi. Dronlar, dəqiq idarə olunan sursatlar, artilleriya sistemləri, elektron mübarizə və kəşfiyyat imkanları döyüş meydanında ciddi üstünlük yaratdı.

3. Siyasi iradə və Ali Baş Komandanın strateji rəhbərliyi qələbənin təminatında həlledici amil oldu.

Heç şübhəsiz, hərbi potensialın mövcudluğu qələbə üçün zəruridir, lakin kifayət deyildir. Həmin potensialı düzgün zamanda, düzgün məqsəd və strategiya ilə hərəkətə gətirən siyasi iradə xüsusi əhəmiyyət kəsb edir.

Bu baxımdan üç məqam xüsusi olaraq diqqəti cəlb edir:

Birincisi, 2003-cü ildən etibarən dövlətin hərbi və iqtisadi gücünün ardıcıl artırılması.

İkincisi, beynəlxalq danışıqlarda Azərbaycanın ərazi bütövlüyü prinsipindən geri çəkilməməsi.

Üçüncüsü, 2020-ci ildə hərbi əməliyyatların vahid siyasi və hərbi strategiya əsasında idarə olunması.

Məsələyə bu prizmadan yanaşdıqda, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi müdrik siyasi rəhbərliyi, müharibə dövründə fəal diplomatik və informasiya fəaliyyətini paralel aparması qələbəni şərtləndirən olduqca mühüm amilə çevrildi.

Necə deyərlər, qələbə müharibə başlayanda hazırlanmadı; müharibə başlayanda illərlə hazırlanmış dövlət potensialı hərəkətə gətirildi.

4. Vətənpərvərlik Zəfərin mənəvi dayaqlarından biri oldu. Azərbaycanın Zəfəri yalnız silahın, texnologiyaların və hərbi strategiyanın deyil, həm də illərlə yetişdirilmiş vətənpərvər gəncliyin tarixidir.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi uğuru ilə yanaşı, uzun illər ərzində formalaşmış milli-mənəvi dəyərlər, vətənə bağlılıq, dövlətçilik düşüncəsi və vətənpərvərlik tərbiyəsi də mühüm rol oynadı. Ali Baş Komandan cənab İlham Əliyevin bu xüsusda fikirləri ibrətamizdir: “Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı, müharibənin nəticələri necə ola bilərdi”.

Bir həqiqəti unutmamalıyıq: Zəfərimizin qəhrəmanları tarix yazdılar, indi əsas vəzifə həmin tarixin davamını yazacaq nəsil yetişdirməkdir. Dünən Vətən uğrunda səngərə gedən gənclik bu gün Vətənin quruculuğunda, elmin, texnologiyaların, iqtisadiyyatın inkişafında ön sıralarda dayanmalıdır.

Torpağı azad etmək qəhrəmanlıqdırsa, onu daha güclü, daha firavan və daha təhlükəsiz dövlətə çevirmək də ən azı həmin qəhrəmanlıq qədər böyük vətəndaşlıq missiyasıdır.

5. Azərbaycanın ən mühüm üstünlüklərindən biri beynəlxalq hüquq baxımından legitim mövqeyə malik olması idi.

BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə qəbul etmişdi. Bu sənədlər Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq hüquqi mövqeyinin legitim əsasını təşkil edirdi.

Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışmış, lakin nəticə əldə edilmədikdə BMT Nizamnaməsinin 51-ci maddəsində əks olunmuş özünümüdafiə hüququ çərçivəsində ərazi bütövlüyünü bərpa etmək üçün hərbi gücdən istifadə etmişdi.

6. Azərbaycanın Türkiyə ilə münasibətləri Zəfərin geosiyasi və hərbi-siyasi amillərindən biri idi.

Bu münasibətlər heç də 2020-ci ildə yaranmamışdı. Onun əsasında uzun illər ərzində formalaşmış strateji tərəfdaşlıq, hərbi əməkdaşlıq, birgə təlimlər və siyasi həmrəylik dayanırdı.

Türkiyənin rolu Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq siyasi dəstəkdə, hərbi təcrübə və müasir döyüş konsepsiyalarının mənimsənilməsində, müdafiə sənayesi sahəsində əməkdaşlıqda, beynəlxalq informasiya məkanında Azərbaycanın mövqeyinin müdafiəsində və regionda siyasi qüvvələr nisbətinin dəyişməsinə təsirdə özünü göstərdi.

2020-ci il sentyabrın 27-də müharibə başlayandan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın yanında olduğunu açıq şəkildə bəyan etdi.

Azərbaycan regional müttəfiqlik münasibətlərini dövlət strategiyasının mühüm elementinə çevirmişdi. Türkiyə ilə strateji müttəfiqlik Azərbaycanın diplomatik mövqeyini gücləndirən amillərdən biri oldu.

7. Zəfərin əldə edilməsində milli birlik, xalq-ordu həmrəyliyi və mənəvi-psixoloji üstünlük xüsusi çəkiyə malik idi.

Daha dəqiq ifadə etsək, cəmiyyətin müxtəlif təbəqələri vahid məqsəd ətrafında birləşdi, orduya mənəvi dəstək geniş ictimai səfərbərliyə çevrildi, xaricdə yaşayan azərbaycanlılar informasiya və ictimai diplomatiya fəaliyyətində fəallıq göstərdilər, könüllülərin və hərbi xidmətə çağırılanların iştirakı dövlətin səfərbərlik imkanlarını nümayiş etdirdi.

Bu həmrəyliyin kökündə 1990-cı illərin məğlubiyyət psixologiyasını aradan qaldırmaq, torpaqların azad edilməsi və tarixi ədalətin bərpası arzusu dayanırdı.

Xüsusilə Ermənistanın uzun illər ərzində yaratdığı müdafiə istehkamlarının müasir texnologiyalar qarşısında gözlənilən nəticəni verməməsi mühüm amil oldu.

Əslində, Ermənistan əvvəlki müharibənin şərtləri ilə yeni müharibəyə hazırlaşırdı. Azərbaycan isə müasir müharibənin şərtlərinə uyğun ordu qurmuşdu.

8. Şuşanın azad edilməsi Zəfərin hərbi və siyasi kulminasiyası oldu.

Şuşanı əhəmiyyətli edən amillər, ilk növbədə, coğrafi mövqeyinə görə strateji üstünlüyü, Qarabağın mühüm siyasi, mədəni və tarixi mərkəzi olması, Xankəndi və ətraf ərazilərin təhlükəsizlik vəziyyətinə birbaşa təsir göstərməsi və Şuşanın itirilməsinin Ermənistanın hərbi-siyasi mövqeyini ciddi şəkildə zəiflətməsi reallığı ilə bağlı idi.

Əməliyyatın ən diqqətçəkən xüsusiyyəti şəhərin mürəkkəb dağlıq relyefdə, yaxın məsafəli döyüş şəraitində azad edilməsi idi.

Azərbaycan əsgərlərinin sıldırım qayalıqlardan keçərək şəhərə daxil olması yüksək döyüş hazırlığının və fədakarlığın göstəricisi idi.

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Zəfər Gününün məhz həmin tarixdə qeyd olunmasının da əsas səbəbi oldu.

Şuşanın azad edilməsi müharibənin gedişində həlledici dönüş yaratdı və iki gün sonra üçtərəfli bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Nəticədə, noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin hərbi-siyasi nəticələrini şərtləndirdi.

44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kənd azad edilmişdi. Sonrakı üçtərəfli bəyanat əsasında Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarıldı.

Bu Qələbənin ən mühüm tərəfi yalnız hərbi nəticə deyildir. Burada, ilk növbədə Ali Baş Komandanın sərkərdəlik istedadı, Azərbaycan əsgərinin peşəkarlığı, zabitlərin komandanlıq bacarığı, xalqın birliyi və dövlətin siyasi iradəsi vahdətdə olaraq tarixi Zəfəri şərtləndirdi.

Xüsusilə şəhidlərimizin və qazilərimizin fədakarlığını xüsusi vurğulamaq lazımdır. Zəfər tariximiz onların qanı, canı və qəhrəmanlığı ilə yazılmışdır.

Zəfər tariximizin növbəti mərhələsi Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlıdır.

44 günlük müharibədə Azərbaycan Ordusu torpaqlarımızı azad etdi. Bu gün isə qurucularımız, mühəndislərimiz, müəllimlərimiz, həkimlərimiz və öz doğma yurduna qayıdan insanlarımız həmin torpaqlarda yeni həyat qururlar. Deməli, Zəfər yalnız keçmişimizin deyil, gələcəyimizin də adıdır.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işləri bir neçə istiqamətdə həyata keçirilir.

Birincisi, infrastrukturun qurulması. Avtomobil yolları, tunellər, körpülər, hava limanları, elektrik və su təchizatı sistemləri yaradılır. Füzuli, Zəngilan və Laçın hava limanları bu prosesin mühüm nümunələridir.

İkincisi, yaşayış məntəqələrinin bərpası. Şuşa, Ağdam, Füzuli, Zəngilan, Laçın, Cəbrayıl və digər ərazilərdə yaşayış, sosial və ictimai infrastruktur qurulur.

Üçüncüsü, insanların doğma torpaqlarına qayıdışı. Böyük Qayıdış proqramının əsas məqsədi təkcə evlərin tikilməsi deyil, insanların təhlükəsiz, layiqli və davamlı yaşayışının təmin edilməsidir.

Dördüncüsü, iqtisadi reinteqrasiya. Qarabağ və Şərqi Zəngəzur yalnız bərpa olunan ərazilər deyil, ölkənin gələcək iqtisadi inkişafına töhfə verəcək yeni iqtisadi məkan kimi formalaşdırılır.

2021-ci ildə indiyədək bu məqsədlər üçün 28 milyard manat vəsait ayrılmışdır. 96 min nəfər soydaşımız Qarabağ və Şərqi Zəngəzura qayıdaraq orada yaşayır, işləyir və təhsil alır. 48 yaşayış məntəqəsi istifadəyə verilibdir.

Bu rəqəmlər göstərir ki, söhbət sadəcə dağıdılmış şəhərlərin bərpasından getmir. Söhbət yeni yaşayış məntəqələrinin, iqtisadi fəaliyyətin, sosial xidmətlərin və müasir infrastrukturun yaradılmasından gedir.

Burada bir məsələni də xüsusi qeyd etmək lazımdır: minalar Böyük Qayıdışın qarşısında duran ən ciddi humanitar və təhlükəsizlik problemlərindən biridir. 300 min hektardan artıq ərazinin təmizlənməsi bu işin miqyasını göstərir.

44 günlük müharibədən sonra proses yalnız quruculuqla məhdudlaşmadı.

2023-cü ilin sentyabrında Qarabağda keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan bütün ərazisi üzərində suverenliyini tam bərpa etdi. Bununla da postmünaqişə dövrünün yeni siyasi və hüquqi reallığı formalaşdı.

Bu reallıqlar özü də yeni strateji vəzifələr irəli sürür. Bəs onlar hansılardır?

1. Azərbaycan-Ermənistan münasibətlərinin davamlı sülh əsasında normallaşdırılması.

2. Regionda kommunikasiyaların və nəqliyyat əlaqələrinin açılması.

3. Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına tam inteqrasiyası.

4. Qayıdan əhalinin məşğulluğunun və sosial rifahının təmin edilməsi.

5. Minalardan təmizlənmə prosesinin sürətləndirilməsi.

6. Azad edilmiş ərazilərdə ekoloji tarazlığın və tarixi-mədəni irsin qorunması.

Bir Azərbaycan vətəndaşı olaraq hər birimizin borcu bu tarixi Qələbəni yalnız yaddaşlarda yaşatmaq deyil, onu güclü, inkişaf edən, təhlükəsiz və firavan Azərbaycan naminə davamlı nəticələrə çevirməkdir.

Bu yolda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayırıq.

Yaşasın Müzəffər Ali Baş Komandan!

Yaşasın rəşadətli Azərbaycan Ordusu!

Yaşasın Azərbaycan xalqının birliyi!

Zəfər Günümüz mübarək olsun!

Elman NƏSİROV,
Milli Məclisin deputatı,
siyasi elmlər doktoru, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью